Reallıq və ölkədəki son durum bir daha sübut edir ki, AXCP
sədri Razi Nurullayevin irəli sürdüyü bütün təkliflər, fikirlər öz təsdiqini
tapır. Ona görə də hökumət radikal müxalifəti müxalifət kimi qəbul etməkdənsə
sivil mübarizə apararaq real təkliflərlə çıxış edən müxalifət partiyalarını
dinləməlidir. Əli Kərimli kimi radikal və qaragüruhçu şəxslərə əhəmiyyət
verdikcə onlar da özlərini əhəmiyyətli sayırlar və daha da cığallaşırlar. Əvvəla,
onu hələ də AXCP sədri kimi təqdim etmək doğru deyil. Çünki məlum Qurultaydan
sonra onun sədrliyini təsdiq edən heç bir sənəd, hüquqi təsdiq vasitəsi
qalmamış, əsl AXCP sədri kimi Razi Nurullayev qəbul edilmişdir. Prezident
seçkilərində də Razi Nurullayevin təbliğat kampaniyası zamanı mötəbər mətbuat
orqanları da haqlı olaraq Razi Nurullayevi sədr kimi göstərmişlər. Reallıqda bu
məsələ hərçənd ki, hüquqi cəhətdən tam dəqiqləşmiş olmasa da belə, ictimaiyyət
artıq AXCP sədri kimi Razi bəyi qəbul edir. Həm apardığı mübarizə, fəaliyyət,
Elçibəy ideyalarına sədaqət, həm də Əli Kərimlinin bu ideyalardan uzaqlaşması,
uzun illərdir kürsü hərisliyi, anti-demokrat idarəçiliyi, partiyanın çoxsaylı
qruplara - partiyalara parçalanmasına rəvac verməsi, bu səbəbdən də xalqın AXCP
ə Elçibəy dövründəki rəğbətinin azalması əsas verir ki, Kərmlinin artıq mənəvi
cəhətdən bu partiyaya iddia etməsi siyasi hərislikdən savayı bir şey deyil. Ən
pisi də odur ki, Əli Kərimliyə zahirdə düşmən olan iqtidar mənsubları və
mediası hələ də onu AXCP sədri kimi təqdim edirlər. Bu artıq o düşüncəni
yaradır ki, demək onlar bu partiyanı da Əli Kərimliyə mənsub hesab edərək onun
mənfi obrazı ilə bu siyasi təşkilatı eyniləşdirirlər. Əli Kərimlinin hələ də
AXCP sədri kimi təqdim olunmasında maraqlı olanları başa düşmək olmur. Bunların
fonunda da digər radikallar sivil müxalifətə hücuma keçir və nəticə etibarı ilə
də iqtidarın qəbul etdiyi müxalifət Əli Kərimlinin dəstəsi olmuş olur. Bəs onda
iqtidarın arzuladığı normal, sivil, doğru-əsl müxalifət hansıdır? İqtidar
müxalifəti parçalamaq və üz-üzə qoymaq siyasətinə yenidən baxmalıdır. Çünki
müxalifətin parçalanması bilavasitə xalqın parçalanmasına xidmət edir. Xalqın
parçalanması isə dərin fəsadlara yol aça bilər. İqtidar radikal müxalifəti lənətləməklə
yanaşı sivil və normal müxalifəti də dışlayır. Parçalanmış müxalifətin
arxasında gələn xalq nümayəndələrinin etiraz müxtəlifliyi heç də demokratik fərqli
düşüncə tərzindən doğmur. Bir-birinə zidd və rəqib qoyulmuş müxalif
partiyaların didişməsindən təngə gəlib lidersiz formada öz daxili etirazlarını
ifadə etməyə qalxan kütlənin sayı artsa idarəolunmaz xaos baş verə bilər.
Narazı kütlə də kiməsə inanmalıdır. Son aksiyalarda biz gördük ki, etirazçılar
fərqli-fərqli istəklər, tələblər irəli sürürdülər və onlar heç də Əli Kərimli və
onun kimi özlərini lider sayanların çağırışı ilə çıxmış onun dəstəkçiləri
deyildilər. Ona görə də sivil müxalifətin inkişafına imkan verilməli, bir
masaya oturulmalıdır. Bu məsələni Razi Nurullayev dəfələrlə səsləndirib.
İqtidar nümayəndələri təkəbbür taxtından düşüb səmimiyyət nümayiş etdirməli, xalqın
dilində danışan, xalqın ürək sözünü deyən müxalifətlə danışmalıdır. AXCP sədri
Razi Nurullayevin indiyədək onlarla təklifini hökumətin reallaşdırdığının
şahidi olduq. Seçkiləri baykot edənlərdən fərqli olaraq xalqın rəyinə müvafiq
olaraq seçkilərdə iştirak edirik. Sivil və müasir dünya standartlarına uyğun
mübarizə aparırıq... Bu halda bizə ögey münasibət sərgiləyənlər Əli Kərimlini
AXCP sədri deyə təqdim edərək, hələ az qala ümumi müxalifətin başına keçmiş
kimi göstərməyə çalışıb ondan qəhrəman obrazı düzəldirlər. Məhz onu müxalifət
kimi təqdim etməklə xalqın ümumilikdə müxalifətə ikrahını formalaşdırılar.
Sonra da deyirlər ki, ölkədə sağlam müxalifət yoxdur. Ona görə də hesab edirəm
ki, iqtidar sivil, normal müxalifətlə bir masaya oturmalı, yeni düşüncəli,
müasir fikirli demokratik qüvvələrlə fikir mübadiləsi aparmalıdır. Əks halda
sabitqədəm müxalifətin fəaliyyətinə mane törədən Əli Kərimlilərə rəvac verənlər
xalqın müxalifətə inamını zəiflədəcək. Bu da həm xalqın, həm müxalifətin, həm də
hökumətin aparmaq istədiyi islahatların ziyanına olacaq. Ona görə də iqtidar
radikal və yarıtmaz dəstəylə uğraşmaqdansa, təkliflərini nəzərə alıb icra
etdiyi müxalifət zümrəsini reallıqda heç bir qısqanclıq etmədən qəbul edərək
danışıqlara getməli, islahatlarda kadr məsələlərində və digər real işlərdə nəzərə
almalıdır.
Tural İrfan
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий