Поиск по этому сайту

суббота, 30 апреля 2022 г.

Qanuniləşdirilən könüllü pul yığımı - ləğv edə bilmədiyiniz rüşvətin gizlədilməsidir. Mən belə anladım Emin müəllim...


 

Yüksək dövlət postlarına gənclərin təyinatı ilə yaranmış ümidlərimiz təhsil naziri Emin Əmrullayevin timsalında da məhv olur. Emin müəllim dünən çıxışında məktəblərdə pul yığımına növbəti dərs ilindən pilot lahiyə kimi tətbiq ediləcəyini deyib. Bu açıqlamanı şərh etmək istəməzdim çünki, nə cəmiyyətin fikrini sayan var, nə də nəticələri hesablayan. İmam Əli demişkən, söz də Allahın nemətidir-sözü də israf etmək olmaz. Əgər bizi dinləyən yoxdursa, heç danışmağa da dəyməz.

Ancaq, bir haşiyə çıxım, ümumiyyətlə belə bir yanaşma var ki, əgər insan rəhbər post tutursa - deməli ağıllı insandır və onun dedikləri, qəbul etdiyi qərarlar xeyirlidir. Təəssüf ki, bizdə əksər hallarda əksinədir. Yüksək vəzifələrə ancaq "elit" nəslin nümayəndələri təyin olunur, təhsili, ağılı, bacarığı, milliliyi heç də önəm daşımır. Məgər Emin Ərullayev bilmir ki, təhsil strateji sahədir, əhalinin təhsili dövlətimizin bir nömrəli məqsədi və vəzifəsidir. Belə açıqlamalardan sonra düşünürsən ki, təhsilimizdə "rüşvəti" könüllülük adı ilə maskalamaq istəyənlərin məqsədi düşünə bilən cəmiyyət yox, kütlə yaratmaqdır.
Ya da, özünü ən yaxşı "nümunəvi" tərəfdən göstərən Sahil Babayev yolunu davam etdirən Emin Əmrullayev məktəblərdə pul yığımına "könüllülük" donu geyindirməklə büdcəyə qənaət etmək niyyətindədir. Əgər belə olmasaydı ki, Emin Əmrullayev məktəblərin maddi təminatını valideyinlərin belinə yıxmağa çalışmazdı. Həm də, qanuniləşdirilən könüllü pul yığımı - ləğv edə bilmədiyiniz rüşvətin gizlədilməsidir. Mən belə anladım Emin müəllim.

MCP SŞ-nın üzvü, hüquqşünas

среда, 27 апреля 2022 г.

Ermənistanda etirazlar - Paşinyanı devirə bilcəklərmi? Azərbaycanla razılaşmaların taleyi necə olacaq?

 


Ermənistanda etirazlar davam edir. Etirazlara və ümumiyyətlə Ermənistanda baş verən proseslərə düzgün qiymət vermək üçün ilk öncə unutmamalıyıq ki, Azərbaycanın möhtəşəm qələbəsindən sonra faktiki kapitulyasiya aktına imza atmış Ermənistan Baş naziri Nikol Paşinyanın növbədənkənar keçirilmiş seçkidə qələbəsi faktı özü onu sübut edir ki, erməni cəmiyyəti bütövlükdə Qarabağ yükündən azad olmaq niyyətindədir və Nikol Paşinyana dəstək verib. Maştabına görə Ermənistanda həmin dövrlərdə keçirilən etiraz aksiyaları nisbət etibarı ilə daha böyük idi. Ancaq bu halda da Paşinyan hakimiyyətini qoruya bildi. Həmin dövrlərdə etiraz aksiyalarına erməni cəmiyyəti əsasən öz istəyi ilə çıxmışdı.

Ancaq indi vəziyyət daha fərqlidir, etirazlar kənardan daha doğrusu Rusiya tərəfindən idarə olunur. Əvvəla qeyd edim ki, Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə son 6 aprel 2022-ci il tarixli Brüssel görüşündən sonra ənənəvi olaraq Rusiyanın proseslərə müdaxiləsi gözlənilən idi. Brüssel görüşündən dərhal sonra Nikol Paşinyan və İlham Əliyev arasında əldə edilmiş razılıq sözsüz ki, Moskvanı narahat etməyə bilməzdi və buna görə də Kreml hakimiyyəti Paşinyanı Moskvaya təcilli çağıraraq tələsik, aprelin 19-da Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təşkil edildi. Putin əmin olmaq istəyirdi ki, Ermənistan, Azərbaycan, Xankəndi bağlı Rusiyanın istəkləri Paşinyan tərəfindən yerinə yetiriləcəkdir. Paşinyan - Putin görüşü öncəsi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Paşinyana telefon zəngi vəziyyətin mürəkkəbliyini əyani göstərir. Sözsüz ki, Şarl Mişel də Nikol Paşinyanla Brüsseldə əldə edilmiş razılaşmanın Putin tərəfindən pozulacağı ehtimalı ilə onunla bir daha danışmaq məcburiyyətində qalıb.

Əminliklə demək olar ki, Putin Paşinyandan 19 aprel Moskva görüşündən istədiyini ala bilməyib, yaxud Putin artıq Paşinyanın ona verdiyi vədlərinə əməl etməyəcəyinə əmindir. Məhz bundan sonra Rusiya Paşinyanı devirmək üçün proseslərə əlavə güc qatıb. Moskva görüşündən dərhal sonra Ermənistan sərhədçilərinin Azərbaycana Zəngilan istiqamətində təxribatı sözsüz ki, Moskvanın sifarişidir. Ermənistanın sərhədlərinin qorunması və nəzarəti Rusiyanın əlində olması faktı da təxminimizin əsalı olduğuna inamı artırır. Paşinyanın Moskva səfərindən sonra etirazların güclənməsinə səbəb olan Qarabağımızla bağlı açıqlamaları Moskva ilə mühüm razılaşmanın əldə edilməməsini göstərən mənzərədir. Aksioma formasında özünü sübut edən fakt budur ki, Rusiya heç bir halda Azərbaycan - Ermənistanı münasibətlərinin normallaşmasında maraqlı ola bilməz. Rusiyanın regionda mövcudluğu yerlərdə konfliktlərin mövcydluğundan keçir. Deməli, Paşinyan hakimiyyəti bu mövcudluğa təhlükə yaradır. Ona görə də, Paşinyanın devrilməsi Rusiyanın maraqlarının təmin edilməsi deməkdir.

Hal-hazırda İrəvanda keçirilən etiraz aksiyasının liderləri açıq-aşkar Rusiya yönümlü fiqurlardır. Köçaryan-Sarkisyan tandemi ümumən oynanılmış kartlardır və ermənilərin bu cütlüyə münasibəti nifrətə bərabərdir olduğu kimi də, imkanları və dəstəkçiləri də yox səviyyəsindədir. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan artıq özü etiraf etdiyi kimi siyasətçi deyil və təsirli gücə malik ətrafı yoxdur. Rusiya Ermənistanda sarsılmış dayağının bərpası ümidi ilə hər kəslə razılaşmaq məcburiyyətindədir. Ermənistan Milli Məclisi spikerinin müavini, Daşnaksutyun partiyasından olan üzvü İşxan Saqatelyan nə qədər gizlətsə də Rusiyanın sifarişini həyata keçirir. İsxan Saqatelyan yeni siyasi fiqur kimi müəyyən tərəfdarlar əldə edə bilib, ancaq etirazların növbəti günlərində səngiməsi ehtimalı da var. Paşinyanın siyasi iradəsi, dözümü və qətiyyəti olmalıdır ki, bu təzyiqə davam gətirsin. Maraqlı məqamlardan biri də budur ki, Rusiyanın Ukraynada məğlubiyyəti həm də Paşinyan hakimiyyətinin işinə yararlıdır və çox güman ki, Paşinyan da bu amilə diqqət yetirir.

Hər-bir halda kimin Ermənistanda hakimiyyətdə olmasından asılı olmayaraq Azərbaycan öz siyasi hədəflərini realaşdıracaq. Ancaq erməni cəmiyyəti də anlamalıdır ki, revanşist ideyaları ilə Azərbaycana meydan oxumaq 44 günlük müharibənin artıq Ermənistan ərazisində görmək arzusuna bərabərdir. Paşinyan isə bu ssenarini dayandıra biləcək yeganə şəxsdir və çox güman ki, son anda erməni revanşistlər bunu dərk edəcəklər.


Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, politoloq

27.04.2022

 

 

пятница, 22 апреля 2022 г.

Qafqazı yox, Putin Rusiyanın taleyini düşünsə yaxşıdı

 


Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putin ilə növbəti Moskva görüşünü müzakirə etmək əslində aksioma kimi qəbul edilmiş qənaəti təkrarlamaqdan başqa bir şey deyil.

Məlum idi ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel görüşündən dərhal sonra Putin hökmən Brüssel görüşündən əldə edilmiş nəticəni pozmaq üçün hərəkət edəcək. Avropada Paşinyanla İlham Əliyev arasında hər görüşdən sonra Rusiya məhz belə bir addım atıb ki, Ermənistan Azərbaycan yaxınlaşmasını əngəlləsin. Rusiyanın Cənubi Qafqaz siyasətini anlamaq, proqnoz vermək üçün, necə deyərlər alim olmaq lazım deyil. Rusiyanın Cənubi Qafqazda mövcudluğu ancaq konfliktlərin mövcudluğundan keçir və Rusiya da heç bir halda heç bir konfliltin həllində maraqlı ola bilməz.

 

O ki, qaldı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə, əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, Rusiya-Ukrayna (Qərb) müharibəsi bitənədək sülh müqavilənin bağlanması prosesini uzatmaq böyük hədəflərimiz üçün milli maraqlarımıza uyğundur. Yeri gəlmişkən Xankəndi və ətraf ərazilərimizlə bağlı o qədər narahatçılığa səbəb yoxdur. Hər şey Azərbaycanın planı üzrə gedir.

Qafqazda sülhə təhlükə Rusiyanın özüdür və Ermənistanla sülh müqaviləsi Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir yəni ki, Ermənistanla sülh müqaviləsi Rusiyanı Azərbaycana qarşı dağıdıcı siyasətindən çəkindirən deyil. Əslində sülh müqaviləsində Ermənistan daha maraqlı tərəfdir, ona görə ki, SSRİ vaxtı qanunsuz olaraq Azərbaycan alınaraq Ermənistana verilmiş torpaqlara hüquq əldə etmiş olur. Azərbaycan dövləti sülh danışıqlarında maraqlı görünməsi vacibdir və bu realıqda Azərbaycanın siyasi, diplomatik manevr imkanlarını genişləndirir.

Emənistan Azərbaycan arasında sülh müqaviəsinin mümkünlüyü və Putinin buna mane olmaq istəyi əslində Azərbaycanın maraqlarına uyğundur. Çünki, Rusiya -Ukrayna (Qərb) müharibəsinin Ukrayna və Qərb üçün uğurlu sonluğu mütləqdir və Azərbaycana bu sonluğü gözləmək isə olduqca vacibdir. Odur ki, Putinin Paşinyana Moskva tapşırığı həm də Azərbaycanın daha böyük strateji hədəflərini yaxınlaşdıran şərait yaradır. Putinin özünü ağıllı bilməsi ilə yanaşı Ukrayna inadı bizim işimizə yarayır.

 


Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, politoloq

20.04.2022

Şuşa dünya azərbaycanlılarını Vətən naminə birləşdirəcək

 



Dünya Azərbaycanlıları Qurultayının türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilməsinin həm simvolik, həm də siyasi hədəfləri var. Qurultay dünya azərbaycanlılarının, diaspor təşkilatlarının Şuşa mənəviyyatının ətrafında sıx birləşməsinə müsbət təsir edəcək. Şuşanın əzəməti diaspor təşkilatlarının vətən sevgisini daha da alovlandıracaq.

 

Diaspor təşkilatları faktiki olaraq dövlət və xalq maraqlarını təmsil və təmin edən ən effektli vasitədir. Hətta deyərdim ki, dövlət büdcəsindən maliyyələşən səfirlik, konsulluqlardan da daha səmərəli fəaliyyət göstərə bilər. Ukrayna müharibəsində başsız qalan azərbaycanlıların taleyini səfirlik, konsulluq yox diaspor təşkilatları nümunəvi şəkildə həyata keçirtdi. Diaspor təşkilatları var ki, dünya düzəninə təsir etmə imkanına malikdir. Yəhudi, çin, yunan diasporları və sair diaspor təşkilatları öz dövlət, xalq maraqlarını dövlətlərinin xarici işlər nazirliklərindən, səfirliklərindən, konsulluqlarından da çox yüksək səviyyədə qoruyurlar və hətta yerli hakimiyyət diaspor təşkilatları ilə fəaliyyətini koordinasiya edirlər.

 

Diaspor təşkilatları ilə bağlı problemlər də mövcuddur. Xaricdəki bir çox diaspor təşkilatlarının rəhbərlərinin çoxu təsadüfi şəxslərdir. Azərbaycanlıların diaspor təşkilatlarının pərakəndə şəkildə fəaliyyətləri, bir təşkilat altında fəaliyyət göstərmək istəyinin olmamasının müxtəlif səbəbləri olsa da, həmin səbəblərdən ən əsası diaspor təşkilat rəhbərlərinin şəxsi maraqlarıdır. Birincisi diaspor təşkilatlarının əksər rəhbərləri təşkilatı qurmaqla azərbaycanlılar içərisində öz fərqliliyin göstərmək, lider olmaq hissləri və azərbaycanlılar adından mövqe əldə etmək istəyən şəxslərdir. Bəzi diaspor təşkilatları və rəhbərləri əksər hallarda həmin dövlətin xüsusi orqanlarının təsiri altında olurlar. Etiraf etmək lazımdır ki, diaspor təşkilatlarının çoxları həmin təşkilat rəhbərlərinin de-fakto kommersiya təşkilatı funksiyasını yetirməklə bir gəlir mənbəyinə çevrilib. Məhz göstərdiyim səbəblərdən də müxtəlif ölkələr daxilində yaşayan azərbaycanlıların diaspor təşkilatları bir təşkilat daxilində birləşməyə meylli deyillər. Təkcə Rusiyadakı diaspor təşkilatlarımızın nümunəsi ümumi mənzərəni ortaya çıxarır. Yeri gəlmişkən, jurnalist Fuad Abbasovun həbsi, deportasiyası ilə bağlı hadisələrin diaspor təşkilatları arasında mübarizənin nəticəsi idi.

 

 V.Dadaşov hesab edir ki, məhz belə neqativlərin aradan qaldırılması və xaricdə fəaliyyət göstərən bütün təşkilatların kordinasiya olunaraq fəaliyyət göstərməsi baxımından Şuşaya toplaşan dünya azərbaycanlıları öz müsbət təklif və töhfələrini verəcək. O, hesab edir ki, Şuşa növbəti dəfə Dünya Azərbaycanlılarını vətən naminə birləşdirəcək.

Vüqar Dadaşov

19.04.2022

вторник, 19 апреля 2022 г.

Bakı tıxaclarına kimdir günahkar, kimlərin marağı, kimlərin savadsızlığı?

 



Bakı tıxaclarının və ümumiyyətlə Azərbaycanda tıxacların 4 (dörd) əsas yaranma səbəbi var.

 

1-ci, sürücü mədəniyyətsizliyi və savadsızlığı (bu, da sürücülük təhsilinin müvafiq qaydada verilməməsi və sürücülük vəsiqəsinin qeyri-qanuni əldə edilməsindən əmələ gəlir).

2-ci, piyada mədəniyyətsizliyi və məsuliyyətsizliyi (bu, marifləndirmənin zəifliyi və piyadanın həmişə haqlı olması yanaşmasından formalaşıb).

3-sü, şəhərsalma, yol infrastrukturunun düzgün qurulmaması, ictimai nəqliyyat sxeminin düzgün təşkil edilməməsi (bu, tikinti sahəsində özbaşnalıq, mütəxəsislərin qeyri peşəkarlığı, qeyri peşə sahiblərinin işə rəhbərliyi və daşınmalarda monopoliyanın mövcudluğundan irəli gəlir).

4-cü, DİN Dövlət Yol Polisinin mahiyyətinə uyğun xidməti fəaliyyətsizliyi (Dövlət Yol Polisinin yol nəqliyyat sistemində təhlükəsizliyinin təmin edilməsini hadisələri qabaqlamaq, qaydaların pozulmasının qarşısını almaq əvəzinə, pozuntulara görə inzibati cərimələrin tətbiq etməyi əsas vəzifəsi hesab edir).

 

Sosial, infrastruktur problemi yaradan səbəblərdən demək olar ki, ölkə üzrə ali təhsil müəssisələrinin çoxunun, bütün idarə və müəssisələrin paytaxtda yerləşdirilməsi və səlahiyyətlərinin regionlardan alınaraq baş idarələrdə, nazirliklərdə cəmləşdirilməsi səbəbindən paytaxtda süni əhali sıxlığı yaradılıb.

Digər çox vacib bir məsələ də yol nəqliyyat hadisələri zamanı piyadalarla bağlıdır. Belə ki, hüquq-mühafizə orqanları və məhkəmə piyadalarla bağlı inzibati və cinayət işlərində bir mənalı olaraq piyadanın marağı tərəfindən çıxış edir və sözsüz ki, bu da öz növbəsində piyadaların məsuliyyətsizliyinə rəvac verir.

Qənaət ondan ibarətdir ki, tıxacların ləğvi üçün ilk növbədə sürücü məktəblərin formatına uyğun tam fəaliyyətinin təşkili, sürücü vəsiqələrini verilməsində qanunun pozulmasına yol verməmək, əhalinin marifləndirilməsi, şəhərsalma və yol infrastrukturunun qurulmasında peşəkar mütəxəssislərin cəlb edilməsi, paytaxta süni sıxlığı yaradan amillərin aradan qaldırılması, sərnişin daşınmasında monopoliyanın ləğvi, Dövlət Yol Polisinin mahiyyətinə uyğun xidmətinin təmini, yol nəqliyyat hadisələri ilə bağlı işlərə qanunun aliliyinin tətbiqi nəinki tıxac məsələsini digər əlaqəli vacib məsələlərin həllinə gətirər.

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas

18.04.2022

 

Çoxları “gender bərabərliyi” anlayşının mahiyyətini anlamır Qadın və kişi nədə bərabərdir?

 


Ailədə kişinin qadına ev işlərinə görə əmək haqqının ödəməsi təklifinə münasibətim birmənalıdır.

Sözü gedən təklif natamamdı və ümumən insanlıq, qadın-kişi fəlsəfəsinə zidd yanaşmadır. Əvvəla qeyd edim ki, ədalət və sosial bərabərlik baxımından həmin o təklifin və ümimiyyətlə çox hallanan "gender bərabərliyi" deyilən anlayışın dağıdıcı qüvvəsinin tətbiqi yolverilməzdir. Təkcə bir fakt - əgər kişi ilə qadın bərabər hüquqludurlarsa onda, qadının (işçi) profilləşdirilməsi hansı məntiqə uyğundur. Ailə anlayışı, könüllülük, sevgi, bərabərlik prinsipidir, profilləşmə isə sadaladığım prinsiplərin öhdəliyə çevrilməsidir, yəni məcburətdir - deməli ailə də məcburi və öhdəlikli ittifaq görünüşü alır. Bu isə o deməkdir ki, ailə anlayışı mahiyyətini dəyişir, o halda sual ortaya çıxır - belə ailə forması nəyə və kimə lazımdır? Məqsəd ali insan birliyini - ailə məfununu məhv etməkdirsə, təklif olunan belə qaydaların tətbiqi o nəticəni verə bilər. Yox əgər, məqsəd o deyilsə onda, evdar qadınlara dövlət tərəfindən analıq, evdarlıq müavinətlərinin verilməsi ailəyə sosial dəstəklə yanaşı həm də, ailə bağlılığını gücləndirər və bu üsul dəstəklənməlidir.

Yeri gəlmişkən, çoxları "gender bərabərliyi" anlayışının mahiyyətini anlamır. Bu prinsip özündə qadın və kişi arasında bir başa bərabərliyi təbliğ etmir. Gender bərabərliyi haqqında vikipedik məlumatdan bu fərqi görmək mümkündür:

"Gender bərabərliyi Bəhai dininin fundamental təlimlərindən biridir. Qadın və kişi bərabərdir və cinslərin bərabərliyi ruhani və mənəvi bir meyardır ki, planetin birləşməsi və sülhün bərqərar olması üçün zəruridir. Bəhai təlimlərində bu prinsipin fərdi, ailəvi və cəmiyyətin həyatında həyata keçirilməsinin vacibliyi qeyd edilir. Bəhai təlimləri kişi və qadının tam şəkildə ruhani və sosial bərabərliyini təsdiq etsə də, bərabərlik anlayışı eyniliyi nəzərdə tutmur, cinslərin özünə xas aspektləri və ya həyatın müəyyən sahələrində səciyyəvi xüsusiyyətləri var."

Odur ki, qadın və kişi, hər kəs onun üçün həyatda əzəldən müəyyən edilmiş özünəməxsus mahiyyətinə uyğun funksiyasını yerinə yetirməlidir. Qadın və kişinin Allahdan, təbiətdən gələn özəlliklərin qorunması, ümumən insanlıq sivilizasiyasının mühafizəsi deməkdir.

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, politoloq, hüquqşünas

15.04.2022

 

Zelenski və Putin görüşə bilərmi? Müharibədə fasilə kimə xeyirlidir?

 


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlamasından görünür ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşününün təşkili üzərində işlər gedir. Fikrimcə bu görüşün yaxın zamanlarda baş tutmaşı qeyri-mümkündür.

 

Sözsüz ki, Ukrayna tərəfi müharibə onun ərazisində getdiyindən daha çox maraqlı tərəf kimi görünür hərçənd ki, indiki vəziyyətdə Ukrayna müharibənin dayandırmaq niyyətində deyil. Ona görə ki, müharibənin ilk günlərində, Ukrayna üçün çətin dövrdə Zelenski Putinə dəfələrlə şəxsi görüş təklif edərkən Putin buna razılıq vermədiyi halda, Ukrayna ordusu müharibədə dönüş edib, Rusiyanı məğlub etdiyi halında və Rusiya sürətlə geri çəkildiyi zamanda müharibəni dayandırmaq Ukrayna maraqlarına zərbədir çünki, bir sıra ərazilərlə yanaşı, 2014-cü ildən Doneçski, Luqanski vilayətləri və Krım Rusiyanın hələ işğalındadır. Və müharibənin faktiki gedişi göstərir ki, Ukrayna ordusu bu əraziləri də azad etmək iqtidarındadır, rus ordusu isə nə döyüşmək istəyir, nə də döyüşmək bacarmır - bu halda Ukrayna hansı məntiqlə müharibəni dayandırsın ki?! Baxmayaraq ki, Ukrayna prezidenti diplomatik və siyasi gedişlər edərək, danışıqlara hər an hazır olduğunu bildirir.

 

Digər tərəfdən, Ukrayna prezidenti Zelenskinin NATO-nu sərt tənqid etməyi də əslində Qərbin, NATO-nun Ukraynaya hərbi və maliyyə köməyini daha da artırmağa yönləndirmək məqsədi daşıyır və Zelenskinin tənqidi əslində inciklik əlaməti yox, siyasi və hərbi məqsədlərinin daha genişliyinin əlamətidir. ABŞ prezidenti Co Baydenin və rəsmilərin Putini müharibə cinayətkarı adlandırması və ümumən Rusiyanı soyqırımda ittiham etməsinin "geriyə" dönüşü yoxdur və mütləq bu "partiya" sona qədər oynanılmalıdır ki, Qərbin Rusiya ilə bağlı planları reallaşsın. Bəllidir ki, və hətta Putinin də qeyd etdiyi kimi, Qərb müharibənin dayanmasına qətiyyən yol verən deyil. Zelenskinin publik çıxışlarından asılı olmayaraq, Ukrayna hərbi uğurunu inkişaf etdirərək ərazilərini işğaldan azad etmək istəyir. Göründüyü kimi, bu müharibədə hər kəsin öz marağı var: Ukrayna ərazilərini azad etmək, Qərb isə hazırladığı Ukrayna tələsi ilə Rusiyanı məhv etmək niyyətindədir. Necə deyərlər, NATO və Qərb üçün Ukrayna Rusiyaya qarşı vasitədir, istəklər ayrı olsa da hədəf eynidir, hədəf Rusiyadır. Onun üçün də Zelenski və Putin görüşü mümkünsüz görünür.

 

Görüşü mümkünsüz edən əsas amillərə Putinin şəxsi xüsusiyyəti də təsir edir. Belə ki, müharibə öncəsi Zelenskini aşağılayan və onu prezident yox, "yaxşı aktyor"adlandıran Putin rəzil halında Zelenski ilə danışıqlara oturmaz, buna Putinin hikkəsi və qüruru yol verməz. Rusiya ordusunun nüfuzu sıfırlandığı bir vəziyyətdə, Ukraynada heç bir vacib qələbə qazana bilmədiyi halda, Putin alçatmağa çalışdığı Zelenskiyə hansı şərtlər irəli sürə bilər ki, necə deyərlər Zelenskinin isə bəli şərtləri faktiki Rusiyanın kapituliyasiyası tələbidir - Putin bunu eşitmək istərmi?!

 

Hər bir halda Ukrayna prezidenti Zelenski ilə Rusiya prezidenti Putinin görüşünün baş tutacağı müşkül məsələdir və hətta görüş təşkil olunsa da belə, indiki vəziyyətdə Rusiya-Ukrayna müharibəsinin dayandırılacağının ehtimalları yox dərəcəsindədir.

 

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, politoloq

14.04.2022

 

Rusiya Ukrayna müharibəsinin son mərhələsi, dünyanı hansı nəticə gözləyir? Azərbaycanın əsas hədəfi – PROQNOZ

 


Sözsüz ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi Rusiyanın özü üçün fəlakətə çevrildi. Bəli, Rusiya göründüyü kimi, daha doğrusu təqdim edildiyi kimi, güclü dövlət deyil və məhvə məhkumdur. İnkaredilməz faktdır ki, Rusiya-Ukrayna müharibəsi əslində Qərb-Rusiya müharibəsidir və hədəf Rusiyanın məhz özüdür. Rusiya Ukrayna tələsinə öz xüsusiyyətlərinə uyğun salındı və Rusiya Ukrayna anbisiyası ilə həm Qərbi öz sərhədlərindən çəkindirmək, həm də keçmiş sovet respublikalarına mütləq nəzarətini bərpa etmək niyyətində idi. Ukraynada Rusiya ordusunun vəziyyəti faciəvi şəkil aldıqca Putin özünü daha da aqressiv aparacaq, müharibə cinayətlərini genişləndirəcək, amma bu xətlə Rusiya onun üçün cızılmış xətti, taleyi dəyişə bilməyəcək.

 

Rusiya - Ukrayna müharibəsi həlledici fazaya keçib. Əvvəla qeyd edim ki, Qərb Rusiyanı elə bir vəziyyətə saldı ki, Moskva müharibədən çıxa və ziyanın yarısından geri qayıda bilmədi. 10 mart Rusiya-Ukrayna danışıqlarının Antaliya görüşünə qədər faktiki Rusiya Ukraynada öz ordu gücünün yarıdan çox hissəsini itirmişdi və bu görüşdən müharibədən çıxmağa bəhanə, səbəb əldə etmək istəyirdi. Ancaq, Qərb müharibənin dayanmasına haqlı olaraq imkan vermədi və Rusiya məcbur edildi ki, hərbi gücünün son ehtiyatlarından istifadə edib təmiz müdafiəsiz hala düşsün.

 

Rusiyada məğlubiyyətini etiraf edib, Ukraynanı tərk etmək əvəzinə növbəti səhvini buraxdı və ordusunun son qalıqlarını səfərbər edib müharibənin növbəti fazasına başladı və Qərbə də məhz bu lazım idi hansı ki, Putin hikkəsindən Rusiyanın özünə qarşı istifadə olundu.

Növbəti mərhələ Rusiyanın ordu qalıqlarını məhv etməklə, müharibəni Rusiya ərazisinə keçirməkdir. İlk növbədə Donbasın azad edilməsi plandadır. Krımın azad edilməsi isə Putin hakimiyyəti dövründə nüvə silahından istifadəyə gətirə bilər. Bu ehtimallara əsasən, Krımın azad edilməsi Putinin hakimiyyətdən getməsindən sonrakı vaxta saxlanılır. Rusiyanın Ukraynada rüsvayçı məğlubiyyəti, Donbasın azad edilməsi, müharibənin Rusiya ərazisində hiss edilməsi, rus aliqarxların və siyasi elitasının düşdüyü real vəziyyət, ölümcül iqtisadi durğunluq və böhran Putin hakimiyyətinin bir mənalı sonunu gətirəcək. Sözsüz ki, Putin devrildikdən sonra salamat qalarsa, harada olsa da müharibə cinayətkarı kimi mühakiməsi tam mümkündür. Yekun olaraq qeyd edim ki, Rusiya Ukrayna tələbindən çətin slamat buraxılsın və Rusiyanın indiki əraziləri daxilində mövcudluğu çox böyük sual altındadır.

 

Rusiyanın Ukrayna müharibəsində tam zəifləməsini Qərb və NATO ilə yanaşı gözləyən digər ölkələr var ki, bir başa Rusiyaya qarşı müharibə edəcək. Bu sırada Yaponiya birinci yerdədi, Çin də Rusiyaya qarşı pusquda duran əsas ölkələrdən biridir. Avropa istiqamətində isə, bir sıra dövlətlərin sərhədlərin də dəyişəcəyi ehtimalı da çox yüksəkdir.

Çanaqqala zəfərinin yüzilliyi ərəfəsində özünü büruzə verən və həmin o müəyyənləşdirilmiş yeni düzən yekun mənzərəni formalaşdırır. Yeni düzənin "osu" isə türk, anqla-sakson sütunudur.

O ki, qaldı Xankəndində və ətraf ərazilərimizdə olan ruslara, Moskvanın Azərbaycanda Xankəndində yeni-yeni təxribatlara əl atmaqla hakim olduğunu göstərməyə çalışacaq və Rusiya son nəfəsədək daha böyük təxribatlar törədəcəyi şübhəsizdir. Rusiya Azərbaycanın istəklərinə qarşı çıxmaq imkanlarından məhrumdur, Azərbaycan Xankəndi və ətraf ərazilərlə bağlı istəklərini yaxın zamanlarda reallaşdıracaq, ancaq hədəflərimiz tarixi ərazilərimiz kimi, daha böyükdür. Rusların Qarabağdan nəinki, ümumən Cənubi Qafqazdan getməsi mütləq prossesdir.

 

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, politoloq

12.04.2022