Поиск по этому сайту

пятница, 28 января 2022 г.

Ona görə "5-ci kolon" daha güclüdür, rus düşüncə tərzli insanlarımız çox...

Mühafizə zonalarında tikilmiş evlərin sökülməsinə görə kompensasiya ödənilə bilərmi? Məsuliyyət kimin üzərinə düşür?

 

Yüksək gərginlikli elektrik xətlərinin, neft və qaz kəmərlərinin mühafizə zonasında tikilən evlərin sökülməsi ilə bağlı və o cümlədən tikilinin sökülməsinə görə kompensasiyanın ödənilməsinin mümkünlüyü  haqqında narahatedici vəziyyət və qeyri müəyyənlik var. Həmin mühafizə zonalarında tikililərin daşınmaz əmlak kimi qeydiyyatı və kommunal xidmətlərlə təchizatında da həllini gözləyən problemlər də mövcuddur. Hazırda da bəzi sakinlər həmin mühafizə zonalarında tikilən evlərin sökülməsi təhlükəsi ilə üz-üzə qalıb. Müvafiq təşkilatların həmin bir çox sakinlərə qarşı evlərinin sökülməsi ilə bağlı iddia tələbləri məhkəmələrdə icraatdadır və bu məsələdə Dövlət Neft Şirkəti (SOCAR) xüsusən fəallıq göstərir.

 

Vəziyyəti düzgün qiymətləndirmək üçün qeyd etmək lazımdır ki, həmin mühafizə zonaları təşkilatlar tərəfindən deyil,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilir. Məsələn, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonası  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara görə xəttin gücündən asılı olaraq 10 metrdən 30 metrədək məsafə,  

ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci 4 aprel il tarixli 129 nömrəli qərarı ilə hər tərəfə 201 metr məsafə müəyyən  edilmişdir.

 

Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il N-103 saylı qərarı ilə müəyyən edilmiş normalara görə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə 50 metr, kənd təsərrüfatı torpaqlarında xətt boyunca isə 25 metr mühafizə zonası,
çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə 50 metr torpaq sahəsi mühafizə zonası müəyyən edilib.

 

Əhalinin bilməli olduğu  əsas məqam isə ondan ibarətdir ki, mühafizə zonalarına səlahiyyət, sərəncam hüququ yerli icra hakimiyyət orqanlarına aid deyil, bu səlahiyyət müvafiq təşkilatların və o cümlədən Dövlət Neft Şirkətinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətlərinə aiddir. Qısası, həmin mühafizə zonalarında evlərin tikintisinə icazəni yerli icra hakimiyyəti verə bilməz. Belə halla üzləşənlər isə bilməlidir ki, belə bir icazəni (həm şifahi və həm də yazılı) icra hakimiyyəti qanunsuz vermişdir.

 

Yeri gəlmişkən, fərdi yaşayış evlərinin tikilməsi üçün icazə tələb olunmur. Evlərin tikilməsi üçün  2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır.  Söhbət üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən torpaq sahəsindən gedir.

 


O ki, qaldı həmin mühafizə zonalarında tikilən evlərin sökülməsi məsələsinə qeyd edim ki, məsələ əhalinin yaşayış yeri ilə bağlı olduğu üçün sözü gedən məsələnin həlli üçün yüksək səviyyədə qərar verilməlidir, çünki bu məsələ təkcə hüquqla bağlı deyil. Sözsüz ki, göz qabağında olan qanun pozuntuları var və həmin qanun pozuntularına görə sakinlərin həyatı da real təhlükə altındadır. Məsələnin həlli əslində texniki zonaların, təhlükəsizlik zolaqlarının boşaldılmasından keçir və təbii ki, bunun üçün də maraqlı qurumlar həmin ərazilərdə qanunsuz tikilmiş evlərin sökülməsi üçün məhkəməyə müraciət etməlidir. Həmin təhlükəsizlik zonasında qanunsuz tikililərin məhkəmə qərarı ilə sökülməsi üçün qanunla kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. Ancaq bəllidir ki, həmin mühafizə zonalarında fərdi evlərin tikilməsinə icazə verən ya da tikintiyə göz yuman vəzifəli şəxs olub. Belə bir vəziyyətdə mühafizə zonasında tikilən həmin evin sahibini  təkcə günahlandırmaq düz deyil və mövcud vəziyyətdən çıxış ancaq dövlətin müdaxiləsi ilə mümkündür.

 

Yaranmış vəziyyətdə dalana dirənmiş sakinin evinin sökülməsinə görə kompensasiya məsələsinin həlli cinayət işi çərçivəsində “zərərçəkmiş” və “mülki iddiaçı” qismində mülki  qaydada mümkündür. Təbii ki, şikayətçi tikintiyə icazə vermiş və ya tikintiyə şərait yaratmış vəzifəli şəxsdən hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etməlidir. Ancaq cinayət işinin açılması o halda mümkündür ki, mühafizə zonalarında tikintiyə icazə vermiş və ya o tikintiyə göz yumuş vəzifəli şəxsin əməlində cinayət faktı aşkar edilsin. Cinayət işi çərçivəsində vətəndaş “zərərçəkmiş” və “mülki iddiaçı” kimi tanınır  və bundan sonra mülki iddiaçı kimi dəymiş ziyanın (kompensasiyanın) ödənilməsi cinayət məsuliyyətinə cəlb edilmiş həmin o vəzifəli şəxsdən tələb edə bilər. Kompensasiyanın tələbi inzibati məsuliyyətə cəlb edilmiş həmin o vəzifəli şəxsə qarşı da qaldırıla bilər.

 

Hər bir halda, müəyyən vasitələrlə mühafizə zonalarında fərdi yaşayış evləri tikmiş sakinlərin mülkiyyətindən tam məhrum olma ehtimalı çox yüksəkdir və praktika göstərir ki, böyük əksəriyyətdə də həmin sakinlərə kompensasiyanın ödənilməsi təmin edilmir.

 

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas

28.01.2022


среда, 26 января 2022 г.

“Jurnalist”in “kütə" getmiş yazısı...

 


Ölkə mətbuatının, jurnalistikanın hazırkı vəziyyəti barədə əlavə  şərhə ehtiyac yoxdur. "Reket", "makler", “çayxana”  və sair adlarla öz fəaliyyət mahiyyətini təsdiq edən "jurnalist"lərdən isə danışmaq, yazmaq yaralı yerə duz tökmək kimi bir şeydir. Mətbuatın, jurnalistikanın  təmizlənməsi və qaydasına salmaq üçün həm inzibati və həmdə hüquqi tədbirlər görülsə də hələ də lazımı və gözlədiyimiz nəticələri əldə etməmişik. Ədalətsiz, qərəzli yazılara rast gəldikcə qüsurları olsa da yeni media haqqında qanuna məcburən ümid etməyə başlayırsan.

Hər bir halda, həyatımızı qara günə çevirən, siyasi və ictimai məqsədlərlə yazılan sifarişli "söz yığnağı" istehsalı ilə məşğul jurnalist adına təsadüfən yiyələnənlər  hələ də iş başındadırlar.   Təəssüf ki, özünü mətbuat orqanı adlandıran "Oxu.az" saytında da belə hallara rast gəlirik. Əvvəla qeyd edim ki,  MCP sədri, Millət vəkili Razi Nurullayevin deputat  fəaliyyəti haqqında Oxu.az saytında Nicat Quliyev adlı bir şəxsin imzası ilə “kütə” getmiş yazı sözsüz  sifarişli və "söz yığnağı"ndan başqa bir şey deyil, əsasız və qərəzli olduğuna görə ikrah hissi yaradır.      

Sifarişçi və sifarişi yerinə yetirən  “jurnalist”  Millət vəkili Razi Nurullayevin nə şəxsi, nə də deputat fəaliyyətində xalqımızın, dövlətimizin maraqlarına zidd ola bilən bir " əmma" tapa bilmədiyindən "söz yığnağı"nda göstərilən fikirləri təhrif etmək məcburiyyətində qalmış, sifarişçisinin istəklərini reallıq kimi təqdim etməyə çalışmışdır.  Sözü gedən söz yığnağında sifarişin, qərəzin səviyyəsi nə qədər yüksək olsa da Razi bəyin fəaliyyətini  ləkələyə bilməmişdir.  Nicat Quliyevin dediyindən belə çıxır ki, Millət vəkili Razi Nurullayev xalqın arasında olmamalıdır, yas mərasimlərində iştirak etməməlidir, şəhid ailələrini ziyarət etməməli-onlara kömək köstərməməlidir, qazi və veteranlarla görüşüb onların problemlərini həll etməməlidir, çıxışlarında sərt və tənqidi danışmamalıdır, Milli Məclisdə xalqın və dövlətin maraqları üçün qanunlara lazımi düzəlişlərin tələbini və bunun üçün mübarizsə aparmamlıdır.

Necə deyərlər adamı lap məəttəl qoyur... Elə qəliz danışır ki, vallah heç cürə başa düşmək olmur, deyirəm xüsusi biliyə malik olan olar, bəlkə elə bu “jurnalist” özü deputatların nə edib-etməmələri barədə və ümumiyyətlə deputat fəaliyyəti haqqında qanun yazsın...   

Nə yaxşı ki, XXI-ci əsrdi və hər kəsin siyasi və ictimai fəaliyyəti göz qabağındadır və Razi bəyin də qiymətini xalq özü verir və hər hansı bir "jurnalistin" "kaşası" ancaq özünün və onun sifarişçisinin zövqünə və iştahasına aiddir. Nə isə bu arada Ömər Xəyyamın bir kəlamı yerinə düşər: "Həyatda ən çətin iş özünü bilərəkdən qanmazlığa vuranı qandırmaqdır".  MCP sədri, Millət vəkili Razi Nurullayevin və onun rəhbəri olduğu Partiyanın məqsədi kimisəni qandırmaq yox,  Azərbaycan xalqına və dövlətinə xidmət etməkdir. 


Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas, AJB-nin üzvü

пятница, 21 января 2022 г.

Rusiya iki yol ayrıcında və ölüm-qalım savaşında

 

Cenevrədə Rusiya və ABŞ-ın bu gün ki, danışıqlarında Lavrovun və Blinkenin görüşünün növbəti dəfə uğursuz başa çatması bu iki dünya nəhənginin real müharibə edəcəyi ssenarisinin mümkünlüyünə ehtimalını artırmış göstərir. Əslində isə belə bir qənaət yanlış və əsasızdır.

 

Bu qarşıdurmanın səbəbi Putinin SSRİ-nin bərpa arzusu kimi görünsə də, əsl həqiqətdə Rusiya özünün parçalanma qorxusu perspektivi baxımından  prosesi əngəlləmək istəyir.  Proseslərə SSRİ -nin bərpası istəyi kimi görüntünün verilməsi Rusiyanın öz marağındadır ki, Rusiyanın parçalanma ehtimalı əsas mövzu kimi gündəmdə olmasın və Rusiya hələ də güclü olduğunu göstərmək istəyi ilə fikir və hədəfi özünün parçalanma mümkünlüyünə diqqəti yayındırır. Fikrimi düzgün izah etmək üçün əvvəla qeyd edim ki, SSRİ-nin bu və ya digər formada bərpası mümkünsüzdür, istər Putin istər kim olsa da "ölünün dirilməsi" mümkün deyil. Ukrayna ətrafında ABŞ və Rusiya qarşıdurmasının gərginləşməsində Qərb əsas istədiyini əldə edib, iki qardaş xalq geri dönməz şəkildə düşmən olub və bu düşmənçilik artıq Ukrayna xalqının şüur altı yaddaşına çevrilib. Bu arada  Zbiqnev Bzejinskinin dediyi o məşhur kəlməni yada salsaq yaxşı olar: “Rusiya və Rusiya imperiyası Ukraynasız mövcud ola bilməz”. Bu baxımdan ABŞ Rusiyaya qarşı hədəfini düzgün seçməsi şübhəsizdir,  Rusiya Ukraynanı özünün qırmızı xətti elan etməsi isə Bzejinski tezisinin təsdiqi deməkdir.

 

Rusiya dövlətinin  tarix boyu mahiyyəti güc və işğalçılıq anlayışından ibarət olsa da, indi Rusiyanın özü bir piroq kimi bölünmək təhlükəsi ilə üz-üzədir. Rusiya siyasi elitası bu təhlükəni  publik səsləndirə bilmir ona görə ki, təhlükənin açıq səsləndirilməsi Rusiya daxili parçalanmasının sürətlənməsinə psixoloji təsiri şübhəsizdir. Əslində Rusiyanın Qazaxıstan əməliyyatı da Rusiyanın güclü olmasını göstərmək və daxili parçalanma təhlükəsi ehtimalının sıfıra bərabər olduğunu sübut etmək idi.

 

Bu gün Rusiyanın istəyi ilə baş tutmuş Cenevrə görüşündə Rusiya əli boş qayıdacağını qabaqcadan bildiyini elan etdiyi halda, Lavrovun dili ilə desək  görüşə yaxşı əhvalla getməsi onu göstərir ki, Rusiya o durumdadır ki, Kreml SSRİ, SSRİ desə də öz bütövlüyünün həyəcanını yaşayır. Bu gün ki, görüşdən dərhal sonra ABŞ 2-ci dünya müharibəsi zamanı istifadə etdiyi gedişi ilk dəfə tətbiq edəcəyini elan etdi daha doğrusu,  ABŞ Ukraynaya hərbi yardımını “lendviza” üsulu ilə həyata keçirəcəyini yəni, Bayden administrasiyası müvafiq orqanlardan razılıq almadan, məhdudiyyətsiz Ukraynaya geniş hərbi yardımı çevik şəkildə həyata keçirəcək.

 

Digər tərəfdən ABŞ Rusiyaya qarşı yeni və geniş sanksiyalarını tətbiq edəcəyini bildirdi.

ABŞ və Rusiya arasında Ukrayna böhranını “Karib böhranı” ilə uyğunlaşdırmaq da düzgün yanaşma deyil, çünki ABŞ Rusiyaya öz əli ildə deyil Ukrayna əli ilə daha doğrusu Ukrayna kartı ilə zərbə endirir. Rusiya isə ABŞ-a təsir edə bilən nə hərbi gücə, nədə mövqeyə malik deyil. Rusiya dünya diktator rejimlərinə dəstəyi ilə (Suriya, Venesuela, Belorusiya və sair), işğalçılıq (Moldova, Gürcüstan, Ukrayna) siyasəti ilə və daxildə apardığı milli boğucu siyasəti (milli muxtar regionların dövlətçilik əlamətlərinin, idarə üsulunun ləğvi, Rusiya Konstitusiyasına son əlavələr)  ilə özünü indiki vəziyyətə salıb, dalana dirənib və ABŞ-ın daha doğrusu Qərb dünyasının  işini asanlaşdırıb.  

 

Görünəndə odur ki, ABŞ Ukrayna istiqamətində özünü arxayın vəziyyətdə aparır, heç bir güzəştə getmir, Rusiya isə ABŞ-dan özünə təhlükəsizlik qarantiyasını ala bilmir. Bu isə o deməkdir ki, bundan sonra da mümkün danışıqların heç bir əhəmiyyəti olmayacaq və Rusiya iki yol ayrıcında qalaraq  Putin hakimiyyətinə son verəcək və demokratikləşəcək yada ki, SSRİ-nin aqibətini yaşayacaq.  Bu isə artıq mülahizə yox tarixi və siyasi reallıqdır.    

 

 Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas

 

четверг, 20 января 2022 г.

Pekres nümunəsi Fransanın ayıbı, Jan-İv Lö Drian-nın mövqeyi isə o ayıbı ört-basdır cəhdidir

 


Ötən ilin dekabrında Fransa Respublikasının prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa gizli səfəri həm beynəlxalq hüquq normalarına, diplomatik qaydalara, həmdə Fransanın öz qanunlarına belə ziddir  və cinayət məsuliyyəti yaradan əməlidir. Əvvəla qeyd edək ki, Fransanın öz qanunlarına görə Fransanın beynəlxalq hüquqla tanınan sərhədlərinin pozulmasına görə real azadlıqdan məhrum etmə növündə cəza tətbiqini müəyyən edən qanunu var. Valeri Pekresin Azərbaycan ərazisinə oğrun şəkildə girməsi və qayıdandan sonra da heç bir normaya sığmayan çıxışlar etmişi  Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə açıq hörmətsizlikdir.

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransa Respublikası prezident postuna namizəd Valeri Pekresin Azərbaycan ərazisinə qanunsuz səfərinə: “Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır” şəklində münasibət bildirib.

Prezident İlham Əliyevin sözü gedən məsləyə münasibəti nəinki Fransa cəmiyyətini, siyasi elitasını və o cümlədən Qarabağla bağlı xam xəyallar, planlar quran ölkələri və onların rəhbərlərini silkələyərək yuxudan ayıldıb, reallığı göz qabağına çıxarıb.

 

Əvvəla öz növbəmdə qeyd edim ki, Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri və nüvə ölkəsi olsa da artıq beynəlxalq arenada heç bir nüfuza malik deyil. Fransa xalqı Adolf Hitlerin onlara verdiyi qiymət və addan başqa heç nəyə yaramırlar. Fransa dövlətinin başçısı Emanuel Makronun şəxsi həyat nümunəsi Hitler tezisini sübut edir. Əxlaqsızlığın, mədəniyyətsizliyi səviyyəsi  o həddədir ki, Fransanın özünün tanıdığı və qəbul etdiyi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünə hörmətsizlik edən Fransanın prezidentliyinə namizədi  Valeri Pekres  Azərbaycan Prezidentinə qarşı iddia qaldıracağını da deyib.

 

Əvvəla prezidentliyə namizəd Pekres özü də təsdiq edir ki, beynəlxalq hüquqla dövlət başçılarının məhkəmə təqibi qadağandır, Pekres onu da bilir ki, oğrun səfər etdiyi ərazi Azərbaycan Respublikasının suveren ərazisidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü, sərhədlərinin toxunmazlığı Fransa Respublikası da daxil olmaqla bütün dünya ölkələri və BMT tərəfindən tanınır. Digər tərəfdən Fransa dəfn edilmiş və ili çıxmış Minsk qrupunun üzvü kimi heç olmasa formal neytrallığını saxlamalı idi. Fransa ermənidən çox erməni olmağa çalışması artıq bir əsrin aksiomasıdır. Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian məsələ ilə bağlı yanvarın 18-də Fransa senatında həddini aşan bəyanatla çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib.

 

Fransa dövlətinin xarici siyasətinin rəhbəri Jan-İv Lö Drian-ın açıqlaması isə Pekresin əməlinə haqq qazandırmaq cəhdi kimi Fransanın öz dövlət imicininə  zərbə, baş diplomatın Fransa dövlətinin rəsmi mövqeyinə də biganəliyinin sübutudur. Sözsüz  ki, öz dövlətinə hörmət etməyənin başqa dövlətə hörmət edəcəyini gözləmək də sadəlövhlükdən başqa bir şey deyil. Pekres nümunəsi Fransanın ayıbı, Jan-İv Lö Drian-nın mövqeyi isə o ayıbı ört-basdır cəhdidir.

 

 Valeri Pekres, Jan-İv Lö Drian, Erik Siottin və sair bu kimi fransızların əslində sözlərinin heç bir dəyər və qiyməti yoxdur ona görə ki, Beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir. Və ən başlıcası isə Azərbaycan beynəlxalq hüququ, haqq və ədaləti qorumaq üçün GÜCƏ malikdir. Azərbaycana qarşı xəyanət və məkrli planları olan Fransa kimi ölkələri narahat edən məhz Azərbaycan xalqının qəhrəmanlığı və müzəffər ordusudur hansı ki, Avropanın özünün gəldiyi və elan etdiyi sorğunun nəticələrinə görə Azərbaycan xalqı dünyanın döyüş ruhu və həvəsində olan bir nömrəli xalqıdır. Fransızlar yoxsa unutdunuzmu - dünya hərb elminin XXI-ci əsr müharibə modelini yaradan, Şuşa zəfəri, 10 əsgəri ilə 150 erməni əsgərini əsir götürən məhz Azərbaycan xalqıdır. Yeri gəlmişkən, Azərbaycan xalqı həmin xalqdır ki, 1990-cı ilin  yanvar ayının 20-də rus tanklarının qarşısını əliyalın alıb. Bəlkə bunu da unutmusunuz?!

 

Fransızların yuxusunu ərşə çəkən isə Azərbaycan prezidenti İlham Əliyevin “biz onları geri buraxmayacaqdıq” kəlməsidir, çünki fransızlar bilir ki, Azərbaycan prezidenti heç bir zaman sözü havaya demir. 44 günlük müharibədə göstərdiyimiz birliyi, qəhrəmanlığı kef edən fransız xalqına əyani göstərə bilərik, təbii ki istəsələr.  

Nə Fransanın indiki hakimiyyətinin, nədə Pekres kimilərin sözləri Azərbaycan xalqı və dövləti üçün heç bir çəkiyə malik deyil, sadəcə fransızlar bilsələr yaxşıdır ki, öz dövlətinin məhv olmuş mövqeyini bərpa etmək əvəzinə özlərini daha da biabır edirlər. 

 

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas

20.01.2022

 

суббота, 15 января 2022 г.

...onun ifasında muğam ölü halına düşür - Haqlı iraddırmı?!

 



Muğam barədə bilgiyə o qədər də malik deyiləm, ancaq muğamı ruhumuzun məlhəmi kimi çox sevirəm. Əli Mirəliyevi yaxşı tanımıram, yaradıcılığı da mənə bəlli deyil, ancaq onun Alim Qasımovun ifası barədə fikirləri ilə tam razıyam. Mən də Alim Qasımovu dinliyə bilmirəm, narahat oluram, ağırlaşıram, nə isə onun ifasını heç cür qəbul edə bilmirəm, sözün düzü və qısası Alim Qasımovun
ifasında muğam ölü halına düşür. O ki, qaldı Alim Qasımovun şəxsinə - ona böyük hörmətim var.
Ümumiyyətlə Muğam kimi qəbul etdiyimiz musuqi də Quranımızdan gəlir. Quranın oxunuşu üçün 80-dən yuxarı "məqamat" formaları var yəni ki, indi ki, Muğam kimi qəbul etdiyimiz musiqi əslində Quranın oxunuş formalarından biridir. Məhz buna görə də muğam musiqisi qəlblərimizi rahlaşdırır. Alim Qasımov isə öz ifa üslubu ilə həmin o rahatlığı pozur. Quran özündə kainatın, insanın öz fəlsəfəsini cəmləşdirən ilahi mətindi, onun oxunuşu, səsləndirilməsi isə ayrı-ayrı elmlər və fəlsəfədir.
Quranın qiraəti üçün "təcvid", "eimül qiraət" kimi elmlər var.
Xülasə, bircə bu ifa bəs edir ki, düşünəsən:

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas, Qarabağ qazisi

вторник, 11 января 2022 г.

Putin və Tokayevin məqsədi, Ərdoğanın susqunluğu və niyə gözlənilməz nəticə?


 Qazaxıstan prezidenti Tokayev bu gün çıxış edərək ölkəsinə çağırdığı  KTMT-nın sülhməramlılarının iki gündən sonra 10 gün müddətinə ölkəni tərk edəcəyini elan etdi və artıq Putinin Qazaxıstan əməliyyatının əsas məqsədi barədə inamla danışmaq olar.

 

Əvvəla qeyd etmək lazımdır ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən varis kimi, əslində isə formal bir fiqur olaraq Qazaxıstan prezident kürsüsünə gətirilmiş Qasım-Jomart Tokayevin şəxsi bioqrafiyası açıq şəkildə və şübhəsiz onu təsdiq edir ki, indiki Qazaxıstan prezidenti Tokayev  tamamilə Rusiyanın öz kadrıdır və hal-hazırda da keçmiş KQB indiki Rusiya  Federal Təhlükəsizliyinin Xidmətinin əməkdaşı olaraq fəaliyyətdədir. Bildiyimiz ki, SSRİ dönəmində xarici səfirlilərdə əmək fəaliyyəti göstərənlər KQB əməkdaşları olub və təbii ki, bir sıra ölkələrdə SSRİ-nin səfiri kimi işləmiş Tokayev də  sıradan KQB əməkdaşıdır həm də, yüksək ranqlı. Təkcə bir fakt onu deməyə tam əsas verir ki, hal-hazırda da  Qasım-Jomart Tokayevin şəxsi və onun əmlakı barədə məlumatlar Rusiya Federal Təhlükəsizliyi Xidməti tərəfindən “məxfi” qrifi altında gizlədilir. Diqqət edək ki, Rusiya ancaq öz xüsusi xidmət orqanlarının fəaliyyətdə olan əməkdaşları haqqında belə tədbirlər görür.

 

Sözsüz ki, Qazaxıstan əməliyyatı Putin-Tokayev planı üzrə həyata keçirilib, daha doğrusu Tokayev Kremldən onun üçün ayrılmış rolu məharətcəsinə oynadı və Rusiya qarşısına qoyduğu məqsədlərin ilkin nəticələrini əldə edə bildi. Rusiya müdaxiləsi nəticəsində Nursultan Nazarbayevə loyal Nazirlər kabineti istefaya getdi, Qazaxıstan müstəqilliyinin simvolu Nursultan Nazarbayev özü faktiki ölkə idarəçiliyindən yəni, “Elbası” mövqeyindən məhrum edildi, ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırıldı. Tokayev vəzifələrə özünə və Rusiyaya yaxın şəxsləri, ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsinə isə özünü təyin etdi. Qısası Qazaxıstanda Nursultan Nazarbayev dövrü bağlandı. Əslində Qazaxıstanda baş verənlər öz əlamətləri ilə dövlət çevrilişidir, əmması isə ondadır ki,  Tokayev formal olsa da dövlət başçısı idi və bu baxımdan Tokayevi dövlətə xəyanətdə, dövlət çevrilişində ittiham etmək mümkün deyil. Ancaq fakt faktlığında qalır – Qazaxıstanda Nursultan Nazarbayevin hakimiyyətinə son verildi.  Qazaxıstan əməliyyatı Rusiya üçün bir neçə aspektdən uğurlu oldu, ilk növbədə türk dünyasının ağsaqqalı, Turançılıq ideyasının əvəzsiz liderlindən olan, Qazaxıstanın müstəqillik simvolu və ilk prezidenti Nursultan Nazarbayev “zərərsizləşdirildi” və  Rusiyaya tam loyal Tokayev hakimiyyəti möhkəmləndirildi.  Qazaxıstanda Rusiyanın keçirdiyi faktiki dövlət çevrilişi Rusiyanın əsas üç məqsədinə xidmət edirdi: SSRİ arzusu, Turançılıq ideyasının zəiflədilməsi və Talibana qarşı ön səngərin yaradılması.

 

Bu əməliyyatda Rusiyanın əsas məqsədlərdən biri də, Jenevada ABŞ-Rusiya danışıqlarında Rusiyanın siyasi mövqeyini gücləndirmək və ABŞ başda olmaqla NATO-dan 6-cı dəfə genişlənməyəcəyi barədə öhdəliyini əldə etmək idi. ABŞ-Rusiya görüşü öncəsi Qazaxıstan əməliyyatı baş tutdu, ABŞ-Rusiya danışıqları bitdikdən sonra KTMT-nin sülhməramlılarının Qazaxıstandan iki günə çıxacağı elan edildi. Əvvəla Rusiya Qazaxıstan əməliyyatı ilə ABŞ-Rusiya danışıqlarında NATO-nun genişlənməməsi və NATO-dan keçmiş SSRİ respublikalarına fəaliyyəti barədə heç bir öhdəlik əldə edə bilmədi əksinə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi anonsu verildi. Digər tərəfdən isə Rusiya Tokayevin dili  ilə  Qazaxıstandan öz ordusunu çıxaracağını elan etdi.  Düzdür Rusiya keçmiş SSRİ respublikalarına açıq hədəsini göstərdi və Qazaxıstanda Rusiya fiqurunun vahid hakimiyyətini təmin etdi, Turançılıq ideyasına az da olsa şübhələr yarada bildi.

Ancaq Rusiya Qazaxıstanda qalacağı halda böyük çətinliklərlə üzləşəcəyini və axır hesabla Orta Asiyada mövcudluğunu tam itirəcək təhlükəsi ilə üzləşdi. İlk növbədə Tokayev Qazaxıstana rus qoşunlarını dəvət etdiyi üçün Qazaxıstan ziyalıları və cəmiyyəti tərəfindən xain elan edildi, bu halda da Tokayev hakimiyyətini itirmək və hakimiyyətə millətçilərin gələcəyi ehtimalı artdı. Tokayevin dili ilə Rusiyanın Qazaxıstandan ordusunu çıxaracağını bəyan etməsi əslində, Qazaxıstanı tam itirməmək istəyindən irəli gəlir və Rusiya fiquru Tokayevi hakimiyyətdə saxlamaq cəhdidir. Rusiyanın belə bir qərar verməsinə səbəb həm də, Orta Asiyanın digər türk dövlətlərində Rusiya qarşı ssenarinin arzu olunmaz istiqamətdə inkişafı oldu. Bəziləri KTMT-dən çıxmaq qərarı verəcəkləri ilə Rusiyanı çətin vəziyyətə saldı. Qazaxıstan əməliyyatında Türkiyənin səbirli davranması faktı ehtimal yaradır ki, Rusiya prezidenti Türkiyə prezidenti ilə danışıqları olub və Putin Qazaxıstandan çıxacağını Ərdoğana bildirib, güman edirəm ki, məhz bu səbəbdən də Türkiyə Qazaxıstanda Rusiya əməliyyatlarına qarşı kəskin reaksiya vermədi.

 

O ki, Qazaxıstan əməliyyatında  Rusiyanın  hərbi operativliyinə, bu əməliyyatın belə çevik həyata keçirilməsi özü özlüyündə böyük şübhələr yaradır yəni ki, Qazaxıstanda baş verənlər əvvəlcədən ssenari üzrə planlı şəkildə təşkil edilib və plana müvafiq olaraq ordu da bu gedişə hazırlanıb və bu çeviklik ona görədir. Ancaq Rusiya istədiyi nəticəni əldə edə bilmədi, əksinə özünün Orta Asiyada türk dövlətlərində müəyyən mövqeyini sarsıtmış oldu, keçmiş SSRİ dövlətlərinin də silkələdi. Məlumdur ki, Qazaxıstanda məlum hadisələrdən sonra Tokayevin əldə etdiyi mütləq hakimiyyəti müvəqqəti formaya düşdü. Sözsüz ki, Nursultan Nazarbayev tərəfdarları, millətçilər Tokayevin hakimiyyətini uğursuz edəcək. Bütün bunlardan sonra Rusiya udan və ya uduzan tərəf olması göz qabağındadır.

Vüqar Dadaşov

Hüquqşünas, MCP SŞ-nın üzvü

пятница, 7 января 2022 г.

Qazaxıstan - Kremlin SSRİ sevdası, ya Turana qarşı əməliyyat

 


Qazaxıstanda baş verən prosesləri təkcə ölkədə sosial vəziyyətlə əlaqələndirmək düz deyil. Sözsüz ki, hadisələrin kənardan daha doğrusu, Rusiyadan qaynaqladığın açıq görmək mümkündür. İlkin nəticə olaraq Qazaxıstanda baş vermiş narazılıqlar, ixtisaslar nəticəsində Nazirlər kabineti istefaya getdi, Qazaxıstan müstəqilliyinin simvolu Nursultan Nazarbayev faktiki ölkə idarəçiliyindən yəni, “Elbası” mövqeyindən məhrum edildi, ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırıldı və bundan sonra Rusiya ordusu KTMT adı altında sülhməramlı kimi Qazaxıstanda soxula bildi və faktiki ölkəni nəzarətə götürdü.

Rusiya prezidenti Vladimir Putinin Qazaxıstan əməliyyatını Rusiyanın həm SSRİ arzusu, Türk Birliyi narahatçılığı, Talibana qarşı ehtiyat tədbirləri kontekstindən uğurlu hesab etmək olar. İlk növbədə qeyd edim ki, Qazaxıstanın indi üzləşdiyi vəziyyətin əlamətləri 2021-ci ilin yanvar ayının əvvəlindən görünürdü hansı ki, Qazaxıstanla Rusiyanın müttəfiqlik səviyyəsində olan münasibəti qarşılıqlı ərazi iddialarının yüksək səviyyədə səsləndirilməsi və Qazaxıstan prezidenti Qasım-Jomard Tokayevin Rusiyaya “tarix dərsi” formasında yazdığı məqaləsi ilə özünü göstərmişdi.
Bəllidir ki, Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını öz şəxsi faciəsi hesab edir və bu haqda bütün səviyyələrdə çoxlu sayda da açıq çıxışlar etmişdir. Sözü gedən Rusiya və Qazaxıstan arasında “söz güləşindən” bir müddət əvvəl, hələ 2020-ci ilin uyun ayında Vladimir Putin bildirmişdi ki, Sovet İttifaqının tərkibinə qatılmış respublikaların çoxuna Rusiyanın geniş əraziləri bəxş edilib. Bu torpaqlar sovetlər dağılarkən geri qaytarılmayıb. “SSRİ-nin tərkibindən çıxanda bu respublikalar həmin torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər”,- deyə, Rusiya prezidenti bəyan etmişdi. Təbii ki, Rusiya hakimiyyətinin mahiyyəti və Putinin şəxsi xüsusiyyətləri işğalçılığa və intiqama meyllidir və indi Qazaxıstanda baş verənlər Qazaxıstanın hakim elitasına və əsasən də Nursultan Nazarbayevə qarşı Rusiyanın əsas məqsəd və hədəfləri ilə yanaşı “intiqam və cəza” tədbiridir. Bəllidir ki, son günlərə kimi, Qazaxıstanın faktiki idarəçiliyi 1-ci Prezident Nursultan Nazarbayevə məxsus idi və Qasım-Jomard Tokayev isə formal rəhbər kimi təmsilçilik vəziyyətində fəaliyyət göstərirdi.
Yeri gəlmişkən Qırğızıstanın keçmiş prezidenti A. Atambayev hakimiyyətdən sivil qaydada gedəndən sonra yeni hakimiyyət tərəfindən təqibə məruz qaldı və hətta həbs edildi. Bəzi məlumatlara əsasən Atambayevin təqibi Vladimir Putin istəyi ilə baş vermişdi belə ki, Atambayev hakimiyyəti dövründə Putinin istəklərinə qarşı çıxan, müstəqilliyə meylli və demokratik düşüncəli olduğundan Putində ikrah və nifrət hissi yaradıbmış. Elə Belorusiya prezidenti Aleksandr Lukaşenko da iki başlı siyasətinə görə, son Prezident seçkiləri zamanı elə cəzalandırıldı ki, Lukaşenko tam olaraq müstəqil siyasətini itirmiş oldu, vassala çevrildi və hətta Rusiya dövləti ilə siyasi birləşməyə başladı. Ukrayna, Gürcüstan və sair nümunələri də Rusiya və Putin siyasətini mahiyyətini çoxdan bəlli edib. Əsas xətt ondan ibarətdir ki, Rusiya bütün dünya ölkələrinə və əsasən də NATO üzvləri qərb dövlətlərinə açıq şəkildə Qazaxıstan nümunəsi ilə göstərir ki, keçmiş SSRİ respublikaları ərazilərində “referlik” ona məxsusdur və bu ərazilər onun bir mənalı maraq dairəsindədir. Gərginləşən Ukrayna-Rusiya qarşıdurmasında fonunda Qazaxıstan nümunəsi o deməkdir ki, Ukrayna Rusiyanın qırmızı xəttidir.
Beləliklə, qənaət ondan ibarətdir ki, Putin Qazaxıstan nümunəsi ilə bir daha göstərdi ki, o SSRİ sevdasındadır və bu istəyindən geri çəkilmək fikri də yoxdur.
Rusiyanın Qazaxıstandakı əməliyyatına əsas səbəblərdən biri də Qazaxıstanda və ümumən Orta Asiya regionunda Türkiyə faktorunun, Turançılıq ideyasının daha da güclənməsidir. 12 noyabr 2021-ci il tarixdə türk dilli dövlətlərin İstanbulda keçirilmiş məlum samitində Türk Dövlətləri Təşkilatının (TDT) yaradılmasından sonra Rusiya Orta Asiyada türk dövlətlərində son mövqeyini itirə biləcəyi reallığa çevirib. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra türk dünyasını fiziki olaraq birləşdirə bilən Zəngəzur dəhlizinin açılışı Turançılıq ideyasını daha da gücləndirə bilər. Rusiya Türkiyənin patronajında Turançılıq ideyasından və onu reallaşmasından çox ciddi narahatçılıq keçirir. Bu məsələ Rusiya üçün milli təhlükəsizlik məsələsidir. Təkcə Rusiya daxilində milli türk dövlət formalı quruluşların mövcudluğu və bu ərazilərdə Turançılıq ideyasının dərinləşməsi rus dövlətinin parçalanmasına səbəb ola bilər. Elə bu qorxu ucbatından da keçən həftədə Rusiya Federal hakimiyyəti muxtar Tatarıstan Respublikasının Prezident idarə üsulunu ləğv etdi. Bu baxımdan da Qazaxıstanda Rusiyanın son məlum əməliyyatının üst-üstə düşən bir neçə hədəfi və məqsədi var. Qazaxıstan Orta Asiyada türk dövlətləri arasında Turançılıq ideyasının ən güclü olan dövlət olması və onun lideri Nursultan Nazarbayevin türk dünyasının ağsaqqalı kimi, yüksək nüfuza malik olması Qazaxıstanı və Nursultan Nazarbayevi Rusiyanın hədəfinə çevirib.
Digər tərəfdən Türkiyənin Ukraynanı Rusiyaya qarşı dəstəkləməsi, Krım məsələsində Ukraynanın yanında olması və Rusiya-Ukrayna arşında müharibə ehtimalı yüksək olan bir zamanda Türkiyənin Ukraynaya müasir silah tədarüknə Rusiyanın Türkiyəyə cavabı Tatarıstan və Qazaxıstan əməliyatları oldu. Qeyd etmək lazımdır ki, Rusiyanın bir neçə hədəfinə yarayan Qazaxıstan ssenarisi həm də, Talibanın Rusiya hədəfinə qarşı, Rusiya üçün Orta Asiya səngərinin möhkəmləndirilməsi deməkdir. Bu baxımdan Qazaxıstanda Rusiyanın keçirdiyi faktiki dövlət çevrilişi Rusiyanın əsas üç məqsədinə xidmət edir: SSRİ arzusu, Turançılıq ideyasının zəiflədilməsi, Talibana qarşı ön səngərin yaradılması. Hər üç məqsədin reallaşması üçün Qazaxıstan əməliyyatı Rusiyanın optimal seçimidir. Həmçinin qeyd etmək lazımdır ki, Rusiyanın son Qazaxıstan əməliyyatı eyni zamanda keçmiş SSRİ respublikalarının loyallıqları üçün hədə, göz dağı və psixoloji təsirdir.
Qazaxıstanda baş verənləri müzakirə edərkən Zəngəzur dəhlizinin proseslərə təsirini də nəzərə almaq vacibdir. Sözsüz ki, bu dəhliz türk dünyası üçün fiziki və coğrafi bağlılıq yaratdığına görə Azərbaycan və ümumən türk dünyası üçün olduqca vacib, əhəmiyyətli elementdir. Maraqlısı isə budur ki, Rusiya bu dəhlizin və ya kommunikasiyanın açılmasının lehinə olmaqla ümum türk maraqlarını nəzərə almış kimi özünü təqdim edir. Ancaq ki, Rusiya kommunikasiya xətlərində eləcədə Laçın və Zəngəzur dəhlizində təhlükəsizliyin qarantı formasında regionda mövcudluğunu təmin etməklə yanaşı Azərbaycan və Ermənistan başda olmaqla həm Türkiyəyə, həm də İrana təsir imkanları əldə etmiş olur. Rusiya arzu etdiyi Turançılıq ideyasının zəifləməsindən sonra bu kommunikasiya əlaqələrinin Rusiyanın strateji maraqlarının təminatçısı kimi əhəmiyyətinin artmasını ehtimal edir.
Odur ki, Qazaxıstanda şahidi olduğumuz siyasi proseslər və nəticə Rusiya üçün olduqca vacib məqsədlərə və hədəflərə xidmət edir.
Vüqar Dadaşov
Hüquqşünas, MCP SŞ-nın üzvü
06.01.2022