Поиск по этому сайту

суббота, 14 ноября 2020 г.

Niyə Türk sülhməramlıları Qarabağa girmir?

 


Azərbaycan Respublikasının Prezidenti İ.H. Əliyev, Ermənistan Respublikasının baş naziri  N.V. Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V. Putinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları Azərbaycan Respublikasının Ermənistan Respublikası üzərində qələbəsini fiksasiya edən Bəyanat 9 bəndən ibarətdir. Həmin Bəyanatın

3-cü bəndində “Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.” göstərilmişdir. Göründüyü kimi, həmin bəyanatda Rusiya sülhməramlıları Qarabağda ağır hərbi texnikadan məsələn, tankdan, qraddan və hərbi aviasiyadan istifadə edə biləcəyi qeyd edilməmişdir. Buna baxmayaraq, Rusiya sülhməramlıları Qarabağda tankdan və hərbi aviasiyadan istifadə edir. Bu, həmin Bəyanatın şərtlərinin pozulmasıdır, ya yox?

Qarabağda sülhməramlılar missiyasında Türkiyənin də iştirakının mümkünlüyü barədə Rusiya Prezidentinin sözçüsü Peskovun və Türkiyə müdafiə naziri Akarın verdiyi açıqlama, dünən Rusiya və Türkiyə arasında imzalanmış razılaşma, bu gün Rusiya nümayəndə heyətinin Ankaraya səfəri və Qarabağda bu dövlətlərin hərbiçilərin fəaliyyət planının müzakirəsi onu deməyə əsas verir ki, məlum 10.11.2020-ci tarixli Bəyanatdan əlavə razılaşmalar mövcuddur. Ölkə Prezidenti Cənab İlham Əliyevin və Türkiyə Prezidenti Ərdoğanın Qarabağla bağlı açıqlamaları onu göstərir ki, Cənubi Qafqazda ümumi siyasi vəziyyətə görə məzmunu tam açıqlanmayan, ancaq ölkəmizin maraqlarına uyğun razılaşmalar var. Düşünürəm ki, Azərbaycan etibarlı tərəfdaş kimi, qarşılıqlı olaraq Rusiyanın Cənubi Qafqaz maraqlarını nəzərə alıb, həmin Bəyanatda bəzi halların məsələn Türkiyənin sülhməramlılar missiyasında iştirakının qeyd edilməməsinə israr etməmişdir. Əgər belə bir razılaşma Bəyanatda qeyd edilsəydi, Rusiyanın Ermənistanda yerləşdirdiyi hərbi bazanın aqibəti necə olardı? Yaxud bundan sonra Ermənistan Rusiyanın orbitində qalacaqdımı?

Başqa bir məqamı da qeyd edim ki, Türkiyə-Rusiya əməkdaşlığını qısqanclıqla qəbul edən və əsasız olaraq Türkiyəni ermənilərə qarsı 1915-ci ildə hadisələrinə görə günahlandıran bəzi qərb dövlətləri, ermənilərə qarşı duran Türk ordusuna necə qiymət verərdilər? Yaxud, bu halda belə bir Bəyanatı beynəlxalq təşkilatlar dəstəkləyərdilərmi?

Fikrimcə, ona görə də Bəyanatda bu və ya digər sualları doğura bilən hallar qeyd edilməmişdir.

Sözsüz ki, Azərbaycanın Ermənistan işğalçı qüvvələri üzərindəki qələbəsindən Rusiya artıqlaması ilə faydalanıb. Ancaq, Rusiya siyasi və hərbi rəhbərliyinin canfəşanlığı onu göstərir ki, Rusiyanın daha böyük iştahası var və Azərbaycana da Moldovaya, Gürcüstana, Ukraynaya yeritdiyi sülhməralıların fəaliyyət dairəsindən baxır.

Ümumiyyətlə, Bəyanatda qeyd edilməmiş məsələlərin həllində çətinlik, Rusiyaya edilən etibarımıza göstərəcəyi münasibətindən asılıdır, hər-bir halda məsələlərin həlli hər mənada gücümüz daxilindədir və biz bunu artıq əminliklə deyə bilərik. Bəli, Rusiya keçmiş SSRİ ərazisindəki ölkələri 90-cı illərin arşını ilə ölçməkdə davam edir. Ancaq, meydan həmin meydan olsa da, artıq oyunçularda, zamanda başqadır.

Biz Qalib Xalqıq və Qalib Xalq kimi qələbəmizi diplomatik qaydada da davam etdirəcəyik.

Vüqar Dadaşov

Hüquqşünas, Qarabağ qazisi