Поиск по этому сайту

понедельник, 29 ноября 2021 г.

Düşmən dövlətlər də Azərbaycanı dəstəkləmək məcburiyyətinə salınır

 



Dünən Türkmənistan paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısı keçirilib. Bu zirvə toplantısının  yekun Bəyanatı  qəbul edilib hansı ki, sözü gedən bəyanatda 44 günlük Vətən Müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi barədə məlumat qeyd edilməklə həmdə bu sənəddə "Zəngəzur dəhlizi"  termin  beynəlxalq anlayış kimi işlədilib.

Nəzərə alsaq ki,  İƏT-nın üç üzvü Qazaxıstan, Qırğızıstan və Tacikistan Rusiyanın patronajında olan KTMK,  Avrasiya İqtisadi, Kömürük Birliyinin üzvü kimi Ermənistanın rəsmi müttəfiqlərinin də yekdilliklə qəbul etdiyi bəyanatdı, onda bu sənədin  Ermənistana və onun təhrikçilərinə növbəti siyasi-diplomatik zərbə olması göz qabağındadır.  Yeri gəlmişkən bu təşkilata Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və İran üzvdür. Bu toplantıda İran prezidenti İbrahim Rəisi də iştirak edirdi və bəyanatın bu şəkildə qəbul etməsinə maneçilik edilsə də çoxluq qarşısında bu İran da bu bəyanata imza atmalı oldu.                

Aşqabadda zirvə görüşündə Azərbaycan prezidenti bir sıra görüşlər keçirilib. Bildiyimiz kimi, Azərbaycan prezidenti  İlham Əliyev  İran prezidenti İbrahim Rəisi ilə görüşüb. Görüş böyük ehtimalla İran tərəfinin  təşəbbüsü ilə keçirilib . Bu qənaəti İbrahim Rəisinin İlham Əliyevi gözləməsi kadrları da təsdiq edir.

Bir neçə ay çəkən İran Azərbaycan gərginliyi İranın geri addım atması ilə nəticələndi və İran Azərbaycanın tələb və şərtlərini yerinə yetirməli oldu. İranın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı da Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, toxunulmamazlığı barədə qətnamələr, qərarlar qəbul edib baxmayaraq ki, İran Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış edib. Ancaq İran mütləq çoxluğa tabe olaraq təklif olunan sənədlərə imza atmaqla öz riyakar siyasətini pərdələməyə çalışıb.

O ki, qaldı İranın dövlət başçılarının Azərbaycanla bağlı hər çıxışında “Azərbaycanın dövlət müstəqilliyin ilk tanıyanlardan biri də İran olub” kəlməsini səsləndirməsi sözsüz ki, İran Azərbaycanın müstəqilliyinin ilk günlərindən “fars şiəsi” kartından istifadə edərək Azərbaycanı öz təsiri altına çəkmək istəyindən irəli gəlirdi hansı ki, dini mənsubiyyəti irəli, milli kimliyi arxa plana keçirməklə Güney Azərbaycanın istiqlalını əngəlləmək və Azərbaycanın bütövləşməsinə mane olmaq niyyəti daşıyırdı.

İƏT-nın Aşqabad zirvə toplantısı bir daha onu göstərdi ki, Azərbaycan dövləti öz xarici siyasətini elə qura bilib ki, düşmən dövlətlər də Azərbaycanı dəstəkləmək məcburiyyətinə salınır, necə ki, İran, Rusiya, Fransa, ABŞ və sair.  BMT Təhlükəsizlik Şurasında, Avropa Birliyində və onun müvafiq təşkilatlarında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, KTMT-da və sair beynəlxalq təşkilatlarda da düşmənlərinin etirazlarına və cəhdlərinə baxmayaraq Azərbaycan öz istədiyini alır. Sözsüz ki, Qarabağ məsələsinin yekun həlli, Xankəndinin və onun ətrafının da Azərbaycan yurisdiksiyasına qayıtmasının, Zəngəzur dəhlizinin açılışının da  şahidi olacayıq.

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas

 

Rus sülhməramlıları hansı qanuna tabedir?

 


Şuşada terrora görə cinayət təqibi necə aparılmalıdır, terrorçu niyə Azərbaycana verilmədi və hüquq normaları bu məsələdə necə tətbiq edilməlidir?
Noyabrın 13-də saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə avtomobildə hərəkət edən Norayr Mirzoyan və cinayətkar birlik halında olan bir qrup şəxslər “RQD-5” markalı əl qumbarasını Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin postuna atmaqla terror aktı törədiblər. Nəticədə 3 Azərbaycan əsgəri yaralanıb. Norayr Mirzoyan Rusiya sülhməramlıları tərəfindən saxlanıldı, ancaq ki, Azərbaycan hüquq mühafizə orqanlarına təhvil vermədi.
Norayr Mirzoyan və onunla əlbir olan şəxslər Azərbaycan Respublikasının suveren ərazisində cinayət hadisəsi törədiblər. Bu cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan qanunvericiliyi ilə 14 ildən başlayaraq ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir (CM maddə 214).
Həmin cinayət hadisəsi Azərbaycan Respublikasının suveren ərazisində baş verdiyindən cinayət təqibi də Azərbaycan Respublikasının yurisdiksiyasına aiddir.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə görə Cinayət-prosessual qanunvericiliyi Azərbaycan Respublikasının bütün ərazisində bu Məcəllənin 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulan istisnalarla, heç bir məhdudiyyət qoyulmadan qüvvədədir.
Məlumdur ki, həmin terror aktını törətmiş şəxslər Ermənistan Respublikasının vətəndaşıdırlar. Bu halda-da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 6.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 5.1.-ci maddəsinə əsasən “Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər haqqında cinayət-prosessual fəaliyyət Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.”
Bir mənalı bilməliyik ki, Azərbaycan ərazisində yerləşən və hüquqi formasından asılı olmayaraq bütün vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Azərbaycan qanunvericiliyinin təsir dairəsindədir. Ermənistan, İran və sair və ən əsas Rusiya sülhməramlıları Azərbaycan Respublikasının qanunvericiliyinə tabe olmalıdır. Rus sülhməramlıların qanuni fəaliyyəti ilə bağlı böyük suallar var. Hətta Rusiya qanunvericiliyinə də Rusiya sülhməramlıları Azərbaycan ərazisinə elə Rusiyanın özünün pozulması ilə yerləşdirib. Və Rusiya Federal Məclisinin Yuxarı Palatası bu uyğunsuzluğu geri tarixlə aradan qaldırmağa çalışırdı. Digər tərəfdən Rusiya sülhməramlıların Azərbaycanda fəaliyyətinin tənzimlənməsi üçün və bu fəaliyyətə beynəlxalq və ya hüquqi status vermək üçün Rusiya Azərbaycanla rus sülhməramlıları ilə bağlı iki tərəfli müqavilənin bağlanmasına çalışır ki, rus sülhməramlıların fəaliyyətinə hüquqi səlahiyyət verilsin. Bu gün ki, gün Rusiya sülhməramlıların Azərbaycanda fəaliyyətinə və statusuna dair heç bir müqavilə bağlanmayıb daha doğrusu, bu müqaviləni bağlamasını Azərbaycan imtina edib yəni ki, rus sülhməramlıların Azərbaycanda fəaliyyətinin beynəlxalq hüquqi statusu yoxdur. Bu isə o deməkdir ki, rus sülhməramlıları da ancaq və ancaq Azərbaycanın milli qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməli və onun tələblərinə bir mənalı tabe olmalıdır. Ancaq görünən odur ki, Rus sülhməramlıları öz səlahiyyətlərini aşaraq, Azərbaycan qanunlarına hörmətsizlik və tabesizlik edərək terrorçuluq etmiş cinayətkarı Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verməmişdir. Bu isə işin hüquqi tərəfindən daha çox siyasi tərəfidir və ruslar bilirdilər ki, Norayr Mirzoyanı və onunla əlbir olan şəxsləri Azərbaycana təhvil versələr ermənilər arasında məhv olmaqda olan rus təsirini daha zəiflətmiş olurlar.
Digər tərəfdən Azərbaycana təhvil verilmiş cinayətkarların sonradan Ermənistana ekstradisiyasına Azərbaycan qanunvericiliyi yol vermir belə ki, Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən cinayət Azərbaycan Respublikası ərazisində törədildikdə Ekstradisiyadan imtina edilə bilər. Görünən odur ki, ruslar öz nüfuzunu ermənilər arasında qorumaq üçün Azərbaycan qanunlarına yumşaq desək hörmətsizlik və tabesizlik göstəriblər.
Beynəlxalq hüquq normaları bu məsələdə necə tətbiq edilməlidir? Beynəlxalq hüquq deyəndə bu anlayışını konkret konseptual şəkildə tərif vermək düzgün deyil, ancaq ümumən desək Beynəlxalq hüquq-sülhü və əməkdaşlığı təmin etmək məqsədilə dövlətlərarası münasibətləri tənzimləyən hüquq normaları sistemidir və Beynəlxalq hüququn məqsədi dövlətlər arasında sülhü və əməkdaşlığı təmin etməkdir. Bu baxımdan Azərbaycan dövləti Beynəlxalq siyasi və hüquqi subyekt kimi milli qanunvericiliyə malikdir və öz suveren ərazisində milli qanunvericilik normaları bütün ərazisində məhdudiyyətsiz hakim qüvvəyə malikdir. Baş vermiş hadisə terror aktıdır və Azərbaycan dövlətinə, xalqına və onun ordusuna qarşı hücumdur və sözsüz ki, Azərbaycan cinayətkarları tələb edərək öz ərazisində mühakimə hüququna malikdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas

пятница, 19 ноября 2021 г.

Müharibə iştirakçılarına veteran statusunun verilməsi niyə gecikdirilir? Maraqlı tərəflər kimlərdir? Veteran və hərbçilərin təqaüd və məvacibləri artırılacaqmı?


 

44 günlük Vətən müharibəsi iştirakçılarına, qazilərə  qanunla müəyyən edilmiş statusların və eləcə də “Müharibə veteranı” statusunun  verilməsi gecikir. Bunun həm obyektiv həmdə subyektiv səbəbləri var.   Əvvəla qeyd edim ki, döyüş əməliyyatlarında yarananlarla və döyüşdə iştirak edənlərə verilməli olan statuslar bir-birindən tam fərqli statuslardır. Bilməliyik ki, “Müharibə veteranı” statusu hüquqi, yaralılara və əlillərə verilən status isə sosial statusdur.

 “Müharibə veteranı” statusu Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Komissiyanın, əlilliklə bağlı statusun verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir.

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər “Müharibə veteranı” sayılırlar. Ancaq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu isə o deməkdir ki, Nazirlər Kabineti əgər döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrləri təsdiq etmirsə həmin ərazilərdə döyüş əməliyyatının keçirilməsindən asılı olmayaraq iştirakçılara müharibə veteranı statusu verilmir. Məsələn 4 günlük Aprel döyüşləri, Naxçıvanda Günnük əməliyyatı və sair kimi hərbi əməliyyatlar da Nazirlər Kabinetinin təsdiqindən sonra döyüş gedən ərazilər hesab edilir.

“Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

 

O ki, qaldı “Müharibə veteranı” statusunun verilməsi prosesinə və görülməkdə olan işlərə, qeyd edim ki, ləng görünsə də işlər aparılır, hüquqi baza yaradılır, qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilir, təkminləşdirilir.

2021-ci il yanvarın 30-da Baş nazir Əli Əsədov Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə qərar imzalayıb. Komissiyanın sədri Baş nazirinin birinci müavini Yaqub Eyyubov təyin edilib.                                                                                                                                  2021-ci il aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qərar verib.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Bu bazaya həm 1-ci Qarabağ və Vətən müharibəsində iştirak etmiş şəxslər haqqında məlumatlar toplanır. Say etibarı ilə bu rəqəm çox böyükdür. Təkcə 1-ci Qarabağ müharibəsində 10 min şəhid vermişik, iştirakçıların sayı isə 200 minə yaxındır. Vətən müharibəsində isə təkcə təltif edilənlərin sayı 70 minə yaxındır. Əlbəttə ki, bu işlər qısa zaman işi deyildir.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn 2022-ci il dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı “Hərbi qulluqçuların statusu haqqında” qanun qəbul olunacağını deyib. Göründüyü kimi, Vətən müharibəsi iştirakçılarına müvafiq statusların eləcə də veteran statusunun verilməsinə dair işlər hüquqi bazanın təkmilləşdirilməsi, dəyişikliklərin edilməsi, informasiya bazasının yardılması obyektiv səbəb kimi gecikmələrə səbəb olub.

Prosesin gecikməsinə səbəb olan digər amillərin olduğu da ehtimal edilir. Bir sıra ekspertlər qeyd edirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maliyyə məsələlərinə görə veteran statuslarının verilməsinin gecikdirilməsində maraqlıdır. Müharibə əlillərinə dərəcələrin verilməsində aşkar problemlərin mövcudluğu , artıq təyin olunmuş əlillik dərəcələrinin isə ləğv edilməsi həqiqətən də  ƏƏSMN-nin Vətən müharibəsi iştirakçılarına veteran statusunun verilməsinin  gecikməsində maraqlı olması ehtimalını gücləndirir. Sual oluna bilər ki, “Müharibə veteranı” statusun verilməsi  ƏƏSMN-nin səlahiyyətinə aid deyil axı? Məsələ ondadır ki,

2021-ci il yanvarın 30-da Baş nazir Əli Əsədov Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə qərar imzalayıb və həmin Komissiyada bütün güc strukturları, xüsusi xidmət orqanları ilə yanaşı ƏƏSMN-də təmsil olunur.

 

Veteranların, hərbiçilərin təqaüdlərinin, məvaciblərinin artırılması məsələsinə gəldikdə , əvvəla qeyd edim ki, qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan dövləti müharibə veteranlarına əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verir. Ölkəmizdə minimum əmək haqqı 250 manat olduğu halda veteran təqaüdünün məbləği 80 manatdır. Sözsüz ki, bu uyğunsuzluq aradan qaldırılmalıdır.

Bildiyimiz kimi, 16.10.2021-ci Prezident İlham Əliyev Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb və həmin sərəncama əsasən, Nazirlər Kabineti əmək haqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Qısası 2022-ci ildən qeyd edilmiş kateqoriyalarla yanaşı “Müharibə veteranı” təqüdünün də məbləğinin artırılması gözlənilir.

Hərbi qulluqçuların da maaşlarının artırılması nəzərdə tutulub. Bunu Maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn 2022-ci ilin  dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Yeri gəlmişkən, hal-hazırda təklif olunan 2022-ci il dövlət büdcəsi son dövrün ən böyük büdcəsidir. 2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat məbləğində proqnozlaşdırılmışdır.  Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artım planlaşdırılır. Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə strukturunda müdafiə və milli təhlükəsizlik 15,5 %, sosial müdafiə və sosial təminatı  isə 12,4 % xərclər nəzərdə tutulur.  

Odur ki, cənab Prezidentin tapşırıqları və müvafiq Sərəncamına əsasən müharibə iştirakçılarının, hərbçilərin  sosial problemlərinin həllində əsaslı addımların atılacağı gözlənilir.

 


Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas, Qarabağ qazisi

среда, 17 ноября 2021 г.

NİYƏ UŞAQ PULU VERİLMƏLİDİR - Bundan əsalı arqument?!

 


"Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə hətta 183 min nəfərə qədər yüksəlib”.

Bunu iqtisadçı ekspert Samir Əliyev fikir səsləndirib. O bildirib ki, 2020-ci ildə doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub: “Bu isə son 17 ildə ən aşağı göstəricidir. Məlumat üçün bildirim ki, 1970-ci ildə ölkə əhalisinin sayı 5.1 milyon, 1990-cı ildə 7.1 milyon, 2020-ci ildə isə 10,1 milyon nəfərə yaxın olub. Son 50 ildə əhali sayı 2 dəfə yüksəlsə də, doğum nəinki artmayıb, hətta azalıb”.
Samir Əliyev əlavə edib ki, dünyada azalma tendensiyası müşahidə olunur: “Yaşlı qrupların payı getdikcə azalır. 1970-ci ildə doğulan körpələrin 22 faizi onların payına düşürdüsə, hazırda bu göstərici azalaraq 7 faizə enib. Əsas yük 20-34 yaş qrupuna daxil olanlardadır. Onların payı 71,4 faizdən, 83,4 faizə yüksəlib. 20-24 yaş arası anaların payının son illər azalmasına baxmayaraq, hələ də ən yüksək həddə (35%) qalmaqdadır. 20 yaşa qədər olarların payı 10 faizə yaxındır”.
İqtisadçının sözlərinə görə, BMT-nin proqnozuna inansaq, 2100-cü ildə əhali sayı 9,1 milyona düşəcək.
Proqnozlaşdırılan nəticə baş verməsin deyə uşaq pulu verilməlidir. Azərbaycanda gözlənilən demoqrafik problem yaranması üçün qabaqlayıcı tədbirlərə ən əsası da uşaq pulunun verilməsi zərurətə çevrilib. Mürəkkəb regionda mövcudluğumuz üçün, etnosumumuzu tarixdə yaşaması üçün əhalinin təbii artımının stimullaşdırılması ən prioritet məsələ olmalıdır. Göründüyü kimi məsələ olduqca ciddidir və uşaq pulunun verilməsi dövlət və milli təhlükəsizliyimizin təmini deməkdir.
Rus, fars, erməninin əhatəsində yaşayırıq, belə qonşuları olan dövlət və xalq daima müharibələrə hazır olmalıdır. Müharibəni isə əsasən gənclər aparır. Son 30 ildə müstəqilliyimizin, ərazi bütövlüyümüzün uğrunda 20 000 şəhid vermişik və hələ də mübarizəmiz davam edir.
Yaxşı, bu arqumentlərə nə deyirsiz, uşaq pulu verilməlidir ya yox?!

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas

среда, 3 ноября 2021 г.

Ermənistan sülh müqaviləsi imzalayacaqmı və Azərbaycana bu müqavilə lazımdırmı?

 


Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanması ətrafında danışıqların intensivliyi arzu olunan nəticəni verməyəcək. Yekun sülh müqaviləsinin bağlanmasını mümkünsüz edən müxtəlif səbəb və amillər var. Birincisi unutmayaq ki, ümumiyyətlə Ermənistan adlı dövlət  xristian dövlətlərinin  türk dünyasına qarşı bir proyektidir. Türkiyə və Azərbaycan  tandeminin dünya miqyasında hesablaşmağı məcbur edən gücə çevrilməsi fonunda Ermənistan xristian dünyası üçün əhəmiyyətini daha da artırıb. Ermənistan o vaxt əhəmiyyətini itirəcək ki, Türkiyə Azərbaycana və ümumən türk dünyası ilə qarşıdurmasına son verəcək.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi, təkcə bu iki dövlətin məsələsi deyil yəni, sülh müqaviləsinin mümkünlüyü Türkiyə ilə bağlı olan Ermənistanın Türkiyə qarşı saxta 1915-ci il saxta “erməni soyqrımı” layihəsindən və ərazi iddiasından imtinası ilə paralel olan məsələdir. Əgər Ermənistan bu saxta soyqırım layihəsindən imtina edərsə, süni dövlət kimi qərb xristian dünyasının dəstəyindən məhrum olar və bu da erməni dövlətçiliyin itirilməsinə gətirib çıxarar. Bəllidir ki, Ermənistanın Türkiyə və Azərbaycan ilə münasibətinin yaxşılaşdırılması, kommunikasiya və iqtisadi əlaqələrin bərpası Ermənistan əhalisinin və iqtisadiyyatının Türkiyə və Azərbaycan tərəfindən sovrulmasına gətirib çıxaracaq. Bu baxımdan qərb xristian dünyası  Ermənistanın türk dünyası ilə tam barışmasına imkan verilməyəcək baxmayaraq ki, bu istiqamətdə müəyyən yumşalmalar müşahidə edilir.

Rusiyanın bu məsələdə vasitəçi görünməsi o demək deyil ki, Rusiya Ermənistanın Türkiyə və Azərbaycanla tam barışmasında maraqlıdır. Məsələ ondadır ki, Zəngəzur dəhlizinin açılışı ərazidə təhlükəsizliyin təminatçısı kimi Rusiyanın bu regionda daimi mövcudluğunu təmin etməklə Azərbaycana Ermənistana və Türkiyə qarşı təsir imkanları yaradır. Zəngəzur dəhlizi nəinki Naxçıvanın Azərbaycanla bir başa əlaqəsi deməkdi, bu ən əsası Türkiyənin türk dünyası ilə və Hind okeanına kimi əlaqəsinin yaranması deməkdir. Bu dəhlizin təhlükəsizliyin təminatçısı kimi Rusiyanı region üçün 44 günlük müharibədən sonra yaranmış yeni situasiya üzrə əsas oyunçu kimi qoruyub saxlayır. Bütün bunlarla yanaşı Rusiya Azərbaycan vasitəsi ilə bir başa əlaqə yaratmaqla regionda manevr imkanlarını genişləndirir. 

Gedən proseslər elə təəssürat yaradıb ki, guya Rusiya yekun sülh razılaşmasında maraqlıdır,  bəli Rusiya anacaq Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, ancaq fakt ondadır ki, Rusiya SSRİ dövrünün respublikalar arasında inzibati sərhəd xəritələrinə əsaslanan delimitasiya və demarkasiya təklif etməklə vəziyyəti tək öz nəzarəti altında saxlamağa çalışır ki, bu məsələ çox uzun vaxt aparsın və hansı ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhəd məsələsində qarşılıqlı güzəştlərə ehtiyacın olduğunu da elan edib. Qısası, Rusiya üçün Ermənistanın Azərbaycan və türk dünyası ilə yekun barışığı onun regionda təhlükəsizliyin təminatçısı kimi əhəmiyyətini itirir. Sözsüz ki, Rusiya tərəflərə eyni dərəcədə neytral görünməsi üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi deyil, uzağı hər hansı bir aralıq və ya keçid sənədinin imzalanmasına imkan verə bilər.  

Digər tərəfdən İran da Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin mümkünlüyündən xeyri narahat olub və Ermənistanda Rusiya amilini əvəz etməyə çalışır ki, Ermənistan Azərbaycanın  yaxınlaşmasına, sülh müqaviləsinin imzalanmasına imkan verməsin və Ermənistanla Türkiyə və Azərbaycan arasında konflikt və hərbi gərginlik daimi şəkildə mövcud olsun.  Sözsüz ki, İran bilir ki, Ermənistanla məsələnin həlli sonda da Cənubi Azərbaycanın istiqlalını tezləşdirə bilər.

O ki, qaldı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin daha çox kimə sərfəli olduğuna, ümumiyyətlə “sülh müqaviləsi” anlayışının mahiyyəti dövlətlərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünün və sərhədlərinin tanınmasından ibarətdir.  Yəni, bizim nümunəmizdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan isə Ermənistanın ərazi bütövlüyünü tanımalıdır. Bu halda 1918-ci ildə ilk dəfə olaraq Azərbaycanın tarixi ərazilərində  süni yaradılmış Ermənistan dövlətinin Azərbaycan tərəfindən onun ərazi bütövlüyünü tanıması, Azərbaycanın tarixi torpaqlarından imtina etməsi kimidir.  Eyni zamanda da  1920-ci ildən sonra SSRİ dövründə sovet hakimiyyəti tərəfindən Azərbaycanın razılığı olmadan Ermənistana verilmiş bütün ərazilərimizin qanuniləşməsi deməkdir. Məhz bu səbəbdən də Rusiya Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin müəyyən edilməsi üçün 1920-ci il xəritələrindən  istifadə ediləcəyi barədə məlumatı buraxıb. Ermənistan sülh müqaviləsi imzalayarsa sözsüz ki, dövlət kimi öz gələcəkdə mövcudluğuna şans vermiş olar.

Hər bir halda Ermənistanla sülh müqaviləsi perspektivdə Azərbaycan üçündə sərfəlidir ona görə ki, işğaldan azad etdiyimiz bərpası, inkişafı, məskunlaşması, Xankəndində və ətraf ərazilərdə yaşayan etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası maneəsiz rahatlıqla həyata keçirilər. İranla bağlı Cənubi Azərbaycan məsələsində konkret istiqamətimizi müəyyən etmiş olar. Digər tərəfdən isə Ermənistan adlı dövlətin Türkiyə və Azərbaycan tərəfindən sovrulmasına təbii şərait yaratmış olar.

Hər bir halda bu isə o deməkdir ki, nəticə etibarı ilə Ermənistanın dövlət kimi gələcəyi böyük müəmmadadır. Ancaq Ermənistan bir proyekt olduğundan onun mümkün potensialı maraqlı dövlətlər tərəfindən axıra kimi istifadə olunacaq, yəni onun türk dünyasına qarşı düşmənçiliyi davam etdiriləcək, idarə olunacaq. Arzulanan yükün sülh müqaviləsi isə söz-söhbət olaraq maraqlı dövlətlər üçün əlverişli vəziyyətin yaranması ümidi ilə müəyyən dövrə qədər qalacaq.


Vüqar Dadaşov

Hüquqşünas, MCP-nin SŞ-nın üzvü

вторник, 2 ноября 2021 г.

Çingiz Abdullayev nə demək istəyir?

 


Azərbaycan müasir ədəbiyyatının parlaq simalarından olan Çingiz Abdullayev ən öndə gedənlərdən biridir. Sözsüz ki, dünya miqyasında, beynəlxalq arenada Çingiz Abdullayev öz mövqeyini bir isdedadlı azərbaycanlı yazar kimi təsdiqləyib.

Çingiz Abdullayevin 1-ci Qarabağ müharibəsinə dair çıxışı ilə bağlı narazılıqları görəndən sonra həmin çıxışa bir neçə dəfə baxdım, dinlədim və Çingiz Abdullayevi anlamağa, onun çıxışının mahiyyətinə varmağa çalışdım. Gəldiyim qənaətin doğruluğu üçün Çingiz Abdullayevin 1-ci Qarabağ müharibəsinə dair, erməni işğalına dair keçmiş çıxışlarını da izlədim.
Həqiqətən Çingiz Abdullayev torpaqlarımızın işğal dövründə və şanlı Qələbəmizlə başa çatan 44 günlük müharibənin gedişi zamanı Azərbaycanın haqq səsini dünyaya çatdıranlardan olub. Təkcə elə Rusiyada informasiya müharibəsində zəhməti, fəallığı çox yüksəkdir və Azərbaycan xalqı bunu unudan deyil.
Ancaq, fəqət Çingiz Abdullayevin 1-ci Qarabağ müharibəsinə aid dedikləri tam yanlış və heç bir əsası olmayan, göz qabağındakı tariximizi təkzib edən fikirdir.
-Əgər 1-ci Qarabağ müharibəsi olmayıbsa onda "Dağlıq Qarabağ" və ətraf 7 rayonumuz nə üçün işğalda idi?
-Əgər 1-ci Qarabağ müharibəsi olmayıbsa onda 1000000 qaçqın və məcburi köçkünlər hardan çıxmışdı?
-Əgər 1-ci Qarabağ müharibəsi olmayıbsa onda 10 minə yaxın şəhid, 100 minlərlə veteran və qazi hardandır?
-Əgər 1-ci Qarabağ müharibəsi olmayıbsa Şəhidlər Xiyabanda, Fəxri Xiyabanda dəfn olunanlar kimlərdir?
-Əgər 1-ci Qarabağ müharibəsi olmayıbsa onda Milli Qəhrəman adına layiq görünənlər kimlərdir?
İnanmaq istəyirəm ki, Çingiz Abdulayev belə demək istəməyib və inanmaq istəyirəm ki, Çingiz Abdullayev demək istəyib ki, o dövrdə gənc dövlət kimi ordumuzu yenicə qururduq və demək istəyib ki, biz erməni ilə yox professional rus ordusu ilə vuruşurduq.
Özümü inandırmağa məcbur edir və ümid edirəm ki, Çingiz Abdullayev tezliklə yayılmış sözlərinə aydınlıq gətirəcək.
Birdə ki, axı Çingiz Abdullayev "rus dilli" əhali kateqoriyasına aiddir, doğma dilini zəif bilir, bəlkə buna görə fikrini Azərbaycan dilində tam izah edə bilməyib.
Çingiz müəllim, biz sizin izahınızı gözləyirik...

Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi