Поиск по этому сайту

четверг, 17 сентября 2020 г.

Vüqar Dadaşov-Ermənistanın Tovuzdakı təxribatının ssenaristi Rusiyadır-Səbəblərdən QAZ...

 

Vüqar Dadaşov-Ermənistanın Tovuzdakı təxribatının ssenaristi Rusiyadır-Səbəblərdən QAZ...

Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov Azərbaycanın Tovuz rayonunda Ermənistanın təxribatının səbəbləri barədə fikirlərini bölüşüb. Həmin yazın olduğu kimi təqdim edirik.

"İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Tovuz rayonu ərazisində avantürası Rusiyanın ssenarisi və nəzarəti ilə baş tutub. Belə bir qənaətimin izahlı əsaları var. Əvvəla onu deyim ki, Tovuz provokasiyasının hər iki tərəf Ermənistan və Azərbaycan üçün nəticəsindən aşlı olmayaraq yekunda qazanan tərəf Rusiyadır.

Rusiya Azərbaycana qarşı niyə belə bir addım atmalı oldu və niyə məhz Tovuzda?

Fikrimcə bu sualın cavabı çoxlarımıza bəllidir ancaq, xatırlasaq daha yaxşı fikrimi izah edərəm. Düşünürəm ki, ikinci dünya müharibəsində (Böyük Vətən Müharibəsi 1941-1945) faşizm üzərində qələbənin 75 illiyinin qeyd edilməsi şanına Rusiyanın Moskvada pandemiya görə təxirə salınmış və iyunun 24-də keçirilmiş qələbə paradında Azərbaycan Prezidenti Cənab İlham Əliyevin şəxsən iştirak etməməsi-Rusiya ilə Azərbaycan arasında bizə görünməyən fikir ayrılıqlarının mövcudluğunun göstəricisi idi. Azərbaycan hakimiyyətində Rusiya yönümlü kadrların ən yüksək dövlət postlardan uzaqlaşdırılması prosesinin başlanması, qeyd etdiyim Rusiya-Azərbaycan fikir ayrılıqlarının səbəblərindən biri ola bilər.

Rusiyanın Tovuz təxribatında maraqlı olmasının sübutlarından biri və ən başlıca səbəbi-Avropanın qazla təchizat məsələsidir yəni, Cənub Qaz Dəhlizi proyektidir. Bildiyimiz kimi, Cənub Qaz Dəhlizi proyektinin əsas məqsədi Avropanın enerji təhlükəsizliyinin təminatı və Avropanın rus qazından asılılığının ardan qaldırılmasıdır. Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizi proyekti Azərbaycan qazının Xəzər dənizindən Avropaya ixracıdır. Bu proyektin inşası və gücü daha yüksək ötürücü qabiliyyəti qonşu Qazaxıstan, Türkmənistan qazının da bu proyekt vasitəsi ilə Avropa bazarına çıxarılması barədə danışıqların aparılması və hətta İranın bu proyektə maraqlı olması, nəticə etibarı ilə Avropanın rus qazından aslılığının aradan qaldırmasına gətirib çıxara bilər. Əsas bir məqamı da yadımıza salsaq yaxşı olar-dünya bazarında neftin qiymətinin kəskin düşməsi əsas neft ixracçılarından biri olan Rusiyanın gəlirlərini xeyli azaldıb. Qeyd edək ki, neft dünya bazarına qiymətini neft birjaların yəni, qiymətin tələbata uyğun formalaşması, neft gəlirlərin stabilliyinə qeyri-müəyyənlik yardır. Qaz isə dünya bazarında və ölkələrə müqavilələrə uyğun olaraq stabil qiymətlə satılır. Bu baxımdan dünyanın nəhəng qaz ixracçısı Rusiya “Qazprom”un gəlirləri Rusiyanın əsas gəlirləri sayılır və demək olar ki, Rusiya iqtisadiyyatının onurğa sütunudur. Ona görə də Cənub Qaz Dəhlizi proyektini ruslar, Rusiya iqtisadiyyatı üçün təhlükə mənbəyi sayırlar.

Azərbaycanın Cənub Qaz Dəhlizi Proyekti üzrə və eləcədə digər proyektlər üzrə enerji daşıyıcılarının faktiki yeganə ixrac yolu məhz Tovuz rayonuda daxil olmaqla qərb rayonlarımızdan həyata keçirilir, Türkiyə vasitəsi ilə, elə Türkiyənin özünə və Avropa ölkələrinə çatdırılır. Sözsüz ki, Rusiyanın Tovuz təxribatı ətrafında yaranmış sualların (təxribat kimə sərfəlidir və niyə məhz, Tovuz rayonu?) cavabı elə budur. Bu cavabı yəni, Rusiyanın Tovuz təxribatının təşkilatçısı olduğunu təsdiqləyən digər məqamlarda var. Az qala 30 ilə yaxın bir dövrdə, Ermənistan işğalına qarşı Azərbaycanı dəstəkləyən Türkiyə bu dəfə ilk olaraq ölkəsinin 1-ci şəxsləri səviyyəsində Azərbaycana mümkün ən yüksək dəstək verməsi, Tovuz təxribatının Rusiyaya aid olmasının sübutudur. Maraqlısı odur ki, Tovuz təxribatı zamanı Rusiya proseslərə müdaxilə etməyən kimi görünməyə çalışırdı və əgər həqiqətən də Rusiya neytrallığı saxlayan ölkə idisə onda, 2016-cı il Aprel döyüşlərində Azərbaycan ordusunun əks həmlələrini niyə durdurmağa çalışırdı?! Nəzərə alaq ki, 2016-cı il Aprel döyüşləri beynəlxalq hüquqla tanınmış Azərbaycanın daxili ərazilərində, Tovuz təxribatı isə Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hərbi toqquşma idi. Qeyd edilənlərlə yanaşı Azərbaycan ordusunun General-mayorunun vurulması da Rusiyanın "xidmətidir". Heç kəsə gizli deyil ki, Ermənistan Azərbaycan Generalının hərəkət trayektoriyasını, mövqeyini müəyyən etmək üçün texniki imkanlara malik deyil və sözsüz ki, Azərbaycan Generalının koordinatlarının müəyyən edilməsi Tovuz təxribatında maraqlı olan Rusiyanın imkanı daxilində idi və nəticədə göz qabağındadır.

Əgər, Rusiyanın Tovuz təxribatı ilə bağlı Paşinyan Ermənistanı qarşısında qoyduğu tapşırıq və hədəf baş tutsaydı-nələrin baş verəcəyini təxmin etmək tam mümkün deyil. Ancaq, müəyyən proseslərin mümkünlüyü sözsüzdür. Rusiyanın Tovuz təxribatının əsas hədəfi olan Cənub Qaz Dəhlizi proyektinin əhəmiyyətsiz hala salınması olacaqdı. Bundan başqa, Rusiyanın müəllifi və dirijoru olduğu layihələrdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İqtisadi Birliyinə, Avrasiya Kömrük İttifaqı bu kimi layihələrə Azərbaycanın üzvlük məsələləri qaçılmaz olacaqdı. Hətta, Azərbaycan dövlət sərhədinin qorunması məsələsində rusların istəyi də artıq gizli deyil. Rusların Tovuz təxribatı baş tutduğu halda Paşinyan hakimiyyəti Rusiya sədaqətini sübut edəcəkdi, Paşinyan hakimiyyətinin ömrü uzanacaqdı-buna əsas səbəb isə Paşinyanın Qarabağ məsələsində mövqeyinin möhkəmlənməsi ola bilərdi.

Lakin, Azərbaycan ordusu Rusiyanın planlarını puç edərək işğalçı Ermənistan ordusunun arzularını ürəyində qoydu. Biz Azərbaycanlılar rus-erməni birliyinin Tovuz təxribatından qalib çıxdığımızın əsl mahiyyət və dəyərini bəlkə də hələ tam anlaya bilmirik ancaq ki, tarix bu hadisələri bir döyüşlə müstəqilliyimizin, suverenliyimizin qələbəsi kimi yazacaq. Bu qələbənin əsl dəyəri ölçüyə gəlməz dərəcədədir. Artıq düşmən kimliyindən aşlı olmayaraq, Azərbaycan ordusunun gücünü, milli maraqlarımız olan yerdə xalq, ordu və hakimiyyət birliyini, xalqımızın döyüş əzmini və döyüş ruhunun keçilməzliyini gördü.

Tovuz təxribatı əsl həqiqətdə Azərbaycan dövlətinə Qarabağda antiterror əməliyyatının üçün əlavə arqumentli siyasi, hüquqi əsaslar verdi."