Поиск по этому сайту

среда, 22 июля 2020 г.

Təbrik edirik!

Şəxsiyyətlərinə böyük hörmətlə yanaşdığım, sözün həqiqi mənasında əsl ziyalı adını layiqincə daşıyan Elçin Şıxlinski və Akif Aşırlı bu gün yüksək fəxri adlara layiq görülüblər. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin müəllim 3-cü dereceli "Vətənə xidmətə görə" medali ilə təltif olunmuşdur. Şərq qəzetinin baş redaktoru Akif müəllim isə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür. Bu münasibətlə əziz ziyalılarımızı təbrik edirəm, Allahdan Elçin müəllimə və Akif müəllimə can sağlığı, şərəfli peşə fəaliyyətində yeni-yeni zirvələr arzu edirəm!

 Vüqar Dadaşov


понедельник, 6 июля 2020 г.

Əbülfəz Qarayevin rəhbərliyi dövründə bəzi şəxslərə verilmiş fəxri adlar geri alınmalıdır

Dünən, 05.06.2020-ci tarixdə Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Tofiq Hüseynov vəfat edib. Yaxınlarının verdiyi məlumata əsasən mərhum sənətkar Xırdalan qəbristanlığında dəfn edilib. Hörmətli sənətkarımızın yaxınlarına baş sağlığı verirəm və Allahdan ona rəhmət diləyirəm. Yeri cənnət olsun.

Diqqətimi çəkən məqam isə rəhmətlik sənətkarımızın "XALQ ARTİSTİ" deyil, hələdə "Əməkdar artist" fəxri adında qalmasıdır yəni, Azərbaycan səhnəsinin ən tanınmış simalarından olan, istedadlı, təvazökar, Azərbaycan klassik səhnə ənənələrini yaşadan mərhum qocaman aktyorumuz Tofiq Hüseynovu, Əbülfəz Qarayevin başçılıq etdiyi Mədəniyyət Nazirliyi "Xalq artisti" adına layiq bilinməyib. Ancaq ki, Mədəniyyət Nazirliyi yarımçılpaq, 2-3 mahnı oxuyan, adət-ənənələrimizi məhv edən, danışığını belə bilməyən adamlara layiq olmadığı fəxri adları verib.
Niyə və hansı əsasa?!

Hələ, 2017-ci ildən başlayaraq müvafiq inzibati orqanlara, Milli Məclisə müraciət edərək layiq olmayanlardan fəxri adların geri alınmasını təklif və xahiş etmişdim. Müraciətlərim KİV-də də geniş işıqlandırılmışdı. Bu müraciətimə cavab alsam da məsələ baxılmamış qalmışdır. Hesab edirəm ki, Mədəniyyət nazirliyində baş vermiş hadisələrdən sonra, Əbülfəz Qarayevin başçılıq etdiyi dövrdə Mədəniyyət Nazirliyinin "zəhməti" əsasında layiq olmayan adamlara verilmiş fəxri adlar geri alınmalıdır.


Vüqar Dadaşov

Hüquqşünas, Qarabağ Qazisi, Azərbaycan Jurnalistlər Birliyinin, Respublika Ziyalılar Klubunun İH-nin üzvü, publisist,  VI çağırış Milli Məclisə deputatlığa namizəd.
https://axar.az/news/kult/142247.html


 SNN NEWS-Haber

суббота, 4 июля 2020 г.

BƏS MƏMMƏDYAROVUN ÖZÜ NECƏ OLSUN?!


BƏS MƏMMƏDYAROVUN ÖZÜ NECƏ OLSUN?!

Azərbaycan Respublikası DTX-nin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat sözsüz ki, çox sevindirici haldır və ilkin verilən məlumatlara əsasən həbs edilmiş şəxslərdə var. Ancaq ki, sözün düzü, XİN-də maliyyə məsəlləri əksər vətəndaşlarımızı o qədərdə maraqlandıran məsələ deyil. Belə ki,  Azərbaycan Respublikası XİN sıradan bir orqan deyil və onun başlıca vəzifəsi-beynəlxalq arenada Azərbaycan xalqının dövlət və milli maraqlarının qorunmasıdır.

Azərbaycan Respublikası Xarici İşlər naziri E. Məmmədyarov isə, Azərbaycan xalqının milli və dövlət maraqlarının üstündən qalın qara xətt çəkən bir şəxsdir və bunun müqabilində xarici ölkələrə küllü miqdarda varidat sahibi olmuşdur. E. Məmmədyarov Azərbaycanın milli maraqlarının al-verçisidir və məhz buna görə də şəxsən özü məsuliyyətə cəlb edilməlidir.

Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ Qazisi, AJB-nin üzvü, publisist

  SNN NEWS-Haber

четверг, 2 июля 2020 г.

TƏBİB, nə istəyirsən BİZDƏN, YETMƏDİMİ?!


Gündəmi zəbt etmiş əksər tanınmış şəxslərin, siyasətçilərin, həkimlərin əsas tövsiyyələrlə  yəni, qoruyucu maskalardan istifadə, sosial məsafə, özünü təcrid və gigiyenik qaydalara əməl edilməsinə dair çağırışlarına əhalinin laqeyd münasibətini aradan qaldırmaq üçün, tətbiq edilən inzibati üsullar lazımı effekti verə bilməz. Sözsüz ki, bu kimi tələblərə əməl olunmalıdır. Ancaq, məsələni inzibati yolla həll etmək mümkün deyil, məsələnin kökündə Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyətsizliyinin nəticəsi kimi mövcud “inamsızlıq” yaranıb və durur.

 Fikrimcə ilk növbədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə TƏBİB arasında liderlik uğrunda mübarizəyə və ikitirəliyə son verilməlidi və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Səhiyyə Nazirliyi ölkə üzərində bir başa əhalinin sağlamlığına cavabdeh icra edici hakimiyyət orqanı kimi, yaranmış vəziyyətə məsuliyyətlidir və başqa təşkilatlar kimi, TƏBİB-də Səhiyyə Nazirliyinin tabeliyində və nəzarətində fəaliyyət göstərməlidir. Əsl həqiqətdə də TƏBİB-ə əhalinin sağlamlığının təhlükəli bir dövründə və ümumiyyətlə belə bir məsuliyyətli funksiyanı həvalə etmək yanlışlıqdır. Əhalinin çağırışlara inamsızlığının əsas səbəbini məhz bunda görürəm.

İkinci bir məqamda odur ki, özünü tədric və sosial məsafə məsələsinin uğursuz tətbiqinin əsas səbəbləri, əhalinin daimi gəlir yerinin daha doğrusu, işsiz şəxslərin saylarının çox olması müqabilində əhalinin dolanışığının təmin edilməməsidir. Kim istəməz ki, evdə otursun, ailəsi ilə xoş günlər keçirsin-sözsüz ki, əgər müəyyən dərəcədə karantin rejiminə uyğun olaraq ailələrin minimum səviyyədə dolanışığı təmin edilərsə. Etiraf edək ki, bu karantin dövründə əhalinin gəliri nəzərə çarpacaq dərəcədə azaldığından işsizlərin küçələrə axını  ancaq, çörək üçün qazanc dalınca çıxanlardı. Odur ki, həqiqətən əgər, bu COVİD-19-la effektli mübarizə aparmaq istəyiriksə heç olmasa az təminatlı ailələrin və rəsmi gəlirləri ehtiyac meyarından aşağı olanların minimum dolanışığı təmin edilməlidir ki, əhalinin karantin rejimini pozmağa əsası və o cümlədən bəhanəsi olmasın.

Üçüncü bir məqamda odur ki, dəfələrlə bu haqda deyilsə də, yazılsa da, tibbi qoruyucu maska və digər gigiyenik vasitələrinin bahalığıdır. Pandemiya dövrünə qədər ölkəmizdə qoruyucu maskaların qiyməti 8-10 qəpik arasında idi və demək olar ki, bu vasitə ilə təchizat xarici ölkələrin hesabına təmin edilirdi. Cənab Prezidentimiz İlham Əliyevin bir baha tapşırığı ilə Sumqayıt şəhərində tibbi qoruyucu maskaların istehsalına başlanılıb. Ancaq ki, işbazlar ən ucuz maskanı 30 qəpikdən aşağı satmırlar.

Qısa və konkret olaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığına faktiki məsuliyyətli icra edici orqan olaraq fəaliyyət göstərməli, Qərargahdan işbazlar, səriştəsizlər uzaqlaşdırılmalıdır, əhalinin karantin rejiminə riayət etməyi üçün onların minimum maddi və ərzaq təminatı aparılmalı, gigiyenik vasitələrlə təmin edilməlidir. Bu halda istənilən nəticəni əldə etmək mümkündür.

TƏBİB isə, ümumi və gündəlik statistikanın reqresiv olmasına baxmayaraq nə işində dönüş yarada bilmir nədə, bacarıqsızlığını etiraf edərək mahiyyət dəyişikliyinə getmir... Görünən odur ki, TƏBİB inadından yapışıb bacarıqsızlığını boynuna almır ki, efektsiz və xeyirsiz bir qurum kimi, ölkə üzrə ümumi fəaliyyətinə son verilər və ləğv edilər. Ancaq, bu TƏBİB-in "inadı" xalqımızın və dövlətimizin milli təhlükəsizliyinə təhdid yaradır, TƏBİB bunu görmürmü və ya görmək istəmir?! Sadəcə, TƏBİB yaranmış vəziyyətə bir "dahada varlanmaq" şansı kimi baxır və yaxşı gəlirdən könüllü imtina etməyəcək. Əhalinin sağlamlığının risk altına alaraq TƏBİB bu yarıtmaz fəaliyyətini davam etdirəcək?!  TƏBİB, nə istəyirsən bizdən?! Bəs deyilmi?! Yetmədimi?!

  Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ Qazisi, Azərbaycan Jurnalistlər Birliyinin, Respublika Ziyalılar Klubunun İH-nin üzvü, publisist.

  SNN NEWS-Haber

Bu gün, Azərbaycan Polisinin yaranmasının 102-ci il dönümüdür

Bu gün yaradılmasının yüz ikinci ilini bayram edən Azərbaycan polisi gərgin və şərəfli inkişaf yolu keçmişdir. Azərbaycanın ilk daxili işlər naziri kimi tarixə adı düşən şəxs AXC-nin qurucularından biri, görkəmli dövlət xadimi Fətəli Xan Xoyski olmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tbilisidə “İstiqalal Bəyannaməsi”ni qəbul etdikdən sonra birinci hökumətin yaradılması haqqında da qərar verir. İlk hökumətin Baş naziri seçilən F.X. Xoyski həm də daxili işlər naziri portfelini daşıyırdı.
Həmin il iyunun 17-də Gəncəyə köçən milli hökumətin ikinci təşkilində daxili işlər naziri postunu Behbud xan Cavanşir tutur. B.Cavanşir polis orqanlarının formalaşdırılmasında böyük xidmətləri olan nazir kimi hər zaman ehtiramla yad edilir. Məhz onun rəhbərliyi və təşkilatçılığı liə Azərbaycanda ilk dəfə milli polis təşkilatının yaradılması işinə başlanmışdır.
Cümhuriyyət Höküməti iyulun 2-də Daxili İşlər Nazirliyinin məruzəsi əsasında polis işçilərinin əmək haqqını artırmaq barədə qərar qəbul edir. Bu qərarla Gəncə Quberniya İdarəsi işçilərinin sayı ixtisar edilir və təşkilatın yenidən qurulması haqqında təlimatlar hazırlanır. DİN-in Gəncə şəhərində həyata keçirdiyi ilk tədbirlərdən biri də şəhərin özünüidarəsinin bərpa edilməsi olmuşdur. Polis orqanlarının konkret fəaliyyəti və təşkili ilə bağlı 1918-ci il iyulun 2-də verilən bu qərar Azərbaycan polisinin yaradılması günü kimi qəbul edilmişdir.
     Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

  1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.

 Müstəqilliyimizin ilk dövründə Azərbaycan Respublikası DİN DQ tərkibində vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda vuruşan ilk əsgər və zabitlərə DİN döş nişanları verildi, fəxr edirəm həmin əsgərlərdən biri də mən idim və həmin nişanı əziz xatirə kimi saxlayıram.

   Tariximizi və bu günümüzü yaşadan bayram münasibəti ilə Daxili İşlər Naziri Cənab Vilayət Eyvazov başda olmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını təbrik edir, can sağlığı və şərəfli peşə xidmətlərində uğurlar arzulayıram.
    Bayramınız mübarək!

 Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi, DİN DQ veteranı, publisist, AJB-nin üzvü

 SNN NEWS-Haber