Поиск по этому сайту

суббота, 16 октября 2021 г.

Məhkəmələrə müraciətlərin məhdudlaşdırılması necə islahat adlana bilər?

                                    

Azərbaycanda Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərman imzalamışdır. Həmin Fərmana uyğun olaraq Məhkəmə-hüquq sisteminin fəaliyyətinin yaxşılaşdırılması üçün işlər davam etdirilir.

Sözsüz ki, məhkəmə-hüquq sistemində aparılan islahatların əsas məqsədi, dövlət idarəetmə sisteminin  üç hakimiyyət (qanunverici, icraedici və məhkəmə hakimiyyəti) qolundan biri olan məhkəmə hakimiyyətinin gücləndirilməsi, cəmiyyətin məhkəmə-hüquq sisteminə inamının artırılmasıdır. Hələ 2018-ci ildə Məhkəmə-hüquq sistemində vacib sayılan sahələr üzrə lahiyyələr və təkliflərlə Milli Məclisə müraciət etmişəm.(Təklif olunan həmin dəyişikliklər barəsində bu linkdən məlumat ala bilərsiz:( http://siam.az/siyaset/57369-vuqar-dadaov-mhkm-sistemind-islahatlar-davam-etmlidir.html)

 

Ancaq bu sahədə aparılan işlər əsaslı olaraq müəyyən narahatçılıq yaradır. Bildiyimiz kimi, 29 mart 2019-cu il tarixli “Mediasiya haqqında” Azərbaycan Respublikasının  Qanununa əsasən 12 fevral 2020-ci tarix Mediasiya Şurası yaradılmışdır hansı ki, vəzifəsi və hədəfi mübahisələrin məhkəmədən kənar həlli və məhkəmələrin iş yükünün azaldılması kimi müəyyən edilmişdir.

 

Ardınca, 16 iyun 2021-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində edilmiş dəyişiliklərə əsasən Məhkəmə "əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən" tərəfi, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə biləcək.

 

25 iyun 2021-ci il tarixli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən isə məhkəmələrə müraciət etmək üçün tələb olunan dövlət rüsumu  xeyli miqdarda artırılmışdır. Məsələn, əvvəl qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumu 10 manatdan 40 manata qədər idisə indi ən 100 manat dövlət rüsumu müəyyən edilmişdir.

Təkcə yuxarıda göstərilən bu üç dəyişikliklər bürokratiya yaratmaqla, məhkəmələrə əhalinin müraciətində maddi çətinlik yaradır, vəkil fəaliyyətini əhəmiyyətsiz və təsirsiz edir.

 

Mediyasiya institutunun yaradılması ilə bağlı qeyd edim ki, bu Qanuna qədər Azərbaycan Respublikası qanunvericiliyində hüquqi şəxslər arasında və eləcə də fiziki şəxslərlə hüquqi şəxslər arasında mübahisələrin məhkəmə baxışının mümkünlüyü üçün qarşı tərəfə “Pretenziya”nın verilməsini kimi tələblər mövcuddur . Həmin tələbə əsasən tərəflər yaranmış mübahisəni həll etmək üçün qarşı tərəfə Pretenziya ilə müraciət etməli və mübahisəni öz aralarında həll edilmədikdə, Pretenziya rədd edildikdə mübahisə Məhkəmə predmet kimi icraata qəbul edilə bilər. Xüsusi ilə qeyd edim ki, Mediyasiya xidməti tərəfləri barışmağa məcbur edə bilməz və  təklifləri də tərəflər üçün məcburi yox, tövsiyə xarakterlidir. Mediyasiya xidməti ancaq mübahisənin tərəflər arasında həll olmadığını sübut edən sənədi verdikdən sonra Məhkəmə həmin mübahisə üzrə işi icraata qəbul etməlidir. Sualda elə ondadır ki, heç bir təsir imkanlarına malik olmayan Mediyasiya xidmətinin “Pretenziya” mərhələsindən əhəmiyyətli fəqri nədədir? Bunun üçün əlavə xidmətin yaradılması yox, Pretenziya mərhələsini təkmiləşdirmək daha effektiv ola bilərdi. Mediasiya xidməti mahiyyətcə əlavə bürokratiya yaradan və subyektin məhkəməyə müraciətini əngəlləyən bir vasitədir.

 

Azərbaycanda ailə institutun  möhkəmləndirilməsi, boşanmaların qarşısını almaq üçün Mediyasiya xidmətindən daha əhəmiyyətli vasitələrin tətbiqi hədəflənən nəticəni verə bilərdi. Belə təkliflərin bəziləri haqqında layihəni  hələ 2018-ci ildə Milli Məclisə təqdim etmişəm və həmin təkliflər mahiyyətcə (https://snn-news-haber.blogspot.com/2019/08/snn-news-haber-qadnlar-niy-ax-bosanrlar.html) nigahın rəsmi bağlanması ilə paralel “nigah müqaviləsi”nin məcburiliyi,  3 yaşına qədər azyaşlı uşaqları olan valideynlərin boşanmasının  qadağan edilməsi, boşanmadan sonra uşağın kiminlə qalmasının müəyyən edilməsi zamanı valideynlərin  təhsil səviyyəsi, yaşayış yeri, işi-gəlirləri, sağlamlığı, məhkəmə tərəfindən valideynlərə barışmaq üçün verilən 3 ay müddətin daha çox uzadılması və alimentin təyin edilməsi  Azərbaycan Respublikasında  uşaqlar üçün yaşayış minimumuna uyğun deyil, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən müəyyən edilməsi əsas şərt olaraq tətbiq edilməsindən  ibarətdir .

 

Vəkillərin onsuzda məhdud səlahiyyətlərinin daha da azaldılması (əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən" tərəfi, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimələnməsi) məhkəmə çəkişməsində vəkili təsirsiz və əhəmiyyətsiz hüquq müdafiəçisi etməklə iş üzrə ədalətli qərarın çıxarılmasına şübhələr yaradır. Bu tətbiq vəkili, müdafiəçini formal və mənasız iştirakçıya çevirir. Əvvəla qeyd edim ki, dünyanın heç bir hüquqi dövlətində hüquq müdafiəçiləri üçün belə bir absurd məhdudiyyət yoxdur. Azərbaycanda nümayəndəlik institutunun  ləğvi, vəkillər ittifaqına alternativ qurumun olmaması  bu qurumu hüquq yardım sahəsində monopolisti etməklə bu sahədə rəqabət və peşəkarlığın inkişafını yox dərəcəsinə endirir.

 

Məhkəmələrə müraciət etmək üçün tələb olunan dövlət rüsumunun xeyli miqdarda artırılması isə əhalinin məhkəmələrə müraciət etmək hüququndan istifadəsini çətinləşirir. Qeyd etdiyim kimi, qanunda son dəyişikliklərə əsasən  qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumu 100 manat miqdarında müəyyən edilmişdir. Ölkə üzrə tətbiq edilən dövlət rüsumları, cərimələr və sair ölkədə qüvvədə olan minimum əmək haqqına (250 manat), yaşayış minimuma (196 manat)  uyğun mütənasibdə olmalıdır. Əmək haqqının yarısı miqdarında  dövlət rüsumunun müəyyən edilməsi hansı məntiqə, elmə uyğundur?

 

Yazıda qeyd etdiyim ardıcıllığa fikir verəndə belə bir qənaətə gəlirsən ki, dövlətimizin Məhkəmə-hüquq sistemində apardığı islahatları qanun  lahiyəsi hazırlayanlar və qanun qəbul edənlər “məhkəmlərin iş yükün azaldılmasını” kimi  hərfi mənada anlayırlar. Məhkəmə- hüquq sisteminin fəaliyyətində keyfiyyət əmsalı kəmiyyət əmsalı ilə dəyişik salınır, məhkəmələrin iş yükün azaldılması o demək deyil ki, mümkün inzibati yollarla əhalinin məhkəmələrə müraciətlərinin qarşısı alınmalıdır. 250 manat əmək haqqı alan 100 manat dövlət rüsumu ödəyərək Məhkəməyə getməyəcək, vəkil cərimələnəcək deyə vəsatət verməyəcək-işlər araşdırılmadan tez yekunlaşacaq, ölkədə nümayəndəlik institutu ləğv edildiyindən və vəkillər ittifaqının alternativinin yoxluğundan bu təşkilat təsirsiz formal bir qurum kimi faktiki müşahidəçi halına salındığından hüquqi müstəvidə mübarizə aparmayacaq, mediasiya xidməti əlavə bürokratik maneə yaratdığından məhkəməyə müraciət etmə əngələnəcək-gecikdiriləcək və  sözsüz ki, nəticədə məhkəmələrin iş yükü azalacaq-daha doğrusu baxılan işlərin sayı azalacaq, həll olunmamış məsələlər isə cəmiyyətdə qalacaq. Əgər ölkəmizdə Məhkəmə-hüquq sistemində aparılan islahatların məqsədi məhkəmələrin iş yükünün azaldılması kimi anlaşılırsa, onda bu islahatlar Sahil Babayevin əhalinin sosial müdafiəsi sahəsində apardığı “islahat” kimidir.

Məhkəmələrə müraciətlərin məhdudlaşdırılması ilə yaranmış belə bir vəziyyət hansı göstəriciləri ilə islahat adlana bilər?

 

Vüqar Dadaşov

Hüquqşünas, MCP-nin SŞ-nın üzvü, Qarabağ qazisi