Поиск по этому сайту

вторник, 26 ноября 2019 г.

"NURUSTAN" gənc qoca...


Azərbaycan ədəbiyyatı nümunələri arasında son dönəmdə yazılan əsərlərdən ən diqqətimi çəkən Rəşad Mahmudun "Nurustan" əsəri oldu. Klassik ədəbiyyatda Nizami Gəncəvinin, Əfzələddin Xaqaninin, Məhəmməd Füzulinin, İmadəddin Şeyx Nəsiminin öz izi-cığırı vardır. Ancaq o izi-cığırı indi davam etdirən, onların yazdığı üslubda, o ruhda yazıb-yaradan şairlər indi demək olar ki, yox dərəcəsindədir. İrad bildirəndə də deyirlər ki, "onların üslubu köhnəlib, əruz vəznini sərbəst vəzn əvəz edib...və.s." Lakin bildirmək istəyirəm ki, əslində elə deyil. Sadəcə o "şairlər" "köhnə" dedikləri üslubda yaza bilmirlər yaxud da yazmağa həvəsləri yoxdur, sadəcə bəhanə gətirirlər. Əslində isə biz klassik şairlərimizin yazdığı üslubu diri və duru saxlamalı, yaşatmalı, gələcək nəsillərə əyani şəkildə ötürməliyik. Şair-publisist Rəşad Mahmud həm məna-məzmun, həm də üsul-üslub baxımından keçmiş klassiklərimizin dəsti-xəttini məharətlə davam etdirir. Bu əsəri oxuduqca onun mütaliəsinin geniş olduğu, tarix, fəlsəfə, din, irfan-təsəvvüf qavramlarını mənimsədiyinin şahidi oluruq. Sədi Şirazinin "Gülüstan" əsərinə nəzirə də adlandıra bilərik "Nurustan"ı. Belə ki, əgər Sədi öz əsərini fars dilində, tarixi həqiqəti əks etdirməyən (lakin ibrətamiz olması danılmazdır !) rəvayətlərlə bəzəmişdisə, Rəşad Mahmudun ondan müsbət mənada fərqi ondan ibarətdir ki, o "Nurustan"ı türk-azərbaycan dilində yazıb və nəzmə çəkdiyi bir çox ibrətamiz-nəsiətamiz olaylar tarixi gerçəkliklərdəndir. Kitab bölümlərə ayrılıb, hər bölüm hissələrdən ibarətdir, sanballı aforizmlərdən sitatlar gətirilib, qeyd olunan nəsihətlər, ibrətli hekayələr Sədidən fərqli olaraq bütövlükdə nəzmə çəkilib.
"Nurustan" Rəşad Mahmudun uzun illərinin bəhrəsidir. Bu əsəri yazınca o bir neçə pyes, poema, müxtəlif şeirlər toplusu yazıb-yaradıb, hətta bir qismini nəşr də etdirib. İki kitabı işıq üzü görmüş Rəşad Mahmud əsərin adını da düşünərək doğru seçib. İnsanın həyatını da axirətini də aydınladan (aydınlatmalı olan) məhz ilahi nurdur, işıqdır, zəkadır... Quranda təsadüfi deyil ki, "Nur" surəsi var və Haqq təala öz vəchini nura bənzədir. Həqiqətən də Rəşad Mahmudun "Nurustan" əsərini oxuduqca insan sanki nur qərq olur, keçmiş klassiklərimizi bir daha xatırlayır, onların üslubunda, ancaq yeni ruhda, müasir qələmlə yazılmış nəsihətlərlə süslənir. Türk millətinin çoxminilik tarixi-milli gələnəklərinə işıq tutaraq yaşını qabaqlayan müəllif özündə bir ağsaqqallıq cəsarəti bularaq sanki Dədə Qorqudcasına gəncliyə-gələcəyə nəsihət edir, tariximizi, milli ruhumuzu, irfanımızı, dərin köklərimizi bizə xatırladır. Hesab edirəm ki, müasir zamanda yazıb-yaradan yeni nəsil yazarlarımız arasında Rəşad Mahmudun öz xüsusi, sanballı, ağır taxtalı dəsti-xətti var və bu xətt bayağılıqdan, pafosdan, səthilikdən arınmış, durulmuş, həyat məktəbi keçərək püxtələşmiş, müdrikləşmişdir.
Rəşad Mahmud gənc olmasına baxmayaraq, dünya ədəbiyyatını, İslam dinini, siyasət aləmini bilən, oxuyan, izlə gedən yox, öz izi olan yazarlarımızdan, dostlarımızdandır. Heç təsadüfi deyil ki, bu yaşında artıq o ölkənin yaşlı-başlı ağsaqqallarının, qocaman ziyalılarının da halallığı ilə qurulmuş, "Ziyalılar klubu" adlanan özündə ədəbi, mədəni, mənəvi aləmi ehtiva edən ciddi bir qurumun təsisçilərindən-idarə heyətinin üzvlərindən biridir. Öz təvazökarlığı (bu təvüzökarlıq onun yaradıcılığına da sirayət edib) səbəbindən mətbuatda  ağır-ağır görünsə də sanballı əsərləri ilə, kəsərli vətənpərvər yazıları-şeirləri ilə cəmiyyətə nur saçmağı bacarır.
Mən, dostum Rəşad Mahmuda uğurlar diləyərək əziz oxucuları "Nurustan"ın nurun qərq olmağı arzu edirəm.

Tural İrfan
İlahiyyatçı-yazar, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

 SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий