Поиск по этому сайту

пятница, 30 июля 2021 г.

MİNSK QRUPU-nun prosesə buraxılması Qarabağ problemin dirçəlməsi deməkdir

 


Ermənistan Azərbaycan sərhədində yaşanan gərginliyin aradan qaldırılması, sərhədlərin demarkasiyası prosesinə ATƏT-in Minsk qrupunun cəlb edilməsi və bu mövzu ətrafında müzakirə belə düzgün deyil. Azərbaycan öz tale yüklü məsələnin həllinə heç bir beynəlxalq təşkilatı buraxmamalıdır olsun ki, hələ Minsk qrupunu. Bu gün ABŞ və Fransa faktiki olaraq regionda heç bir real təsir imkanına malik deyil. Minsk qrupunun eksqumasiyası  ancaq bu iki dövlətin siyasi maraqlarına xidmətin bərpası kimi, həmdə gələcəkdə həll edilmiş Qarabağ məsələsinin yenidən dirçəlməsi ehtimalını artırır.  Bu halda ABŞ və Fransa Minsk qrupunun mandatı  ilə regionda siyasi-diplomatik təsir imkanlarını əldə edə bilər.

 

Post müharibə dövründə Ermənistan-Azərbaycan arasında ən həssas məsələ sərhədlərin demarkasiyası, erməni hərbi birləşmələrin, silahlılarının  Qarabağdan çıxarılması və ən kommunikasiya məsələsi daha doğrusu Zəngəzur dəhlizinin açılışıdır. Bu üç olduqca vacib məsələlərin həllində Minsk qrupu heç bir təsirə və imkana malik deyil. 10 noyabr, 11 yanvar üç tərəfli bəyanata əsasən yuxarıda sadaladığım məsələlərin icrası Rusiyanın məsuliyyətindədir. Sərhəd məsələsində isə Rusiya bir mənalı olaraq söz sahibidir çünki, Rusiya SSRİ-nın varisi kimi Ermənistan Azərbaycan arasında dəqiq inzibati sərhəd məlumatına, sənədlərə və arxiv materiallarına malikdir və hansı ki, Azərbaycan maraqlarına uyğundur və  indiki vəziyyətdə də Rusiyanın mövqeyi  neytral və ədalətli görünür.

 

Kəlbəcərdə son  atışmadan sonra  Rusiya Müdafiə Nazirliyinin verdiyi “Ermənistan yeni reallıqları qəbul etməlidir, əks halda Azərbaycan ərazi bütövlüyünü qorumaq üçün qəti tədbirlər görəcək” açıqlaması Azərbaycanın maraqlarını əks etdirir və sülhə məcbur etmə əməliyyatlarının başlanmasına yaşıl işıq yandırır. Ancaq Minsk qrupu üzvü ABŞ və Fransa post müharibə dövründə də Azərbaycana qarşı düşmən mövqeyində dəyişiklik etməyib . ABŞ Ermənistandakı səfirinin Azərbaycanın Kəlbəcər rayonuna  yaxın sərhədə bölgəsinə səfəri və son Kəlbəcər atışmasından sonra ABŞ-ın Azərbaycana maliyyə yardımını dayandırması ABŞ-ın Azərbaycana qarşı düşmən mövqeyinin son sübutlarındandır. Fransadan isə heç danışmağa dəyməz, bu dövlət isə 1-ci erməni dövləti olduğunu çoxdan təsdiq edib. Fəaliyyət dairəsindən asılı olmayaraq Minsk qrupunun bərpası ümumən post müharibə dövründə baş tutacaq proseslərə müdaxilə imkanı yaradır və təbii ki, ABŞ və Fransa Minsk qrupunun həmsədrləri kimi Rusiyanı neytrallaşdırmaq və prosesi Rusiyanın  yekdil nəzarətindən çıxarmaq, Rusiyanı Azərbaycan və Türkiyə qarşı qoymaq kimi məqsədlər güdəcək. Sözsüz ki, bu şəraitdə Ermənistan-Azərbaycan arasında yekun nəticənin-sülh müqaviləsinin imzalanması  çətinləşəcək.

 

Minsk qrupunun post müharibə prosesinə buraxılması üçün ABŞ və Fransanın canfəşanlığı fonunda Rusiya Azərbaycan üçün ədalətli tərəfdaş kimi özünü göstərir. Ancaq bu o demək deyil ki, Rusiya öz oyununu oynamır. Sözsüz ki, Rusiyanın da öz maraqları var, amma indiki real geosiyasi vəziyyətdə Rusiya Azərbaycan və Türkiyə ilə tərəfdaş olmaqda NATO və Avropa Ittifaqı ilə çəkişmədə müqavimət və dözümlülük əldə edir. Bu səbəbdən də Rusiya Azərbaycan və Türkiyə maraqları ilə hesablaşmağa məcbur və bu vəziyyətdən də uduşludur.   

 

Rusiya regionda maraqlarını təmin edib, Azərbaycan və Türkiyə ilə ortaq məxrəcə gəlib, Zəngəzur dəhlizinin də açılması yaxın zaman məsələsi kimi görünür. ABŞ və Fransanın Minsk qrupunun eksqumasiyasına çalışması əsasən erməni sevgisi yox, Türkiyə, Rusiya və Azərbaycan birliyini laxlatmaq, Rusiya türkiyə arasında çat yaratmaqdır. Belə bir Minsk qrupu fəaliyyət dairəsindən asılı olmayaraq ancaq və ancaq Azərbaycana xələl gətirəcək və buna əsla yol vermək olmaz.



Vüqar Dadaşov 

MCP SŞ-nın üzvü, hüquqşünas, Qarabağ qazisi