Поиск по этому сайту

четверг, 26 мая 2022 г.

Psixoloji "MƏMUR SİNDROMU" Bəs siyasi partiyalarda bu sindrom haradandır?

 


"Vəzifə hərisliyi" az qala elmi termin kimi, işlədilən bu söz birləşməsi məmur ətrafında formalaşmış əsl reallığı özündə tam əks etdirə bilmir. Praktik nümunələr və analizin ortaya çıxardığı qənaət ondan ibarətdir ki, Azərbaycanda məmur tayfasının özünəməxsus düşüncə tərzi var ki, bu düşüncə tərzi də adekvat insan xüsusiyyətlərinə heç uyğun gəlmir.

Əslində Azərbaycanda vəzifə hərisliyi psixi xəstəlikdir və mən bunu "məmur sindromu" adlandırıram. Əvvəla qeyd edim ki, "məmur sindromu"na tutulmuş şəxslər özünün "aliliyinə" inanmış adamlardır və onların düşüncəsinə görə mənşəyi "homosapiens"in "idarə edənlər" qrupuna aid olmasıdır. Bu qrupun anladığı və özü üçün dini inanc kimi, qəbul etdiyi xüsusi fərlilik o dərəcədədir ki, bunlar adi insanlarla heç ünsiyyət yox e, adicə üzləşməkdən yayınırlar və adi insanları Hindistan mental və dini dəyərlərinə uyğun olaraq təbəqələşmə "kasta sistemi"nin alt qatı hesab edirlər. Həmin hind baxışına görə alt kasta adamlarına toxunmaq, danışmaq olmaz.
Gələk doğma və əziz vətənimizə. Bir neçə nümunə göstərim: deməli tanıdığım məmurlar var ki, öz işlədiyi xidməti binada şəxsinə ayrıca ayırdığı lifti var və həmin lifdən ancaq bu "rəis" istifadə edir. Əksər idarə rəhbərlərinin xidməti binaya girişi də belə gizli və heç kimin istifadə etmədiyi "koridordur". Məmur var ki, hətta tabeliyində olanlara salam vermir və tabeliyində olanlardan salam almır, nəinki adi vətəndaşlardan. Məmur var ki, işçilərini söyüb təhqir edir, alçaldır, aşağılayır, əxlaqsızlıq edir, qız-gəlinə sataşır. Məmur var ki, qohum-qardaşından da imtina edib. Məmur var ki, xeyir-şərini heç bir mövqeyi, postu olmayanlardan təmizləyib. Məmur var ki, uzanan salam verən əli boş geri qaytarır. Məmur var ki, Əstafurullah Allah kimi hələ də bir vətəndaşı qəbul etməyib. Məmur var ki, zorla vətəndaşı qəbul etmək məcburiyyətində qalıb və qəbul zamanı başını qaldırıb, qəbula gələnin üzünə baxmır. Nə isə saydıqca qurtaran deyil...
Belə "məmur sindromu"na yoluxanların şəxsi bioqrafiyasına və "nəsil ağacına" baxanda demək olar ki, hamısında eynilik görürsən - hamısının ZATI xarab və yerində təsadüfi adamlardır.
Əsas sual, haradan qaynaqlanır məmurun bu yekəxanalıqlı, özünə arxayınlığı, özünün əvəz edilməzliyi, özünün aliliyi? Sözsüz dövlətimizin onlara verdiyi vəzifə mövqeyindən, səlahiyyətlərindən və ən əsası da həmin yüksək postda uzun müddətdə qalmasından, özünün "seçilmişlərdən" olmasına inanmasından, hətta nə də etməsinə baxmayaraq uzağı vəzifəsinin və yerinin dəyişəcəyinə əminliyindən "toxunulmaz" olmasını hiss etməsindən qaynaqlanır.
Ancaq bütün bunlar "məmur sindiromu" psixoloji xəstəliyinin əlamətlərini özündə cəmləşdirən vəzifə "privileqiya"sidir hansı ki, o vəzifəyə təyin olunmaqla əldə ediblər. Zat, kök, mədəniyyət, insanlıq, alicənablıq kimi immuniteti olanlar "məmur sindromu" xəstəliyinə tutulmur və bu xəstəliyin tibbi müalicə üsulu olmasa da, vəzifədən azad etmə kimi "iynəsi" var. Belə məmurların elə ən böyük cəzası budur - ona vəzifəsinə görə adam sayıldığını anlatmaq. Sonra da qalan müalicəsini də "cəzaçəkmə" müəssisəsində davam etdirmək...
Ən dəhşətlisi odur ki, "məmur sindromu" qeyri hökumət təşkilatlarına, siyasi partiyalara da sirayət edib. Bu sindromun ən iyrənc forması bəzi siyasi partiyalarda "monarxiya" formasını alıb. Xalqın, millətin ideyasını özününküləşdirən bəzi siyasi partiya rəhbərlər postunu on illərlə və hətta otuz illərlə işğalda saxlayır. Bu hal həm "məmur sindromu" xəstəliyi kimi, həm Azərbaycan xalqına bir təhqirdir. Hələ partiya özünün, üzvlərin fərdi inkişafını demirəm. Belə çıxır ki, bu xalq 30 illərlə siyasi rəhbər, lider yetişdirmək qabiliyyətində deyil və bu siyasi liderləri əvəz edə biləcək birisi yoxdur, əgər yoxdursa belə çıxır ki, siz öləndən sonra (ölüm hamı üçün haqdır) rəhbərlik etdikləri təşkilatlar da dağılmalıdır.
Acınacaqlı vəziyyət ondadır ki, dövlət məmurunu yuxarı rəhbər azad edə bilir, ancaq ömürlük siyasi partiya liderlərini özəlləşdirdiyi postundan heç kim uzaqlaşdıra bilmir. Özlərinin də insafları yoxdur. Onda radikal müxalif partiya lideri demokratiya, azad seçki, müstəqil mətbuatdan danışmağın adı nədir, özün əməl etmədiyinə başqalarının əməl etməsinə necə çağırış edə bilərsən? Necə deyərlər dağ göz qabağındadır. Belə siyasi partiya rəhbərləri tutduqları rəhbər postunu "məmur postu" kimi görür və tutduğu yüksək mövqe ilə özünün maddi və həyat şəraitini yaxşılaşdırır, adi insanları "ideyadaşlar", “partiyadaşlar” adı altında istismar edir. İndi gəl "məmur sindiromu"na tutulmuş şəxslə "siyasi lider monarxlar" arasında fərqi tap...
Haqq üçün deməyə borcluyam ki, vətənimizdə məmur adını ləyaqət və vicdanla daşıyan, vəzifəsini dürüst və layiqincə, sədaqətlə yerinə yetirən, dövlət və cəmiyyət qarşısında məsuliyyətini anlayan sayca az da olsa vəzifəli şəxslər, məmurlarımız da var.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
26.05.2022

суббота, 14 мая 2022 г.

ABŞ İran razılaşması mümkümdürmü?

 


İran və 4+1 ölkələri Vyana müzakirələrində ümumi razılığa gəlib. Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib.

O bildirib ki, sazişin mətni hazırdır, digər məsələ ABŞ-ın cavabından asılıdır.

"ABŞ-ın qərarı Vyanada sazişin rahatlıqla imzalanmasına gətirib çıxara bilər. Vyana müzakirələrinin koordinatoru Enrike Moranın Tehrana səfəri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Avropa İttifaqının Xarici Əlaqәlәr vә Tәhlükәsizlik Siyasәti üzrә Ali Nümayәndәsi Cozef Borrel ilə telefon danışığından sonra baş tutub. Tehranda nümayəndələrin görüşüb müzakirə aparması zərurəti var idi", - deyə XİN sözçüsü qeyd edib.

Sazişin mətninə ABŞ - ın cavabı necə ola bilər?

Politoloq Vüqar Dadaşov“Xalq Cəbhəsi”nə verdiyi açıqlamasında deyib ki, İran və 4+1 ölkələri arasında Vyana görqşündə razılığın əldə olunacağı gözlənilən idi. Ümumən dünyada baş verən siyasi proseslər bunu şərtləndirir. Müsbət nəticənin əldə olunmasına İran da, Qərb də maraqlı durumdadır: “Sözsüz ki, ABŞ da İranla razılaşmanın maraqlı tərəfidir hərçənd ki, müəyyən monipulyasiv siyasi gedişlər etməklə daha çox xeyir əldə etmək istəyir. İlkin vəziyyətdə, İranın Qərblə razılaşmada maraqları bəllidir, ancaq Rusiya-Ukrayna, daha doğrusu, Rusiya-Qərb müharibəsindən sonra İran Qərbin hədəfinə tuş gəlmək istəmir. İran nə qədər aqressiv danışsa da Rusiya nümunəsi onu çox düşündürür və narahat edir. Belə ki, hərbi baxımdan Rusiyadan qat-qat zəif İran Qərbin müasir hərbi gücü qarşısında zəlil vəzyyətdə olduğunu Rusiya timsalından yaxşı anlayıb və ABŞ-ın tələblərinə boyun əyəcəyi özünün həyatı xilası kimi görünür. Yenə də qeyd edim, İranın arabir aqressiv, militarist çıxışlarının heç bir ağırlığı yoxdur və təbii refleks şəklində adi haldır. Bu birinci məqam. Bəllidir ki, Rusiya İran ilə strateji əməkdaşlıq münasibətindədir və beynəlxalq məsələlərdə adətən eyni mövqedən çıxış edirlər. Hazırda Qərbin, ABŞ-ın hədəfində Rusiya olduğu üçün və son dərəcə iqtisadi, hərbi təzyiqlər qarşısında Rusiyanın slxışdırıldığı bir vaxtda onun ümid yerlərindən biri kimi tanınan İranın Rusiyadan uzaqlaçdırılması vacib şərtdir”.

V.Dadaşov digər olduqca vacib məsələnin isə Avropanın enerji təhlükəsizliyi məsələsi olduğunu deyib. Hansı ki, Avropa Rusiya enerji daşıyıcılarından asılı vəziyyətdədir və Rusiya-Ukrayna (Qərb) müharibəsi fonunda Rusiya neft və qazından imtina məqsəd olaraq qarşıya qoyulub: “İran isə Xəzəryanı dövlətlərlə birlikdə bu məsələdə Avropanın qaz və neftlə təminatında mühüm rol oynaya bilər. Bəllidir ki, Avropanın Rusiya enerji daşıyıcılarından və əsasən də qazdan imtina etməsi ideyası ABŞ-a məxsusdur. Deməli, Avropanın alternativ enerji təhcizatı da ABŞ-ın məsuliyyət dairəsinə aiddir. Bu baxımdan, İranın Avropanın alternativ enerji təchizatında iştirakına müvəqqəti olsa da ehtiyac yaranıb. Nəzərə alsaq ki, mövcud Rusiya ilə Avropa arasında enerji təminat infrastrukturun qısa zamanda dəyişməsi elə də asan məsələ deyil və Qərbin qoyduğu məqsədə isə ən qısa yol və tez çatdırma Xəzəryanı dövlətlərdən və Azərbaycanın sahib olduğu beynəlxalq enerji xətləri ilə İranın da bu məsələdə aktiv iştirakı mümkün variantlardan biridir. Odur ki, İndiki mərhələdə ABŞ İranla razılaşmanın əldə olunmasına və müvafiq sazişin imzalanmasına yaşıl işıq yandıra bilər”.

Türkiyə və Azərbaycanın beynəlxalq siyasi böhran fonunda maraqları. "Rus icması" oyununun perespektivi varmı?

 


Dünən Xankəndində separatçı rejimin başçısı Araik Arutuyunyan orada formalaşdırılmış “rus icması” nümayəndələri ilə görüşü sözsüz ki, Rusiya ssenari üzrə rolun oynanılır. Təbii ki, Rusiya gələcək qığılcım ocağı yaratmaqla ərazilərimizdə özünün hər hansı bir formada mövcudluğuna yaratmaq istəyir və bu prosesə Rusiya xeyli vaxt əvvəl start verib.
Hələ keçən il (28.06.2021) məqalələrimin birində “Rusiya ümumən, Cənubi Qafqazda qalmaq üçün müxtəlif variantlar və planlara malikdir. İlk növbədə Rusiyaya bəllidir ki, Ermənistanda mövqeyi əsalı şəkildə sarsılıb və 44 günlük müharibədə Azərbaycana məğlub olan Paşinyan hakimiyyətinin Ermənistanda növbədənkənar seçkidə inamlı qələbəsi elə buna sübutdur. Məhz buna görə sülhməramlı adı ilə Qarabağa girən Rusiya Qarabağda separatçı rejimə "stavka" etdi. Rusiyanın Qarabağda "rus dili və rus vətəndaşlığı" oyunu, rus sülhməramlılarının mandatından kənar fəaliyyəti və fəaliyyəti ilə bağlı informasiya senzurası Qarabağda separatçı rejimə "stavka"nın tərkib hissəsidir”- qeyd etmişdim.
Erməni separatçıların “rus icması” gedişi könüllülük əsasında deyil və separatçı rejimin bunu çarəsiz və köməksiz vəziyyətdən çıxış kimi görür. Nümunə olaraq, Ermənistanı monoetnik dövlətə çevirmiş ermənilərin “rus icmasl” istəyinin özü heç inandırıcı deyil. Deməli ssenari kənardan daha doğrusu, Rusiya tərəfindən təşkil olunub və idarə olunur. Ancaq, hələ Rusiya-Ukrayna müharibəsinə qədər açıqlamalarımda qeyd etdiyim ki, Rusiya göründüyü kimi güclü deyil və Rusiyanın məhvi mütləq tarixi prosesdir. Hal-hazırda da proseslər birmənalı şəkildə onu göstərir ki, Rusiya və Putin hakimiyyəti öz son dövrünə keçid alıb.
Digər tərəfdən, Rusiya ona qarşı bütün Qərb dünyasının birləşdiyi bir məqamda, Rusiya üçün yeganə nəfəslik yolu olan Türkiyədir. Türkiyə isə artıq regional güc deyil, qlobal gücdür və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu son açıqlamalarının birində bunu açıq şəkildə dünyaya bəyan etdi. Azərbaycan-Türkiyə müttəfiqlik haqqında Şuşa Bəyannaməsinə əsasən Türkiyə və Azərbaycan xarici siyasətini Milli Təhlükəsizlik Şuralarının məsləhətləşməsindən sonra reallaşdırır və nəzərə alsaq ki, hal-hazırda Rusiya- Ukrayna (Qərb) beynəlxalq hərbi-siyasi böhran vəziyyəti də məhz NATO-nun Rusiya sərhədlərinə genişlənməsi prosesindən yaranıb, bu vəziyyətdə də Finlandiya və İsveçin NATO-ya üzvlüyü qaldırılır və NATO rəhbərliyi də bu ölkələrin üzvlüyün sadələşdirilmiş prosedura qaydasında qəbulunun mümkünlüyü elan edir. Yaranmış belə siyasi vəziyyətdə dünən Türkiyə prezidenti R.T. Ərdogan dedi ki, onlar Finlandiya və İsveçin NATO üzvlüyünə müsbət yanaşmırlar. İstisna deyil ki, Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünü veto qoya bilər necə ki, Yunanıstanın NATO-ya üzvlüyünə qarşı Türkiyə “veto” hüququndan istifadə edərək prosesi əngəlləmişdi.
Maraq doğuran sula budur ki, Türkiyə hansı hesabla Rusiyanın maraqlarına uyğun siyasətini yeridir. Şuşa Bəyannaməsinin tələblərini nəzərə alsaq, Türkiyənin və Azərbaycanın öz siyasi maraqları var və bu kontekstdə Türkiyə və Azərbaycan ilk olaraq Rusiyadan istədiklərini almayınca ruslara bu “həddiyəni” etməzlər. Ona görə də Xankəndində və ətraf ərazilərdə rusların nə separatçı rejimin “rus icması” oyunu səhnədən götürülməyə məhkumdur hərçənd ki, “rus icması” siyasi və diplomatik vasitə kimi, oynanılmağa davam etdiriləcək və bu oyunun ciddiliyinə şübhə ilə yanaşmaq sadəlövhlük olardı və rusların ancaq güc mövqeyindən anladığın unutmaq olmaz.
Bu arada bir məqamı qeyd etmək yerinə düşər. Kremlin və onun qeyri rəsmi sözçülərinin son açıqlamalarına görə, inananılası olmasa da, Rusiya Azərbaycanı artıq öz orbitindən kənarda olduğunu və Rusiyanın layihələrindən kənarda qalacağını a bəyan edib. Hətta bəzi rus analitiklərinin dediyinə görə “Rusiya ordusu nə yaxşı ki, Azərbaycan Ordusu ilə vuruşmur” – deyə düşünürlər. Tanınmış rusiyalı siyasi analitik Aleksandr Nevzorov “Yaxşı ki, önümüzdə Azərbaycan Ordusu deyil”- deyə qeyd edib. Bəli, bu gün reallıqlar tamamilə başqa mənzərə yaradıb, nə Rusiya, nə də dünyanın heç bir dövləti Azərbaycana, Türkiyəyə qarşı dağıdıcı istəklərinin reallaşması mümkün deyil, həmçinin “rus icması” oyunu da.
Sözsüz ki, yaranmış geosiyasi vəziyyət Türkiyənin siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə artırıb, elə Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi də. Türkiyə bu məsələdə də Qərbdən istəkləri var hərçənd ki, artıq Qərbin Türkiyə təkliflərinin və verəcəklərinin o qədərdə lazımi əhəmiyyəti yoxdur, nə siyasi, nə hərbi baxımdan.
Ən vacib məsələ isə Avropanın Rusiya enerji daşıyıcılarına alternativ məsələsidir hansı ki, Azərbaycan Türkiyə vasitəsi ilə bu işdə aparıcı mövqeyə malikdir. Türkiyənin Qara dəniz hövzəsində böyük enerji daşıyıcıları (neft, qaz) ehtiyatların kəşf etməsi və həmin yataqların 2024-cü ildən istismara veriləcəyi planlaşdırılır. Avropanın enerji təhlükəsizliyi Azərbaycanın və Türkiyənin mövqeyindən çox asılı vəziyyətdədir. Belə bir siyasi mənzərə də Azərbaycanın və Türkiyənin nəinki regionda və eləcə də qlobal masştabda maraqlarının təmin edilməsi mütləqdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
14.05.2022

понедельник, 2 мая 2022 г.

Zelenski niyə Türkiyəyə sataşdı, məqsədi nə? Siyasət çox çirkin oyundur və ən azı onun...



Bu gün Ukrayna prezidenti Vladimir Zelenski yunan telekanalına müsahibəsində Türkiyəni "ikili standartlarda" ittiham edib. Türkiyəni rus turistlərini qəbul etməsində günahlandıran Zelenski: "Vəziyyəti belə idarə edə bilməzsiniz, bu ikili standartdır. Bu, qətiyyən doğru deyil. Həqiqət tərəfdarısınız, yoxsa yox? Bir seçim etməlisiniz. Prezident kimi deməliyəm ki, əgər biz dostluq münasibətləri qurmaq istəyiriksə, bu, baş verməyəcək”- deyə bildirib.
Sözsüz ki, Zelenskinin Türkiyə haqqında dedikləri mənəvi baxımdan nankorluqdur və çox təəssüf ki, siyasətdə mənəviyyat və əxlaq ağırlığını çoxdan itirib. Ukrayna prezidenti son vaxtlar daha çox səhvlər buraxır və açıqcasına çirkin oyun oynayır, ancaq Zelenskinin siyasi mədəniyyətsizliyini hələlik göz yumulur. Bunun isə bir səbəbi var, Zelenski hələ ki, Rusiyaya qarşı tarixi əməliyyatda istifadə edilən fiqurdur və bu vəziyyətinə görə dünyanın siyasi elitası onun mədəniyyətsizliyini bağışlamaq məcburiyyətindədir. Bu birinci məqam.
Ukrayna prezidenti ən yumuşaq desək tarixən Türkiyəyə dost olmayan yunan televiziyasına Türkiyəyə qarşı açıqlaması konkret siyasi məqsədə hesablanmış açıqlamadır. Əvvəla bəllidir ki, Zelenski müstəqil siyasi fiqur deyil və faktiki olaraq ABŞ tərəfindən idarə olunur. ABŞ isə Rusiya – Ukrayna (Qərb) müharibəsinin dayanmasının qətiyyən əleyhinədir. Qərb konkret olaraq illərlə hazırladığı Ukrayna tələsi ilə Rusiyanı zərərsizləşdirmək istəyir və proseslər də Rusiyanın çöküşünə aparır. Türkiyə isə Rusiya-Ukrayna arasında müharibəni dayandırmağa cəhd edən və buna real imkanları olan yeganə dövlətdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında “Bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olacaq.”- deyə bildirib və qeyd edib ki, “Ukraynanın şərqi ilə bağlı atılacaq addımların həlli, inanıram ki, Türkiyə olacaq, İstanbul və ya Ankara olacaq.”
Zelenskinin yunan televiziyasına anti Türkiyə açıqlamasına və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı namazından sonra verdiyi müsahibəyə paralel baxış onu göstərir ki, Qərb Türkiyənin barışdırıcı mövqeyindən, tərəflərə təsir nüfuzundan çox narahatdır və məhz buna görə də Qərb Zelenskinin əli ilə Ərdoğanı incik salmaqla müharibənin dayandırılmasına imkan vermək istəmir.
Qənaətim ondan ibarətdir ki, Zelenskinin anti Türkiyə açıqlaması əslində, Rusiya – Ukrayna (Qərb) müharibəsini Qərbin istədiyi kimi, məntiqi sonluğa çatdırmaq istəyidir. Sözsüz ki, Ukrayna da prosesin belə gedişindən razıdır ona görə ki, Ukrayna Rusiyaya qalib gələcəyinə əmindir və hədəfi Rusiya işğalında olan Donbas və Krımdır. Ukrayna isə bu şansı buraxmaq niyyətində deyil. Müharibənin genişmiqyaslı Rusiya ərazisinə keçməsi artıq qısa zaman məsələsidir. Yəni, Türkiyənin barışdırıcı mövqeyi strateji baxımdan nə Ukraynanın, nə də Qərbin maraqlarına uyğun deyil və məhz buna görə də Türkiyənin barışdırcı cəhdləri müxtəlif vasitələrlə qarşısı alınmağa çalışılacaq.
Rusiya qərargah rəisi Qerasimovun Xarkov ətrafında vurulması və yaralı vəziyyətdə oradan çıxarılmasına mane ola biləcək vəziyyətdə olan Ukrayna ordusu hansı halda müharibəni dayandırmaq istəsin ki, bütün Qərb var gücü ilə Ukraynaya dəstəkdir. Ona görə də Zelenskinin anti Türkiyə açıqlaması mənəvi baxımdan nankorluq, xəyanət, əxlaqsızlıq olsa da, hərbi-siyasi baxımdan dövləti və milli maraqlarına uyğundur hərçənd ki, ilk növbədə Qərb üçün. Bəli, siyasət çox çirkin oyundur və ən azı onun üçdən çox sifəti var.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
02.05.2022

İranın Zəngəzur qorxusunun səbəbi? İlham Əliyevin ADA-da çıxışı

 


29 apreldə Bakıda ADA universitetindəki konfransda Azərbaycan Prezidenti İlham Əliyevin bir çox açıqlamasından və xüsusən də sərhədlərin delimitasiyası, demorkasiyası ilə bağlı açıqlamaları İran rəsmlərinin mövcud narahatçılığını daha da artırıb. Belə ki, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri dərhal reaksiya verərək Ermənistanın ərazi bütövlüyünün qorunmasından və Zəngəzur dəhlizinin əleyhinə danışıb. İranın anti Azərbaycan mövqeyinin səbəbini bilmək üçün alim olmaq lazım deyil və hər şey gün kimi aydındır.
Həmin konfransda iranlı diplomatın Azərbaycan prezidenti İlham Əliyevə provokasiv sualı da ilə elə İranın məsələ ilə bağlı böyük narahatçılığının təzahürü idi.
Bilməliyik ki, İran ərazisindən Naxçıvana Zəngəzur kommunikasiya qovşağının yaradılmasına, bu razılaşma İranın Azərbaycana xoş niyyətindən yaranmayıb. Əvvəla, yadımıza salaq ki, Ermənistan ərazisindən Laçın dəhlizinə oxşar formada Zəngəzur dəhlizinin keçməsinə İran qətiyyən razı deyildi və bu dəhlizin açılacağı halda dəhlizə təhlükəsizliyin təmin edilməsi adı ilə nəzarəti əldə etmək istəyirdi. Və bu dəhlizi Ermənistanın ərazi bütövlüyünün pozulması kimi, özünün qırmızı xətti elan etmişdi. Bəs necə oldu ki, İran öz ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiya xəttinin açılmasın istədi?
Məsələ ondadır ki, İran bu addımla Naxçıvanla Azərbaycan arasında kommunikasiya xəttinə nəzarət əldə etməklə, Ermənistan ərazisindən Zəngəzur dəhlizinin açılmasına mane ola biləcəyinə hesab götürür. Məhz bu səbəbdən də 10 noyabr üçtərəfli Moskva Bəyannaməsinə uyğun razılaşmaya görə Zəngəzur dəhlizinin bu iki il müddətinə heç bir texniki, loqistik məsələləri həll edilməyib və faktiki olaraq Ermənistan Zəngəzur dəhlizini açılmasını əngəlləməyə çalışır. Yəni ki, İran öz ərazisindən Azərbaycanla Naxçıvan arasında kommunikasiya xəttinin yaradılması ilə özünün qırmızı xətti elan etdiyi Ermənistanın ərazi bütövlüyün qorumaq istəyir. Təbii ki, İran öz anti Azərbaycan siyasətini yürüdür, ancaq Azərbaycan da yaranmış real vəziyyətdən istifadə edərək, Lazın dəhlizini beynəlxalq standartlara uyğun olaraq faktiki iki dövlət arasında keçid məntəqəsinə çevirir və sözsüz ki, Laçın dəhlizinə eyniliklə Ermənistan ərazisindən Zəngəzur dəhlizi yaradılmasa, Laçın dəhlizi indiki formasından məhrum ediləcək. Bu birinci məqam.
O ki, qaldı İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurinin açıqlamasına, prezident İlham Əliyev bütün dünya erməniləri və onların Rusiya, İran, Fransa kimi havadarlarını çox narahat edən açıqlama verdi və bildirdi ki, Ermənistanla sərhədlərin delimitasiyası nəinki 1918-ci ilin xəritələrinə uyğun və hətta 1918-ci ildən əvvəlki, dövrün xəritələrinə istinadən aparılmasını düşünür. Bu isə o deməkdir ki, Azərbaycan öz tarixi və qanuni ərazilərinə, indiki Ermənistan əraziləri sayılan İrəvanı Zəngəzuru məqsəd götürüb.
İran öz ərazisini Azərbaycana versə də belə, Azərbaycanı Zəngəzur hədəfindən yayındıra bilməyəcək. Rəisilər, nə bədəxşanlar məqsədimizə çatmaqda bizə mane ola bilməzlər, nə qədər danışsalar da!

Vüqar Dadaşov
01.05.2022

"Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” konfransından qənaət Azərbaycanın getdiyi yol...

 


Azərbaycan prezidenti İlham Əliyevin 29 apreldə Bakıda ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı bir sıra vacib məqamlara aydınlıq gətirərək, Azərbaycanın regionda dostu və düşmənləri barədə real təsvir yaratmış oldu. Konfransda verilən suallar və cənab prezidentin cavabı onu göstərdi ki, Azərbaycan regional güc, həm də müstəqil siyasət yürüdən dövlət kimi özünü təsdiqləyib və öz milli maraqlarını müdafiə etmək iqtidarındadır. Təkcə bir fakt: Prezident İlham Əliyev konfransda Moldovanın, Gürcüstanın və Ukraynanın adını çəkərək açıq və bir mənalı şəkildə onların ərazi bütövlüyünü qeyri şərtsiz tanıdığını vurğuladı.
Sözsüz ki, ölkə başçısı mühüm məsələlərə öz mövqeyini bildirdi, ancaq ən maraqlı məqamlar təbii ki, Azərbaycanın 44 günlük müharibəsində dostları, düşmənləri barədə fikirləri idi. Bəli, beynəlxalq siyasətdə faktları istədiyimiz kimi açıq formada səsləndirmək mümkün deyil. Ancaq cənab prezidentin çıxışından ümumi qənaət budur ki, bəli, Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsinin tərəfi təkcə Ermənistan olmayıb. Rusiya, İran faktiki olaraq Azərbaycana qarşı təcavüzkar müharibənin aktiv tərəfi olub. Rusiya Ermənistana 44 günlük müharibədə bütün mümkün hərbi, maddi yardımı edərək Azərbaycanı Ermənistan adı ilə məğlub etmək istəyirdi və Ermənistana bütün mümkün variantlarla kömək etdi.
İlham Əliyev çıxışında “44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı.
Biz bütün marşrutları izləyirdik – Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər.
Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu.” - deyə qeyd etdi. Bu faktın özünün ölkə başçısının dilindən səslənməsi onu sübut edir ki, bəli Rusiya Azərbaycanın bütün problemlərinin yaradıcısıdır və 44 günlük müharibədə də Rusiya faktiki tərəf olub. Hətta Ermənistan baş naziri Paşinyan bütün müharibə boyu Rusiyanın onlara hərbi köməyi barədə açıq şəkildə bildirib. Ona görə də əksər ekspertlər bu müharibədə Rusiyanın tərəf kimi uduzduğunu qeyd edir. Məsələn Rusiya prezidenti Vladimir Putinin sabiq müşaviri İllarionov bu fikiri dəfələrlə səslədirib. Yeri gəlmişkən erməni baş nazir Paşinyan 44 günlük müharibə öncəsi qeyd etmişdi ki, bəli, Xocalıda azərbaycanlılara qarşı soyqrımı 366-cı rus alayının vasitəsi ilə törədilib.
Qazaxıstan və Türkmənistana gəlincə bəllidir ki, bu dövlətlər faktiki Rusiyanın patronajı altında olduğundan Rusiyanın maraqlarına toxunan qərarlar verə bilməzdi. Həmin dövrdə Qazaxıstanla bağlı Rusiya müəyyən çətinliklər gördü və Rusiyanın Qazaxıstanda faktiki dövlət çevrilişi həyata keçirərək Nursultan Nazarbayevi real hakimiyyətdən uzaqlaşdıraraq Tokayev timsalında Rusiyaya loyallığını 100% dərəcəsində təmin etmiş oldu.
Digər vacib məqam isə İlham Əliyevin İranlı diplomatın provokasiyalı sualı ilə bağlıdır. Sözsüz ki, İlham Əliyev 44 günlük müharibə faktiki olaraq beynəlxalq müstəvidə informasiya müharibəsini də təkbaşına aparırdı və informasiya savaşında da həmişə mükəmməl hazırlığı və biliyi ilə heyran edirdi. O dövrdə də İranlı xanım jurnalistin sualı prezidentin cavabı ilə onu gülünc vəziyyətinə salması ilə yadda qalmışdı. Necə deyərlər bu dəfə də tarix təkrarlandı və İranlı diplomat Şuşada keçirilən Zəfər Qurultayına İranın qısqanc münasibətini büruzə verdi. Təbii ki, prezidentin cavabı iranlı diplomatı çıxılmaz vəziyyətə qoydu və ancaq başını yelləməklə arqumentlərlə razılaşdığını göstərdi. Sözsüz ki, İran Azərbaycana dost dövlət olması təbiətdən mümkün deyil və tarix boyu rus-fars birliyi Azərbaycana, türk etnosuna qarşı bir cəbhədə olub. Qarabağin Ermənistan tərəfindən işğalına İranın bilavasitə yardımı danılmazdı və 44 günlük müharibə zamanı da İranın Ermənistana hərbi yardımı dayanmayıb. Arazboyu Azərbaycan ordusu haqqında kəşfiyyat məlumatlarının Ermənistana ötürülməsi faktı göz qabağındadır. Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük müharibədən sonra cənab prezidentin Cəbrayıla səfəri zamanı İran sərhədçilərin Azərbaycan prezidenti İlham Əliyevə qarşı təxribatlarını da unutmamışıq (Fakla bağlı müəllifi olduğum “Bizim tarix” kitabımda geniş yazmışam).Sözsüz ki, iranlı diplomatın və ümumiyyətlə İran dövlətinin Azərbaycan qısqanclığı mənbəyi bəllidir və Şuşada Zərər Qurultayı da həmin o 40 milyonluq Cənub Azərbaycan qorxusudur.
O ki, qaldı İran ərazisindən Naxçıvana Zəngəzur kommunikasiya qovşağının yaradılmasına, bu razılaşma İranın Azərbaycana xoş niyyətindən yaranmayıb. Əvvəla, yadımıza salaq ki, Ermənistan ərazisindən Laçın dəhlizinə oxşar formada Zəngəzur dəhlizinin keçməsinə İran qətiyyən razı deyildi və bu dəhlizin açılacağı halda dəhlizə təhlükəsizliyin təmin edilməsi adı ilə nəzarəti əldə etmək istəyirdi. Və bu dəhlizi Ermənistanın ərazi bütövlüyünün pozulması kimi, özünün qırmızı xətti elan etmişdi. Bəs necə oldu ki, İran öz ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiya xəttinin açılmasın istədi?
Məsələ ondadır ki, İran bu addımla Naxçıvanla Azərbaycan arasında kommunikasiya xəttinə nəzarət əldə etməklə, Ermənistan ərazisindən Zəngəzur dəhlizinin açılmasına mane ola biləcəyinə hesab götürdü. Məhz bu səbəbdən də 10 noyabr üçtərəfli Moskva Bəyannaməsinə uyğun razılaşmaya görə Zəngəzur dəhlizinin bu iki il müddətinə heç bir texniki, loqistik məsələləri həll edilməyib və faktiki olaraq Ermənistan Zəngəzur dəhlizini açılmasını əngəlləməyə çalışır. Yəni ki, İran öz ərazisindən Azərbaycanla Naxçıvan arasında kommunikasiya xəttinin yaradılması ilə özünün qırmızı xətti elan etdiyi Ermənistanın ərazi bütövlüyün qorumaq istəyir. Təbii ki, İran öz anti Azərbaycan siyasətini yürüdür, ancaq Azərbaycan da yaranmış real vəziyyətdən istifadə edərək, Lazın dəhlizini beynəlxalq standartlara uyğun olaraq faktiki iki dövlət arasında keçid məntəqəsinə çevirir və sözsüz ki, Laçın dəhlizinə eyniliklə Ermənistan ərazisindən Zəngəzur dəhlizi yaradılmasa, Laçın dəhlizi indiki formasından məhrum ediləcək.
Konfransda ən mühüm məsəllərdən biri də sərhədlərin delimitasiyası və demarkasiya ilə bağlı idi və cənab prezident bütün dünya erməniləri və onların Rusiya, İran, Fransa kimi havadarlarını çox narahat edən açıqlama verdi və bildirdi ki, Ermənistanla sərhədlərin delimitasiyası nəinki 1918-ci ilin xəritələrinə uyğun və hətta 1918-ci ildən əvvəlki, dövrün xəritələrinə istinadən aparılmasını düşünür. Bu isə o deməkdir ki, Azərbaycan öz tarixi ərazilərinə və hansı ki indiki Ermənistan əraziləri sayılan İrəvan, Zəngəzuru düşünür.
Bakıda ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Azərbaycan prezidenti İlham Əliyevin çıxışının ümumi təhlili onu göstərir ki, qalib Azərbaycan üçün faktiki olaraq Qarabağ adlı bir problem yoxdur və Azərbaycanın daha böyük məqsədləri var və prezident İlham Əliyev də buna aydın şəkildə eyham vurdu. Digər tərəfdən cənab prezidentin çıxışı dost və düşmənimiz açıq göstərərək, gələcək mümkün təzyiq və hücumların istiqamətini göstərmiş oldu və eyni zamanda Azərbaycanın bütün çağırışlara, hücumlara hazır olduğunu elan etmiş oldu. Bu konfrans siyasi əhəmiyyəti ilə indiki mürəkkəb beynəlxalq geosiyasi vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir. Güclərin toqquşması fonunda tərəflərin müəyyən edilməsi, siyasi prosesləri xeyrimizə istifadə etməyimizə əlverişli şərait yaradır və cənab prezident bunu məharətlə həyata keçirir.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq