Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov Azərbaycanın KTMT-na
üzv olmasına kəskin etiraz edib. Həmin çıxışı oxuğularımıza təqdim edirik.
“Son dövrlərdə Azərbaycanın Rusiyanın
dirijoru olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük və
ya “müşahidəçi” qismində cəlb edilməsi barədə diskussiyalar əslində xalqımızın
refleksini yoxlamaqdır. Rusiya rəsmilərinin verdiyi “təklif”
əslində siçan tələsindəki pendir kimidir və bu təklifin bizim üçün nə dərəcədə
effektli olması barədə söz-söhbətlər satqın fikirli və siyasi savadsızların
düşüncə tərzinin əksi və sübutudur. Əsl həqiqətdə isə Azərbaycan
Respublikasının KTMT-na üzv olmasının daha böyük təhlükəsi var, bu təhlükə
işğal altındakı Qarabağ və Qarabağ ətrafı rayonlarımız bir dəfəlik itirilməsi
ilə bitməyəcək, məsələ ondadır ki,
KTMT-na hər hansı bir yolla cəlb edildikdən sonra Qarabağ məsələsi KTMT-nın
daxili məsələsi olacaq və siyasi baxımdan beynəlxalq aktuallığını itirəcək, ermənilər
de-fakto işğal altındakı torpaqlarımıza nəzarəti saxlayacaq, məskunlaşma davam
etdiriləcəkdir. Azərbaycan üçün isə qarabağlı nəsil erası bitəcək.
KTMT ilə bağlı xalqımıza iki mühüm faktı
xatırlatmaq istəyirəm, 1-ci Rusiya postsovet respublikalarına Rusiya vətəndaşlığının
verilməsini sadələşdirib, 2-ci Rusiya Azərbaycanın qərb zonasındakı
rayonlarımızın əhalisinə “Rusiya vətəndaşlığı” “hədiyyə” edib və etməkdədir, Abxaziya, Osetiya, Dnestryanı, Luqanski, Donetski
kimi. Azərbaycanın hər hansı bir şəkildə KTMT-na “üzv” olması nəticə
etibarı ilə müstəqilliyimizi təhlükə
altına alacaq. Təbii ki, Azərbaycan
xalqı buna öz reaksiyasını bildirəndə Rusiya bizə artıq unudulmuş və beynəlxalq aktuallığını itirmiş Qarabağı deyil, Azərbaycanın
qərb bölgəsini xatırladacaq, biz buna məhəl qoymasaq qərb bölgəlimizdə vəziyyət
nəzarətimizdən çıxacaq. Bunu etiraf etmək lazımdır, bu gün bizə Qarabağla təsir
edirlər, səhər Qərb bölgəsi ilə təsir edəcəklər.
Azərbaycanın KTMT-na “üzvlüklə” Qarabağ məsələsinin öz
xeyrinə həll ediləcəyini düşünənlərə isə bir faktı xatırlatmaq istəyirəm. Bəzi
politoloqlar, siyasətçilər qeyd edir ki, Rusiyanın təsiri və təhdidi ilə Ermənistan
öz ordusunu Suriyaya yolladı. Fikir verin, Ermənistan hətta qərb dövlətlərinin
və ABŞ-nın etirazlarına baxmadan Suriyaya öz hərbiçilərini yollayıb, əlbəttə ki,
Ermənistanın Suriyada maraqları olmasaydı özünü bu qədər risklərə atmazdı, ermənilər
bu adımla ruslara sadiqliyini göstərməklə əsas məqsədlərinə yəni, ermənilərin
Suriyadan Qarabağa intensiv və planlı şəkildə köçünü təmin etdilər. Əsl həqiqət isə elə budur. Ermənistan
Suriyaya ordu bölmələrini yeritməklə faktiki olaraq Suriyada “konsulluq” fəaliyyətinə başladılar və Ermənistan
ordu bölmələri Suriyada yaşayan ermənilərin Qarabağa köçürülməsi ilə məşğuldur.
Bir fikrimi də diqqətinizə çatdırım,
Sovet dövründə Rus rəhbərliyinin dəstəyi ilə yaranmış Qarabağ konflikti əsl həqiqətdə
elə bu məqsəd üçün yaradılıb-Azərbaycanı, ümumilikdə isə Qafqazı nəzarətdə
saxlamaq və bu tipli konfliktlərin əsas xətti postsovet respublikalarının rus təsir
dairəsindən çıxmasının qarşısını almaqdır.
Azərbaycanın KTMT-na hər hansı bir halda
üzv olması, işğal olmuş ərazimizlərlə yanaşı digər yeni ərazilərimizin ən əsası
ilə müstəqilliyimizin itirilməsinin fundamentidir. KTMT-na “üzvlük” əsla yolverilməzdir”.
Комментариев нет:
Отправить комментарий