Qazax
Ziyalılar Klubunun həmsədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qarabağ savaşının ilk yüz əsgərindən biri, Daxili
Qoşunların qazisi, palittexnoloq-hüquqşünas, hərbi ekspert Vüqar Dadaşovla
müsahibəni sizə təqdim edirik.
- Xoş gördük Vüqar bəy.
Xoş gününüz olsun.
- Vüqar bəy, Qazax Ziyalılar Klubunun yaranmasına nə səbəb
oldu?
Bizim ailəmiz ümumiyyətlə dədə-babadan elmə, təhsilə,
savada, milli dəyərlərə, mənəviyyata bağlı olub. Ata tərəfdən ulu babam Lənkəran
xanının vəziri olub, ana tərfdən babam cənub bölgəsinin tanınmış seyidlərindən
olub. Biz gözümüzü açıb vətənpərvərlik, elə-obaya, vətənə məhəbbət, təhsilə
bağlılıq görmüşük, bu ruhda böyümüşük. Yardımlı rayonunun Bozayran kəndi hələ
Sovet dönəmindən elm sahəsində sayılıb-seçilib, bu kənddən oxumamış adam
çıxmayıb. Demək olar ki, hər ailədə ən azı iki-üç ali təhsilli adam var. Mən də
uşaqlıqdan əla oxumuşam. İdmanla məşğul olmuşam, müxtəlif idman sahələri üzrə
yarışların qalibi olmuşam. Təhsil üzrə Respublika Olimpiadasının qalibi olmuşam.
Orta məktəbi bitirib Ali Hərbi təhsil aldığım ərəfədə məlum Qarabağ savaşı
başladı, mən Daxili Qoşunların tərkibində Zəngilan bölgəsində düşmənlə savaşa
atıldım. Altı ildən artıq hərbidə vətənə xidmət etdim. Sonra yaralandım,
ordudan tərxis olunaraq DQ-ın veteranı, ehtiyyatda olan zabit kimi təhsilimi
davam etdirməyə qərar verdim. Hərbi məktəblə yanaşı, Rusiyada Moskva Dövlət
Universitetinin hüquq fakültəsini bitirib orada Sverdlovski vilayətində məhkəmə
orqanlarında müxtəlif vəzifələrdə çalışdım. Lakin vətən hər zaman məni
çağırırdı...
Nəhayət qayıtdım, hüquqşünas kimi fəaliyyətə başladım.
Hazırda mətbuatda, televiziyalarda hüquqla, politologiya ilə
bağlı müxtəlif səpkidə çıxışlarım, məqalələrim yayınlanır. Qazaxın da
bildiyiniz kimi yeddi kəndu işğaldadır. Mənə görə vətənin başı-ayağı yoxdur.
Qazax da, Yardımlı da, Bakı da, Gəncə də,
Təbriz də, Borçalı da, Dərbənd də, İrəvan da bizimdir. Qazax tarixən ziyalılar,
dahilər, şairlər diyarı kimi tanınıb. Qazaxda çoxsaylı dostlarım var.
Ziyalılarla münasibətlərim var. Hər bölgənin özünə məxsus xüsusiyyətləri olur.
Qazaxın da üstünlüyü oradan yazıçı-şairlərin daha çox çıxmasıdır. Dostlarım
yazıçı-şair Tural İrfan, tədqiqatçı-yazar Sərxan Carçı, yazıçı-publisist Rəşad
Mahmudla elmi, ədəbi, mədəni söhbətlərimiz, müzakirələrimiz, ölkəmizə,
xalqımıza, qazaxlılara daha hansı mükəmməl töhfələr verə biləcəyi mövzularından
olurdu ara-sıra. Qeyd etdiyim yazarlar yeni nəsil yazarları olsalar da sanballı
əsərlər müəllifləridirlər. Sərxan Carçı repressiya qurbanlarına aid hətta
keçmiş MTN in arxivində araşdırma aparıb bir neçə əsər yazıb. Rəşad Mahmudun vətənpərvərliyə
həsr edilmiş bir neçə şeirlər kitabı, digər yazıları, məqalələri rəğbət
qazanıb. Tural İrfan səkkiz kitab müəllifidir. Aprel şəhidlərinə aid Eşqin şəhidi
və Qazaxın yeddi kəndində erməni vandallarının törətdiyi qırğınlardan bəhs edən
Kamikadze 1 əsəri ölkədə böyük diqqətə səbəb olub. Cəmiyyət tərəfindən qəbul
edilən bu yazar dostlarla məsləhətləşmədən, ölkənin sanballı ağsaqqal
ziyalıları ilə söhbətdən sonra onların da xeyir-duası ilə bu klubu təsis etdik.
Məqsədimiz Qazaxın timsalında, Qazax ziyalılarının timsalında bütün Azərbaycan
ziyalılarını təbliğ etmək, gələcək nəsillərə ötürmək, mədəni, ədəbi əlaqələri
genişləndirmək, bölgələrdə yaşayan müxtəlif qayğılara görə kölgədə qalmış gənc,
yaşlı yaradıcı, istedadlı ziyalıları yad etmək, imkan daxilində yaradıcılıq
nümunələrini işıqlandırmaq, ölkə xaricində də tanıtmaq, Tarixi abidələrimizin,
mənəvi irsimizin təbliği, araşdırılması, yeni nəslə bu irsin çatdırılmasına
vasitəçilik etməkdir.
Vüqar bəy, Klub hansı əsaslarla fəaliyyət göstərir?
Bizim Klub hüquqi əsaslarla, bütün qanuni tələblərə uyğun fəaliyyət
göstərir. Kollegial idarəetmə sistem ilə İdarə heyəti tərəfindən məsləhətli şəkildə
qərarlar qəbul edilir, ədəbi tədbirlər, kitab təqdimatları, yubileylər
keçiririk. İnşallah bu ayın 13 də Atatürk Mərkəzində böyük yazıçı İsmayıl
Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçirəcəyik. Bilirsiniz, İsmayıl
Şıxlı yazıçılıqla yanaşı həm də tanınmış ictimai xadim, böyük ağsaqqal olub.
Ölkə başmımızın da onun 100 illiyi ilə bağlı keçiriləcək tədbir planları haqda
sərəncamı var.
Bu qəbildən biz İmadəddin Nəsimi ilə bağlı da tədbir
keçirdik. Tanınmış ziyalılar, AMEA nın professorları, xalq artistləri, alimlər,
yazarlar iştirak etdi və hardasa cımiyyətə mənəvi bir qida verə bildik.
Yeri gəlmişdək sentyabr ayının 13 də saat 15:00 da Atatürk Mərkəzində
keçirəcəyimiz tədbirə bütün ölkənin ictimai xadimlərini, ziyalıları, İsmayıl
Şıxlı sevərləri dəvət etmişik. Sizin mətbuat vasitəsi ilə də bütün İsmayıl
Şıxlı sevərləri tədbirimizə bir daha dəvət edirik.
Vüqar bəy, " İlin Qazaxlı ziyalısı" naminasiyası
elan etmisiniz. Münsiflər kimdir və işlər nə yerdədir?
Öncə qeyd edim ki, Qazax ziyalıların, yazarların bol olduğu
yerdir. Bizdə Yardımlıda hər ailədə oxumamış, təhsilli adam tapmaq mümkün
olmadığı kimi Qazaxda da elə bir ailə tapmaq olmaz ki, oradan bir şair, aşıq,
istedadlı adam çıxmamış olsun. Qazaxdan kifayət qədər ziyalılar çıxıb, istər əvvəllər,
istərsə də indi...
Ancaq bizim elan etdiyimiz naminasiya Qazax bölgəsi üzrədir
və əvvəllər Ağstafa ilə eyni rayon olduğu üçün ayırım etməmişik. Münsiflər heyəti,
İbrahim İlyaslı, Rəşat Kəsəmənli, Avdı Qoşqar, Akif Aşırlı, Fərifə Ləman, Ələddin
Kəsəmənli, Taryel Qasımov, Vəli Xramçaylıdır. Həm münsiflər öz aralarında ilin
sonuna qədər müzakirələr apararaq ilin ziyalısını müəyyən edəcəklər, həm də
ictimai rəy və medianın münasibəti, hətta sosial şəbəkələrdəki müzakirələr də nəzərə
alınacaq. Hələ ki, qızğın müzakirələr davam edir, təkliflər, namizədlər önə
sürülür, ancaq təbii ki, ilin sonuna kimi hələ çox şey dəyişə bilər.
-Gizli deyilsə ən çox adı irəli sürülən, təklif edilən
ziyalı kimdir?
Sözün açığı biz münsiflərə bu haqda tam sərbəstlik
vermişik və qarışmırıq. Onların fikirləri
də müxtəlif şəxslərin üzərində cəmlənə bilər. Biz yalnız sosial şəbəkələrdə və
edilən çoxsaylı zənglərdə adları çəkilən insanlar haqda deyə bilərik. Məsələn,
zəng edib deyirlər ki, ilin Qazaxlı ziyalısı türkoloq alim Güllü Yoloğlu olsun.
Bir qrup insan İlham Pirməmmədovu ilin ziyalısı gördüyünü deyir. Müxtəlif
insanlar Akif Aşırlının, Elçin Şıxlının adlarını çəkirlər.
Vüqar bəy, Qazaxın ağsaqqal ziyalılarının adını çəkmədiniz
heç...
- Axı mən dedim, biz bu işi münsiflərə həvalə etmişik. Mən
sadəcə sizə ictimaiyyətdən, sosial şəbəkədən və zənglərdən deyilənləri dedim.
Əlbəttə Qazax ziyalıları nəhəng zirvələrə yüskəliblər.
Akademik Teymur Bünyadov böyük insan, dəyərli alimdir. Nizami Cəfərov müasir
dövrün ən böyük dilçi alimi, akademik, millət vəkilidir. Elçin Şıxlı həm
tanınmış, böyük xalq yazıçısının oğlu, həm də özü öz sanbalı, dəsti-xətti ilə
seçilən ziyalıdır. İlhamə Qəsəbova görkəmli alimdir.
Hətta orasını da deyim ki, bəzi sənglərdə münsiflər heyətindı
olan şəxslərin də namizədliyini irəli sürənlər var. Lakin biz obyektivliyi, ədaləti,
şəffaflığı tam qorumaq üçün bu işi tam münsiflərin öhdəsinə buraxmışıq. Təbii
ki, biz də İdarə Heyəti üzvləri və Klubun həmsədrləri olaraq özümüzə edilən zəngləri,
yazılı müraciətləri, məktubları münsiflərə yönəldirik. İnanırıq ki, sonda əsl
layiqli ziyalı öz yerini tutacaqdır.
-Vüqar bəy, çox sağ olun, sizə uğurlar diləyirik.
Var olun, mən də sizə zəhmət çəkdiyiniz üçün təşəkkürümü
bildirirəm.
Sədaqət Əliyeva
"Nöqtə" ictimai-siyasi,hüquqi qəzetinin müxbiri
SNN NEWS-Haber