Поиск по этому сайту

вторник, 30 июля 2019 г.

Müharibə etməsək bir millət kimi yox olacağıq


Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov hərb xalqı kimi tarixi keçmişimizdən danışıb. Həmin çıxışı oxucularımıza təqdim edirik.
 "Əzəli Azərbaycan torpaqları indiki sərhədlərimizdən çox-çox geniş bir əraziyə malik olduğu çoxlarına bəlli faktdır. Şimalda sərhədlərimiz (Rusiya) Dərbənddən başlayaraq cənubda (İran) Həmədana qədər, şimal-qərbdə isə indiki Gürcüstanın Borçalı mahalına qədər geniş bir ərazini əhatə edirdi. İndiki Ermənistan dövləti bütövlükdə tarixi Azərbaycan torpaqlarında Rusiya imperiyasının uzaq və yaxın şərqdən xristianların, milliyyətcə erməni olanların köçürülməsi nəticəsində yaradılmışdı. Ümumilikdə tarixi əzəli Azərbaycan torpaqlarının sahəsi 410 min kvadrat kilometrdən çox olmuşdur.
12 oktyabr 1813-cü il tarixdə Rusiya Imperiyası ilə Qacarlar (İran) dövləti arasında bağlanan Gülüstan müqaviləsinə görə tarixi Azərbaycan torpaqları Rusiya və İran arasında bölünmüşdür. Bu müqavilənin şərtlərinə görə Şimali Azərbaycan xanlıqları İrəvan və Naxçıvan Xanlıqlarından başqa bütün xanlıqlar Lənkəran, Şirvan, Bakı, Gəncə, Qarabağ, Şəki Rusiya İmperiyasına verilib.
İkinci Rusiya-İran müharibəsi nəticəsində 10 fevral 1828-ci il tarixdə bağlanmış Türkmən çay müqaviləsinə əsasən Azərbaycanın Araz çayının şimalındakı bütün əraziləri Rusiyaya, cənubundakı ərazilər isə İrana verilərək aralarında bölürlər.
1918-ci il 28 mayda elan olunmuş müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində şimalı azərbaycanlıların bütövlüklə yaşadıqları ərazilər 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində ermənilərə güzəşt edilərək əzəli Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaradıldı. Bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin sahəsi 113,9 min kv. km ərazini əhatə edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi 1920-ci il aprelin 28-de beynəlxalq hüquq normalarını kobudcasına pozan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində pozularaq işğal olundu və müstəqilliyimiz itirildi.
Sovet İttifaqı dövründə isə əlavə olaraq ümumilikdə 27.9 min kv. km ərazilərimiz Rusiyaya, Ermənistana və Gürcüstana arasında bölüşdürülmüşdür.
XX əsrin axırında Azərbaycan yenidən müstəqilliyinə qovuşdu, ancaq biz Sovetlər ölkəsinə 113,9 min kv. km ərazi ilə daxil olduğumuz halda Sovetlər birliyini 86,6 min kv. km ərazi ilə tərk edərək müstəqillik əldə etdik. Hal-hazırda Azərbaycanın ərazisi 86,6 min kvadrat kilometrdir. Əzəli Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən rəsmən tanınan torpaqlarımızın 20 faizini işğal ediblər, 1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut) və Qağlıq Qarabağı ətrafındakı 7 (yeddi) rayon yəni, Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km2; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km2; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 km2; Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km2 sahəli ərazilərimiz işğal edilmişdi.
Ermənistanın buraxdığı xəritələrdə Dağlıq Qarabağı, ümumiyyətlə Kür çayının cənub hissəsindəki bütün ərazilərimiz qədim Ermənistan torpaqları kimi göstərirlər.
Ancaq və ancaq XX-ci əsrdə ermənilər etnik azərbaycanlılara qarşı dörd dəfə: 1905-1907-ci il soyqırımı, 1918-ci il mart soyqırımı, 1992-ci il fevralın 17-si Qaradağlı soyqırımı və 1992-ci il fevralın 26-si Xocalı soyqırımları törədiblər.
İndiki İran isə Azərbaycanın dövlət müstəqilliyini həzm edə bilmir və hər zaman indiki Azərbaycana, Şimalı Azərbaycan torpaqlarına iddialarından əl çəkmirlər. İşğalçı Ermənistanla müttəfiqlik etməklə Azərbaycan müstəqilliyinin itirilməsinə çalışırlar.
Nəzarətimiz altında olmayan bütün əzəli Azərbaycan torpaqlarında Azərbaycan xalına mənsub toponimlər dəyişdirilir, tarixi mənbələr məhv edilir və həmin ərazilər başqa xalqların adlarına saxtalaşdırılır.
Azərbaycan xalqı bir bayraq altında Eldənizlər, Qaraqoyunlu və Ağqoyunlular dövlətləri kimi dünya tarixində möhtəşəm iz buraxmışdır. Səfəvilər dövlətinin dövründə isə vahid Azərbaycan dövləti yaradılmış və bütöv Azərbaycan torpaqları birləşdirilmişdir.
Tariximizin şanlı səhifələri hərb elminə yüksək diqqət və özünü tanıma və bir xalq kimi fərqliliyimizin qoruyub saxlamaq istəyi dövründə yazılmışdır.
Sonrakı dövrlərdən başlayaraq biz bir xalq və dövlət kimi torpaqlarımızı itirə-itirə gəlirik, bəs buna səbəb nədir? Biz nəyi düz etmirik axı?
Bu sualın cavabı çoxdur, ancaq hesab edirəm ki, başlıca problem bizim milli özünü tanimada, təfəkkürümüzdə, vətənpərvərliyimizdə, unutqanlığımızda  nəhayət ki, milli ideologiyamızın olmamasındadır. İlk növbədə sadalanlar yetişən nəslin tərbiyəsində prioritet olmalıdır. Bütün bunların isə təbliği ilk növbədə ailələrdə, sonrada orta ixtisas məktəblərində lazımı qaydada effektiv şəkildə yetişən nəsilə aşınmalıdır. Məktəblərin bu məsələlərdə məsuliyyəti daha genişdir. Sovet dönəmində “İbtidai hərbi hazırlıq” adlandırılan dərslərin müstəqillik dövrümüzdə məktəblərdə keçirilən indi “Gənclərin çağırışa qədər ki hazırlığı” adlandırılan dərslərə laqeyd münasibət göz qabağındadır belə ki, dərslər axır saatlara salınmaqla əyani vəsaitlərin olmaması və heç bir xüsusi şəraitin yaradılmaması fonunda aparılması dediklərimin təsdiqidir. Eyni zamanda dərs vəsaitlərinin “kasıblığı” çoxlu sual doğurur. Orta məktəblərdə hərb hazırlığının ilk dərs saatlarında keçirilməsinin vacibliyi, hərb tariximizin öyrənilməsi, qəhrəmanlarimizin, sərkərdələri mizin təbliği, dərs vəsaitlərinin zənginliyi, dolğunluğu və məktəblərin maddi təminatı strateji istiqamət olmalıdır. Orta məktəbin hər bir şagirdi oğlanlar vətən əsgəri, qızlar isə tibb bacisi qismində cəmiyyətimizə hazırlanmalıdır.
Eyni zamanda milli fərqliliyimizin, ana dilimizin qorunub saxlanılması, tarixi ərazilərimizin bərpası, milli mənsubiyyətimiz, türkçülüyümüz, müstəqil dövlətçiliyimizin və milli ideologiyamızın əsası olmalıdır. Tariximizdən göründüyü kimi başımıza gələnlərin təkrarlanmaması üçün, torpaqlarımızın itirilməsinin qarşısını almaq üçün, xalqımızın qorunması üçün, dövlətçiliyimizin və müstəqilliyimizin daimi yaşamağı üçün hərb xalqına çevrilməyimiz tarixi zərurətdir"

SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий