Поиск по этому сайту

вторник, 21 апреля 2020 г.

Vüqar Dadaşov: İşğal edilmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü üçün hüquqi dövlət nümunəsi idi

Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist ictimai-siyasi aktiv Vüqar Dadaşov, Azərbaycan Xalq Cümhuriyyətinin Bolşevik Rusiyası tərəfindən işğal edilməsinin ildönümü  ərəfəsində AXC hakimiyyətinin  dövlət quruculuğunun əsas prinsipləri barədə yazmışdır. Həmin yazını olduğu kimi təqdim edirik.
  “İlk öncə onu qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa bir müddətə, dövrü üçün uğurlu dövlət modeli qura bildi. Bu dövlət modeli bir çox göstəricilərinə görə, ən əsası da hüquq, islam və  dünyəvilik baxımından nəinki islam dünyasının, eləcədə qoca qitənin dövlətlərinə nümunə ola bilən dövlət modeli qura bilmişdi.

Birinci dünya müharibəsinin gedişi və nəticəsi kimi və daxili narazılıqlar fonunda 1917-ci ilin oktyabr inqilabı Rusiya çar imperiyası süqut etdi. Bu halda Rusiya imperiyasının tərkibinə işğal nəticəsində daxil edilmiş və ikiyə bölünmüş Azərbaycanın müstəqillik əldə etməsinə tarixi şərait yaranmış oldu. 
   1918-ci il may ayının 28-də müsəlman şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi ilk növbədə xalqımızın yaddaşından  yüksək milli ideyaya, dövlətçilik  istəyinin silinməməsinin sübutudur.
Cəmi 23 ay ömür sürmüş milli dövlətimiz nəinki, müsəlman dünyasında hətta Avropa və digər qitə ölkələrinə nümunə ola bilən yerli əhalinin  demokratik hüquq və azadlıqları bərqərar edilmiş, müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququ tanınmış, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara yiyələnmiş, parlament, hüquq mühafizə orqanları yaradaraq parlament idarə üsullu dövlət yaradılmışdır. Yeri gəlmişkən qeyd edim ki, həmin dövrdə əksər Avropa ölkələrində qadınların səs vermə hüququ yox idi.   Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlament idarə üsullu dövlət idi.
Xüsusi ilə qeyd etmək lazımdır ki,  ilk milli parlamentimiz 80 müsəlman, 21 erməni, 10 rus, 1 alman və 1 yəhudi millət vəkili əsasında formalaşmışdır. Göründüyü kimi 1918-ci ilin mart soyqırımından yarım il keçməsinə baxmayaraq, parlamentdə ən çox  ikinci  erməni nümayəndəsi də təmsil edilmişdir.

   Məhz AXC hakimiyyəti dövründə islam dininə mənsub muxtar fəaliyyət göstərən dini iki tirəliyə son qoyulmuş və bütün müsəlmanlar vahid dini təşkilat altında birləşmişdir. 1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnamə qəbul edir və həmin tarixdə də hökumət təsis olunur, milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradılır.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail ola bilir, bildiyimiz kimi,  Azərbaycanın Milli müstəqilliyinin elan olunmasına qədər bu dini təşkilatlar Tiflisdə yerləşirdi.  Həmin təşkilatlar XMDEN-nin 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar Tiflisdən  Gəncəyə köçürülür və könüllü olaraq  1918-ci ilin sentyabrın 1-də vahid orqanda birləşir. 1918-c il sentyabrın 7-də XMDEN qərarı təsdiqləyir və 1918-ci il sentyabrın 15-də Bakı daşnak və bolşevik işğalıdan azad edildikdən sonra bu təşkilat yəni  Məşixət (dini təşkilat rəhbərliyi, şeyxlik) Bakıya köçürülür. İlk şeyx Molla Məhəmməd Pişnamazzadə səhhəti ilə bağlı 1918-ci il dekabrın 10-da idarənin sədri və şeyxülislam vəzifəsindən istefa verir,  Azərbaycan Xalq Cümhuriyyəti Dini etiqad naziri Musa bəy Rəfiyevin təqdimat və tövsiyəsi ilə 1918-ci il dekabrın 12-də Təzəpir Məscidinin axundu 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və şeyxülislam seçilir. Bununla da Qafqazda müsəlmanların dini işlərinin idarə edilməsində müstəqil fəaliyyət göstərən  ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırılır və bu günümüzə kimi fəaliyyət göstərən Qafqaz müsəlmanlarının vahid idarəsi yaradılır.
    Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi dövlət kimi müstəqilliyi elan edilmiş və ilk gündən də hüquqi dövlət kimi fəaliyyətə başlamış, cəmi 23 aylıq fəaliyyəti dövründə müstəqil respublikanın ədliyyə, məhkəmə, polis və prokurorluq orqanlarının yaradılmasına və xüsusi əhəmiyyət vermişdir.

     Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmışdı. Fətəli xan Xoyskinin Tflisdə təşkil etdiyi 1-ci hökumət kabinəsində ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi — Azərbaycan Xalq Cümhuriyyətinin bütün məhkəmə və hüquq idarələri sisteminə və onların fəaliyyətinə nəzarət edən hökumət orqanı idi.
      Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyi  28 may 1918-ci ildə Azərbaycan Milli İslam Şurasının qərarı ilə Azərbaycanın dövlət müstəqilliyini elan etdikdən sonra, elə həmin gün Fətəli Xan Xoyski başda olmaqla, ilk müvəqqəti hökumətini təsdiq etmişdir. Həmin hökumətdə Fətəli Xan Xoyski eyni zamanda daxili işlər naziri təsdiq olunmuşdur. 
      Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi və onun tabeçiliyində prokurorluğun fəaliyyəti bərpa edilmiş, başqa sözlə prokurorluq orqanları yaradılmışdır. Təsadüfü deyildir ki, elə həmin tarix əsas götürülərək Azərbaycan Respublikasının Prezidenti  Heydər Əliyevin
17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər ilin oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır.

    Ermənilərin və bolşeviklərin bütün Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində yerli əhaliyə qarşı soyqırımın, kütləvi qırğınların, qanlı hücumlarının, təxribatlarının qarşısını almaq  və dövlətçiliyimizi qorumaq məqsədi ilə  1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildilər.

   Azərbaycan Xalq Cümhuriyyətinin  parlamentinin 1919-cu il avqustun 18-də keçirilmiş iclasında «Gömrüyə münasibətdə Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında Qanun» qəbul edildi. 8 maddədən ibarət olan Qanunun 1-ci maddəsində göstərilirdi: «Azərbaycan Respublikasının sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu, əlavə edilən dislokasiya məntəqələrinə uyğun olaraq, sayı doxsan doqquza (99) çatan, doqquz yüz doxsan iki (992) mühafizəçidən ibarət tərkibdə sərhəd postları təsis edilsin…
  Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətinin  23 aylıq fəaliyyət dövründə 35 nazirlik təsis edilmiş, bunlardan 17 nazirliyin rəhbərləri xaricdə təhsil almış hüquqşünaslar idi. Parlament  tərəfindən müzakirəyə çıxarılmış 270 qanun layihəsindən 230 qəbul edilmişdir.
    Eyni zamanda Azərbaycan Xalq  Cümhuriyyəti ilk günlərdən dövlətin sosial-iqtisadi inkişafı və idarə edilməsi üçün yerli kadrların hazırlanmasına xüsusi önəm verib.
Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapmışdır. Qanun Bakıda dörd fakültədən – Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin yaradılmasını nəzərdə tutmuşdur.
     Yuxarıda qeyd edilənlər Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi dövlət yaradılması istiqamətində gördüyü işlərin az bir hissəsidir. 28 may 1918-ci il  “İstiqlaliyyət Bəyannaməsi”nin 1-ci hissəsində
     “1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir” kimi göstərilmiş və qurulmuşdu.
XX əsrdə 2-ci dəfə 18 oktyabrın 1991-ci ildə dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.”

SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий