Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, publisist ictimai-siyasi aktiv Vüqar Dadaşov,
Azərbaycan Xalq Cümhuriyyətinin Bolşevik Rusiyası tərəfindən işğal edilməsinin ildönümü ərəfəsində AXC hakimiyyətinin dövlət quruculuğunun əsas prinsipləri barədə yazmışdır.
Həmin yazını olduğu kimi təqdim edirik.
“İlk öncə onu qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa bir
müddətə, dövrü üçün uğurlu dövlət modeli qura bildi. Bu dövlət modeli bir çox
göstəricilərinə görə, ən əsası da hüquq, islam və dünyəvilik baxımından nəinki islam dünyasının,
eləcədə qoca qitənin dövlətlərinə nümunə ola bilən dövlət modeli qura bilmişdi.
Birinci dünya müharibəsinin gedişi və
nəticəsi kimi və daxili narazılıqlar fonunda 1917-ci ilin oktyabr inqilabı
Rusiya çar imperiyası süqut etdi. Bu halda Rusiya imperiyasının tərkibinə işğal
nəticəsində daxil edilmiş və ikiyə bölünmüş Azərbaycanın müstəqillik əldə
etməsinə tarixi şərait yaranmış oldu.
1918-ci il may ayının 28-də müsəlman şərqində ilk demokratik, hüquqi,
dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi ilk
növbədə xalqımızın yaddaşından yüksək
milli ideyaya, dövlətçilik istəyinin
silinməməsinin sübutudur.
Cəmi
23 ay ömür sürmüş milli dövlətimiz nəinki, müsəlman dünyasında hətta Avropa və
digər qitə ölkələrinə nümunə ola bilən yerli əhalinin demokratik
hüquq və azadlıqları bərqərar edilmiş, müsəlman dünyasında ilk dəfə olaraq
qadınların seçki hüququ tanınmış, etnik və dini mənsubiyyətindən asılı
olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara yiyələnmiş, parlament, hüquq
mühafizə orqanları yaradaraq parlament idarə üsullu dövlət yaradılmışdır. Yeri
gəlmişkən qeyd edim ki, həmin dövrdə əksər Avropa ölkələrində qadınların səs
vermə hüququ yox idi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlament
idarə üsullu dövlət idi.
Xüsusi ilə qeyd etmək lazımdır ki, ilk milli parlamentimiz 80 müsəlman, 21
erməni, 10 rus, 1 alman və 1 yəhudi millət vəkili əsasında formalaşmışdır.
Göründüyü kimi 1918-ci ilin mart soyqırımından yarım il keçməsinə baxmayaraq,
parlamentdə ən çox ikinci erməni nümayəndəsi də təmsil edilmişdir.
Məhz AXC hakimiyyəti dövründə islam dininə
mənsub muxtar fəaliyyət göstərən dini iki tirəliyə son qoyulmuş və bütün
müsəlmanlar vahid dini təşkilat altında birləşmişdir. 1918-ci il iyunun 17-də Milli Şura özünü
buraxması haqqında qətnamə qəbul edir və həmin tarixdə də hökumət təsis olunur,
milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə
Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradılır.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani
idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail
ola bilir, bildiyimiz kimi, Azərbaycanın
Milli müstəqilliyinin elan olunmasına qədər bu dini təşkilatlar Tiflisdə yerləşirdi. Həmin təşkilatlar XMDEN-nin 10 avqust 1918-ci
il tarixli qərarı ilə onlar Tiflisdən Gəncəyə
köçürülür və könüllü olaraq 1918-ci ilin
sentyabrın 1-də vahid orqanda birləşir. 1918-c il sentyabrın 7-də XMDEN qərarı
təsdiqləyir və 1918-ci il sentyabrın 15-də Bakı daşnak və bolşevik işğalıdan
azad edildikdən sonra bu təşkilat yəni Məşixət
(dini təşkilat rəhbərliyi, şeyxlik) Bakıya köçürülür. İlk şeyx Molla Məhəmməd
Pişnamazzadə səhhəti ilə bağlı 1918-ci il dekabrın 10-da idarənin sədri və
şeyxülislam vəzifəsindən istefa verir,
Azərbaycan Xalq Cümhuriyyəti Dini etiqad naziri Musa bəy Rəfiyevin təqdimat
və tövsiyəsi ilə 1918-ci il dekabrın 12-də Təzəpir Məscidinin axundu 47 yaşlı
Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və şeyxülislam
seçilir. Bununla da Qafqazda müsəlmanların dini işlərinin idarə edilməsində
müstəqil fəaliyyət göstərən ikili
sünni-şiə ruhani rəhbərliyi aradan qaldırılır və bu günümüzə kimi fəaliyyət
göstərən Qafqaz müsəlmanlarının vahid idarəsi yaradılır.
Azərbaycan
Xalq Cümhuriyyətinin hüquqi dövlət kimi müstəqilliyi elan edilmiş və ilk gündən
də hüquqi dövlət kimi fəaliyyətə başlamış, cəmi 23 aylıq fəaliyyəti dövründə müstəqil respublikanın ədliyyə,
məhkəmə, polis və prokurorluq orqanlarının yaradılmasına və xüsusi əhəmiyyət
vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə
Nazirliyi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmışdı. Fətəli xan Xoyskinin Tflisdə təşkil etdiyi 1-ci hökumət kabinəsində ilk ədliyyə
naziri Xəlil bəy Xasməmmədov olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin
Ədliyyə Nazirliyi — Azərbaycan Xalq Cümhuriyyətinin bütün məhkəmə və
hüquq idarələri sisteminə və onların fəaliyyətinə nəzarət edən hökumət orqanı
idi.
Azərbaycan Xalq Cümhuriyyətinin
Daxili İşlər Nazirliyi 28 may 1918-ci
ildə Azərbaycan Milli İslam Şurasının qərarı ilə Azərbaycanın dövlət müstəqilliyini
elan etdikdən sonra, elə həmin gün Fətəli Xan Xoyski başda olmaqla, ilk müvəqqəti
hökumətini təsdiq etmişdir. Həmin hökumətdə Fətəli Xan Xoyski eyni zamanda
daxili işlər naziri təsdiq olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər
Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi və onun
tabeçiliyində prokurorluğun fəaliyyəti bərpa edilmiş, başqa sözlə prokurorluq
orqanları yaradılmışdır. Təsadüfü deyildir ki, elə həmin tarix əsas
götürülərək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər ilin oktyabrın 1-nin Azərbaycan
Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara
alınmışdır.
Ermənilərin və bolşeviklərin bütün Azərbaycan
Xalq Cümhuriyyətinin ərazisində yerli əhaliyə qarşı soyqırımın, kütləvi
qırğınların, qanlı hücumlarının, təxribatlarının qarşısını almaq və dövlətçiliyimizi qorumaq məqsədi ilə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan
Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun
1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov
dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir
müavini təyin edildilər.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin 1919-cu il avqustun 18-də
keçirilmiş iclasında «Gömrüyə münasibətdə
Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında Qanun»
qəbul edildi. 8 maddədən ibarət olan Qanunun 1-ci maddəsində göstərilirdi: «Azərbaycan
Respublikasının sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla
mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu, əlavə edilən
dislokasiya məntəqələrinə uyğun olaraq, sayı doxsan doqquza (99) çatan, doqquz
yüz doxsan iki (992) mühafizəçidən ibarət tərkibdə sərhəd postları təsis
edilsin…
Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövründə 35 nazirlik təsis
edilmiş, bunlardan 17 nazirliyin rəhbərləri xaricdə təhsil almış hüquqşünaslar
idi. Parlament tərəfindən müzakirəyə
çıxarılmış 270 qanun layihəsindən 230 qəbul edilmişdir.
Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti ilk günlərdən dövlətin
sosial-iqtisadi inkişafı və idarə edilməsi üçün yerli kadrların hazırlanmasına
xüsusi önəm verib.
Belə ki, Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi “Bakı şəhərində dövlət
universitetinin təsis edilməsi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda
da öz əksini tapmışdır. Qanun Bakıda dörd fakültədən – Şərq şöbəsi olan
tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət
universitetinin yaradılmasını nəzərdə tutmuşdur.
Yuxarıda qeyd edilənlər Azərbaycan Xalq
Cümhuriyyətinin hüquqi dövlət yaradılması istiqamətində gördüyü işlərin az bir
hissəsidir. 28 may 1918-ci il
“İstiqlaliyyət Bəyannaməsi”nin 1-ci hissəsində
“1. Bu gündən etibarən Azərbaycan
xəlqi hakimiyyət həqqinə malik olduğu, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan
dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir” kimi göstərilmiş və qurulmuşdu.
XX
əsrdə 2-ci dəfə 18 oktyabrın 1991-ci ildə dövlət müstəqilliyini elan etmiş Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.”
SNN NEWS-Haber