Поиск по этому сайту

суббота, 21 марта 2020 г.

TAPDIQ ƏLİBƏYLİNİN İRFAN POETİKASI

Çağdaş Azərbaycan ədəbiyyatında öz dəst-xətti, orijinal yazı manerası ilə seçilən yazarlar sırasında Tapdıq Əlibəylinin xüsusi yeri və çəkisi vardır.
T.Əlibəyli şeirlərinin başlıca məziyyətləri hansılardır?
 Dilimizin poetik imkanlarından səmərəli istifadə, poetik detalların yerli-yerində işlənməsi və ən başlıcası isə bunların hamısının bütövlükdə xalqımızın etnoqrafiyası ilə vəhdətdə təsviri.
Müasir həyatımızdakı hər hansı adiliyin böyük poetik vüsətlə tərənnümü, ilk baxışda insanlara adi görünə bilən hadisə və faktların ictimai fonda verilməsi, ona milli münasibət Tapdığın şeiriyyət çələnginə xas olan cəhətlərdəndir.
Təbii ki, Tapdıq Əlibəylinin yaradıcılığı haqqındakı bu qeydlərim onun poetik dünyasını səciyyələndirən yalnız qısa bir xülasədir və bütövlükdə şairin yaradıcılıq uğurlarını əhatə edə bilməz...
Yeri gəlmişkən, özü haqqında deyim ki, Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açmış, ali filoloji təhsil almış, iyirmiyə yaxın kitab, bir disk müəllifidir, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Heyrət” Ədəbi Birliyinin qurucusu və rəhbəri, “Konstitusiya” qəzetinin, “Heyrət” dərgisinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” mükafatı laureatıdır.
Ədəbi yaradıcılıq kontekstində T. Əlibəylinin poetik təlqinləri çeşidli olmaqla bərabər mütəhərrikdir. Poetik təfəkkürü insanın özünüdərki çözən mətləblərlə bağlı qavrayışlardan keçir və bu qavrayışlar milli təfəkkür qaynaqlarına dayaqlanır.
 T.Əlibəylinin yaradıclığında seçilən bir xətt keçir ki, bu müstəvidəki şeirlərə irfan işartıları, irfani düşüncə hakimdir. İrfan daşıyıcısı olan belə örnəklər klassik poeziyamızın dərin qatları ilə səsləşir və mənəvi bağlarla Şəms Təbrizi (1185-1248), Mövlana Cəlaləddin Rumi (1207-1273), Yunis Əmrə (1238-1320), Məhəmməd Füzuli (1494-1556), Qaracaoğlan (1606 – 1674),  Mir Həmzə Seyid Nigari (1795-1866), habelə, digərlərindən üzü bəri axıb gələn ilahi bir xətlə qovuşur.
Ərəb sözü olan “irfan” təsəvvüfdə “Allahı dərk etmə” deməkdir. İrfan idrakdır, mərifət elmidir, haqqa tapınıb da nurlanmaqdır. Kamil sufi mütəfəkkirlərinə – İmam Qəzaliyə, İbn Ərəbiyə, Şeyx Mahmud Şəbüstəriyə, Mövlanə Cəlaləddin Rumiyə və s. görə həqiqi sufi ilə Allah arasında heç bir məsafə yoxdur.
Görkəmli ədəbiyyatşünas, tənqidçi Yaşar Qarayev təsəvvüf haqqında yazırdı: “Təsəvvüf-həm din, həm də fəlsəfədir, yaxud, ayrılıqda nə din, nə də fəlsəfədir. Dindən fərqi: insanı və təbiəti o, xaliqin yaratdığı, yoxdan var etdiyi xilqət hesab eləmir, xaliqin özü, onun zərrələri, görüntüləri hesab edir. Dindar- ibadətlə, sufi-eşqlə, kamala yetməklə haqqa yetmək yolunu tutur”.

Iki yolun ayrıcına çatmışam,
Biri işıq, biri zülmət-getməli...
Ay doğacaq günəş kimi batmışam,
Şəfəqlənib dan yerində bitməli.

Tapdıq Əlibəylinin təsəvvüf kontekstindən yanaşdığımız şeirləri asketizm ruhundan tamamilə uzaq olmaqla, sufizmin irfanilik məqamını özündə əks etdirir. Bu inanc dini ehkamlara kor-koranə, bəsit imandan fərqlidir.

Anlamazlar mühitində
Haqq sevərlər dərviş oldu.
Inamsızın xislətində
İmansızlıq vərdiş oldu.

 Mən nə sufi, nə dərvişəm,
 Hər ikisin haqq bilmişəm.
 Soraqdayam,yol üstəyəm...
 Haqq qatında bitib rişəm.

Rişəsi haqq qatında bitən şair hansı yol üstədir? Kimin və nəyin sorağındadır?
Bu suallara cavab tapmaq üçün elə Tapdıq Əlibəylinin özünə- irfan poeziyasına bələd olmaq gərəkdir. Bu istəklə də “yola” çıxaq, hansı ki... İnsan, Allahın bir zərrəsidir, o zərrə isə “tamın tamahında”...

Zərrə tamın tamahında,
Bütövləşər dərgahında.
Tapdıq haqqın günahında
Verməz sənə baş, ay dünya!

Tapdıq Əlibəyli haqqın dərgahına ruhi paklanma, saflaşmaqla can atdığını “günahlı” dünyaya bəyan edir, o dünyaya ki, dərviş (sufi) onu duya-duya tərki-dünyadır... Şair insanları dünyanın “əzablarına” (o əzablar ki, dünya malı yığmaqdan keçir) aldanmamağa çağırır. ”Nə vaxt bitər yuxularım? ”ritorik sualı poetik məntiqin dərin qatlarına sirayət edir.

Dərviş eşqi tərki- dünya,
Bu dünyanı duya-duya.
Dünya özü yarım röya...
Nə vaxt bitər yuxularım?

Dünya satır əzabları,
Aldanmasın alan barı!
Yuxu sandım bu bazarı .
Nə vaxt bitər yuxularım?

Yuxuların kölgəsiyəm,
Ayılanda gedəsiyəm.
Bircə onda biləsiyəm,
Nə vaxt bitər yuxularım?

Böyük Füzuli mükalimə tərzində yazmış olduğu “Rindü Zahid” əsərində Rindin diliylə gözəlliyə ilahi məna verir: “ Gözəllik Allah simasının aynasıdır, Allahın nurunun məzhəridir, Allah axtaranların məqsədə çatmaları üçün yol gös¬tərəndir”.
Mövlana Cəlaləddin Rumiyə görə: Allah gözəldir, o səbəbdən gözəlliyi və gözəli sevir. Bəbəklərimizdən bir dünya gözəlinə boylanan biz deyilik, Tanrının özüdür...
O gözəllik ki, Tapdıq Əlibəylinin qəlbini riqqətə, varlığını ehtizaza gətirib, bütün aləmi bürümüş gözəllikdir, əbədi feyzin mənşəyidir.

Gözümə, könlümə köçən gözəllik,-
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol-əbədilik...
Baharla payızın gözəlliyi tək.

Yarpaq gözəlliyi-baharın hökmü,
Xəzan gözəlliyi-yarpaq tökümü,
Gəlimin gedimi-ilkə dönümü...
Baharla payızın gözəlliyi tək.

Sual doğur: Tanrıdan boy alan əzəli gözəllik, ” gəlimin gedimi-ilkə dönümü” niyə məhz baharla payızın gözəlliyinə bənzədilir? Fikrin müstəqimliyindən məcaziliyinə keçid edək. Birinci bəndin birinci beytində “görüntülənən” gözəllik gözdən könülə köçən olduğuna görə zahiridir. Yəni Tanrının aləmə bəxş elədiyi gözlə gördüyümüz bütün gözəlliklər. Birinci bəndin üçüncü misrası isə ruhi məqamla bağlanır və “görüntülənən” lə vəhdətdədir.
 Ikinci bənddə iki fəsil (yarpaq - xəzan) eyniləşdirilir . Bu məntiqə söykənib şeirin ehtiva etdiyi irfani mənanı anlamaq olar: Baharda təbiət canlanır, tumurcuqlar yarpaqlanır ... ağaclar çiçəkləyir. Payız isə bar fəslidir, yəni payız nəticədir... Deməli, insanın dünyaya gəlişi –bahar, axirətə dönüşü-payız... Bax, bu müqayisədən qaynaqlanır şairin “baharla payızın gözəlliyi tək” irfan qənaəti.
Bu gözəllikləri görməyənlərin “soyuq baxışlarından üşüyən” şair“ qəriblik çəkəcək ruhumuz hələ”,- deyir.

Soyuq baxışlardan yaman üşüdüm,
Bəlkə, ötəridir deyib, düşündüm.
İllər sükutunda çilik ümidim...
Qəriblik çəkəcək ruhumuz hələ.

İşaran misralar –şölə üzümə,
Qələm də qızınır ürək közümə .
Yorğunluq kölgəsi, çökmə sözümə,
Qəriblik çəkəcək ruhumuz hələ.

Kövsər bulağıdır əbədi çeşmə,
Qərib dünyamızda ruhumuz təşnə...
Hazır deyiliksə haqq görüşünə,
Qəriblik çəkəcək ruhumuz hələ.

Poetik təfəkkürün irfan qatlarından süzülüb gələn “Qəriblik çəkəcək ruhumuz hələ” şeirində T. Əlibəylinin dəruni sənətkar həssaslığı duyulmaqda və dəruni ağrıları özünü göstərməkdədir.

Dünya gözlərimdə əriyir şam-şam,
Ovqatım həsrətlə sislənən ümman.
Bu qərib ümmanda yoxmu bir güman?
Yanğını sevirəm yandığım zaman.

 Ney harayın, səsin ruhdan alıbdı,
İlahi yanğıyla cilalanıbdı.
Bu necə kədərdir, yuxu tək baldı?
Yanğını sevirəm, yandığım zaman.

Şair bu “qərib ümmanda” gümansızdırmı? Ona ney harayının yanğısını sevdirən nədir ? Onun nisgilini, kədərini  “yuxu tək bal” edən kimdir?..
“Yanğını sevirəm yandığım zaman” şerindən doğan bu yönlü sorğularara cavab aramaq üçün gərəkdir ki, irfan yolçularına üz tutaq.
İrfan yolundakı ən böyük ariflərdən olan Mövlana Cəlaləddin Rumi “Məsnəvi” adlı əsərinə neyin hekayəsi ilə başlayır. Belə hesab olunur ki, neylə insanın hekayəti arasında bir bənzərlik vardır. Allah insanı xəlq etdikdən sonra ona öz ruhundan üfürmüş və həyat vermişdir. Əzəli qamışlıqdan qoparılmış quru qamış olan neyə də neyzən öz ruhundan üfürərək həyat verir. Ney qamışdan ayrı qaldığı üçün inləməkdədir. İnsan da haqdan ayrı düşdüyü üçün iztirab çəkir, qərib olduğu dünyadan qurtuluş yolları axtarır.
İlahi eşq və gözəlliyi daim önə çəkən mütəfəkkir şair, haqq eşqi ilə yanan könüllərin sultanı Məhəmməd Füzuli neyə bənzərliyini belə dilə gətirir:

Ney kimi hər dəm ki, bəzmi –vəslini yad eylərəm.
Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm.

Tapdıq Əlibəyliyə görə, nisgilli əndişələrdən xilas olmaq üçün nicat yolu Ulu Yaradanın dərgahına sığınmaqdır. Bu qənaət onuni rfan poeziyasıdakı təlqinlərinin özülündə dayanır.

Dünyayla qaldım üz-üzə,
Sığındım təsəllim sözə.
Iblisə yol yoldaşıyıq,
Çirkab, şərə dözə-dözə...

Haqqın yolları dumandı,
Ötüb keçəsi gümandı.
Tanrı nuruna can atan
Adəmlə yaşıd inamdı...

Ilahi vəhylərdən ibarət, ilahi hikmətlər daşıyıcısı olan Qurani-Kərim əsrlər boyu ədəbiyyat xəzinəsi üçün tükənməz qaynaq olmuşdur. Klassik fikir daşıyıcılarımızın, ünlü qələm sahiblərimizin əksəriyyəti bu müqəddəs, qutsal kitaba dönə -dönə üz tutmuş, ondan islami təfəkkürlə bağlı yaradıcılıq psixologiyasının çeşidli çalarlarını əxz etmişlər.
Tapdıq Əlibəylinin, Quran ayələrinə, Quran qissələrinə istinadən yazdığı şeirlər bütöv bir sistem olmaqla diqqət çəkir. Şübhəsiz ki, bu cəhət ilkin olaraq onun Quran bilgisiylə şərtlənir.
 “Allah yoluna çağıran, yararlı bir iş görən və “Mən özümü Allaha təslim edənlərdənəm” söyləyəndən daha gözəl kim söz deyər? ” (Qurani- Kərim, Fussılət surəsi, ayə 33)

Səs: -Allahu Əkbər, Allahu Əkbər...
Islamın “dili”ylə Xaliqdən xəbər.

Səma tək sonsuzdur, qübbədən uca,
Dəryalar tək dərin edilən rica.
Bu səsin sehrindən üfüq boyunca
Goylərdən enərlər sanki mələklər...
Azan sədasında “Allahu Əkbər”.

“Allahu Əkbər”də Tanrı sədası,
Ilahi kəlmədə vəhdət sevdası,
Sovuşar bu səslə bəndə xətası...
Iblis xislətindən qurtular bəşər,
Azan sədasında “Allahu Əkbər”.

Əzəlin, əsrarlı kainatın, dünyanın yaradıcısı kimdir? İlk yaranışın səbəbi nədir? Təbiətdə və insanın daxili aləmindəki neçə-neçə müəmmalar necə açılmalıdır?
Ən böyük təbiət alimləri zaman-zaman bu suallara doğru –dürüst cavab tapa bilməyiblər və bu barədə bu gün də qəti söz deyə bilmirlər.
 Allah kəlamında deyilir: ”Onlar dünya həyatının sadəcə zahirini bilirlər, axirətdən isə tam xəbər-siz¬dirlər.”(Qurani-Kərim, Rum surəsi, ayə 7)

Ağac da, heyvan da, quş da, böcək də
Böyük Yaradana edirlər səcdə.
Bəşər ovladısa ilkindən uzaq,
İblis əməllərlə gəlibdir vəcdə.

Bir kimsə birinə qəsd edən zaman,
“Canidir “- deyərək, verilmir aman.
“Alimdir”- deyirik şeytan fəhmiylə,
Qırğın silahların kəşf edən insan.

Getdiyimiz yoldan geri dönməli,
Harda ki yox idi şeytan əməli.
Xəlq edən kəm baxmaz yaratdığına,
Tanrıya uzansın bəndənin əli.

Qurani-Kərimdə Qədir gecəsinin fəzilətini bildirən müstəqil bir surə vardır. Bu surədə Uca Allah buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədir gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! Sən nə bilirsən ki, Qədir gecəsi nədir?! Qədir gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və Ruh ( Cəbrayıl) Rəbbinin izni ilə yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər.) (Qurani-Kərim, Qadr surəsi, iayə 1-5)

İnsan gəlişiylə sirli-soraqlı,
Agah etmək üçün nazildi Quran.
Əli dəstəmazlı, ağzı dualı,
Əbədi yol gedir Rəbbinə insan.

Tanrının hökmüylə “Qədir gecəsi”
Mələklərin göydən enən günüdür.
Qəlblərə nur saçır Tanrı sevgisi,
İnsanın Rəbbinə dönən günüdür.

Qiblə yönələn gün Qüdsdən Məkkəyə
Şeypuru susdurdu azan sədası.
Bütləri görmədi rəva Kəbəyə,
“Allahu-Əkbər”lə Quran nidası.

 İslam tarixindən məlumdur ki, 623-cü ildə Məhəmməd peyğəmbər (570- 632) Mədinədə yəhudilərlə əlaqəni kəsir, qibləni Qüdsdən Məkkəyə tərəf çevirir. Ramazan ayını orucluq ayı elan edir və dindarları yəhudilərin şeypur, xtistianların kilsə zəngləri ilə ibadətə çağırışını azan verməklə əvəz edir. Qiblənin üzü Məkkəyə tərəf çevrilməsi, Qüdsü rədd etmək-Peyğəmbər tərəfindən Kəbənin müqəddəs yer kimi qəbul edilməsi demək idi.
“Yer üzündə bitən bütün ağaclar qələmlərə dönsələr, dəniz də mürəkkəbə-yeddi dəniz də üstəlik mürəkkəb olsa belə yazılmaqla bitən deyl Allahın kəlamları. “(Qurani-Kərim, Luqmən surəsi, ayə 27)

Rəbbimizin rəhman-rəhmi,-
Qüdrətində sevgi fəhmi.
Göy üzündən Yerə kimi
Insanlara məhəbbətdir.

Dünya düşür haldan-hala,
Mütləq olan Yaradanla.
“La ilahə illəllah”la
Islam dini hidayətdir.

Zaman-zaman peyğəmbərlər
Yaradandan verdi xəbər.
Surələri dildə əzbər,
Məhəmməddən əmanətdir.

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə (tarix elmləri doktoru) Tapdıq Əlibəylinin “İman qaynağı” kitabındakı “ön söz” ün müəllifi olaraq yazır: ”Bismillahir-Rəhmanir-Rəhim! Allah kəlamında deyilir: ”And olsun qələmə və yazıya” (Qurani-Kərim, Qaləm surəsi, ayə 1). Yəni islamda bu qədər yüksək qiymət verilir sözə. Qələmə alınan hər bir yazı insanları Allahı tanımağa səsləyirsə, bu mənada qələm sahibinin tutduğu yol haqq yoludur.
Təbii ki, günəşin nurunu bir ətək ilə tutmaq olmaz. Bu gün artıq ateizmin cəfəng bir nəzəriyyə olduğu, təkamül nəzəriyyəsinin yanlış olduğu sübuta yetirilmişdir. Şükürlər ki, müstəqillik qazanmış Azəbaycan xalqı iblis təbliğatının buxovlarından azad olmaqla Tanrı nuruna boyanmaqdadır.
 Digər bir məsələ də müqəddəslərimizin uyuduğu torpaqlarımızın hər qarışının qədrini bilmək, bu torpaqları qorumaq əzmi tərbiyə etmək, bu torpaqlarda yaşamaq haqqımızı anlamaqla bağlıdır. El arasında bir deyim var: ”Vətənə gəldim, imana gəldim”. İnşallah, toxunduğum bu məsələlər də Allahın köməyi ilə xalqımız tərəfindən öz müsbət həllini tapar. Tapdıq Əlibəylinin “İman qaynağı” kitabı da özünün qayəsi ilə iman möhkəmliyinə, əqidə sağlamlığına xidmət edər.”
Bu “ön söz”möhtərəm Şeyxülislamın Tapdıq Əlibəyliyə verdiyi xeyir-dua, qələm əhlinin sözünü dəyərləndirmə idi.

Şirini, acını duyub yazıram;
Sevinclə kədəri əkiz dünyanın.
Ruhum göylərdəsə, köçə hazıram,
Əzəldən vəfası yoxsa dünyanın...

“Köçə” hazır olduğunu bildirən şair Ulu Tanrıya üz tutur, “təşnə ruhun yanğısıyla” iblis torunun külə dönməsini dua edir.

Tanrım, bizi şərdən qoru,
Sozalmasın ürək qoru.
Təşnə ruhun yanğısıyla
Külə dönsün iblis toru.

Quran qissəsinə üz tutaq: Şeytan Adəmə səcdə etməkdə Allahın buyuruğundan boyun qaçıraraq dedi: “Mən mənşə və mahiyyətcə Adəmdən üstünəm və heç kəs mənimlə bərabər ola bilməz. Heç bir varlıq mənim uca rütbəmə çata bilməz. Mən odun yanar cövhərindən yaranmışam, o isə qara gil tərkibindən. Ona görə də mənə yaraşmaz ki, ona səcdə edəm”.

Adəm- Həvva Haqdan gəldi,
Bu xəmirdən yoğrulmuşuq.
Şeytan haqqı üstələdi...
Haqqa dayaq doğulmşuq.

“Adəmə səcdə eləyin“ demişdik mələklərə bir zaman. Hamı səcdə elədi, iblis eləmədi. Dedik: “Ey Adəm, sənə də, zövcənə də düşməndir o, şübhəsiz. Gözlə sizi cənnətən çıxarmasın, əziyyətə düşərsən... Şeytan pıçıldadı: ”Ey Adəm, sənə əbədiyyət ağacını, fani olmayan bir səltənəti göstərimmi?” O ağacın meyvəsindən hər ikisi yedilər. “ (Qurani- Kərim,TaHə surəsi, ayə 116-117, 120 -121)

Bu dünya malına həris olanı,
İnsan insanlığın çıxarıb yaddan.
Tutduqca naqislik, pislik insanı,
Enir ucuzluğa o uca addan.

İlkinə sadiqmi Adəm övladı?
Boğur insanlığı tamah havası.
Cənnət bağındakı meyvənin dadı,
Şeytan əməlində nəfsin davası.

Çıxarma yadından, ey uca insan.
Tanrının nuru var əzəl ruhunda .
Mələklər səcdənə gəldiyi zaman,
Şeytan günah etdi Allah yanında.

Quran qissəsində Adəmin oğulları olan Qabil- nəfsinə qul olan şər qüvvə, Habil isə haqqa bağlı olan, xeyir, yer üzündə öldürülən ilkin kəsdir.
 “Nəfsi sövq elədi onu (qurbanı qəbul edilməyən-Qabil) qardaşını öldürməyə, öldürdü qardaşını(Habili). İtkiyə uğradı.”(Qurani-Kərim, Məidə surəsi, ayə 30)

Dünyanın əşrəfi bəşər sakini,
Görən dərk edirmi Adəm ilkini?
Insan xislətində göyərib bəlkə,
Qabilin Habilə nifrəti, kini...


İblis ürəklərdə çəkəndən keşik,
Bəndə Tanrısına çıxıbdı şərik.
 Haqqa dayaq gəlib,amma nə yazıq,
 Mələk libasında şeytanıq, şərik.

“İki tərəf (cənnət və cəhənnəm əhli) arasında pərdə var. Əraf üzərində hər iki tərəfi üzlərindən tanıyan adamlar dayanıblar. Cənnət əhlini səsləyərək “Sizə salam olsun” “deyərlər. Bunlar cənnətə girməyiblər, amma cənnətə girməyin arzusuyla yanırlar.”(Qurani-Kərim, Əraf surəsi, ayə 46)

Bu gecə yuxuma haram qatmışam,
Halallıq üstündə köklənib ruhum .
İblis qarasına daş da atmışam,
Haramım ədalət, halalım, Ulum?!

Dünyaya gəlsə də neçə peyğəmbər,
Allah xofu yoxsa bəndə canında,
Ədalət korşalıb çalmayır zəfər,
“Əraf” əhli kimi məhşər anında...

İblisə üsyanmı -ədalət yolu?
Bəndəyə nifrətmi, ürəklər dolu?
Hər kəs öz qınında, Ulu Yaradan,
Bu yol səninkisə, sən özün qoru!

“O gün gümüş tək əriyər göy, didilmiş yun kimi olar dağlar. Dost dostun hayına qalmaz, bir –birinin üzünə baxıb qalar dostlar o gün.Əzabdan qurtula deyə suç yiyəsi hazırdır qurban verə oğul-uşağını, arvadını, qardaşını,ona yaxınlarda yer vermiş olan qohumlarını. Yer üzündə kim varsa fəda eləyər özünün nicatı üçün. Cəhənnəm odundan heç nə xilas etməz onu. Dərisini, ətini bişirib qoparar bu od . Çağırar, çəkər özünə cəhənnəm haqqa arxa çevirən, haqdan üz döndərən kimsəni, bir kəsin haqqını vermədən sərvət yığan kimsəni. ” (Qurani-Kərim, Məaric surəsi, ayə 8-18)

Artıbdır dünyanın şəri,
Tükənər Tanrının səbri.
Yer üzü ilkindən uzaq,
Verilər qiyamət əmri.

“Elə ki, titrəm-titrəm titrədi yer və içindəki yüklərini çıxardı yer, insan deyər: ”Bu nədir, nə olmuş yerə? ” Üstündəki olmuşlardan o gün xəbər verər yer.” (Qurani-Kərim, Zilzəl surəsi, ayə 1-4)
Tapdıq Əlibəyli iki minlik eramızın sonuncu ilinin 25 noyabr gecəsi Bakını lərzəyə gətirən zəlzələdən təsirlənərək yazır:

Edibdir zəlzələ yer ilə yeksan,
Gör neçə kəndləri, neçə şəhəri.
Bu güc qarşısında acizdir insan,
Nə qədər artsa da elmin hünəri.

Gecə dirigözlü açdı səhəri,
Bərabər yaşadı kasıbla varlı.
Qana işlədikcə qorxu zəhəri,
Endirdi yüksəkdən “ucalıqları”.

Canlara vəlvələ salan zəlzələ
Bəlkə, bir sınaqdı, bəlkə də, çağırış.
O gecə hamımız verdik əl-ələ,
Bəlkə, bu məqamdan başlanır çıxış.

 Tapdıq Əlibəyli “Müqəddəs torpaq-mübarək qədəm” publisistik yazısında torpağın müqəddəsliyini ilkinliklə yaradılışla) bağlayır: ”Müqəddəslər sırasında, vətəndaş ünvanı olan Vətən ilkin olaraq hər kəsin doğulduğu, boya-başa çatdığı doğma yurddan, eldən, obadan baş-layır. Bu əzəlilikdə bir paklıq, bir saflıq durur. Ömür pillələri artdıqca bu paklığı, saflığı cilalayan gizli bağlar insanın bütöv varlığına hakim kəsilir. Ilkin qədəm basdığı torpağa ruhunu pərvazlandırır... Əzələ!  İllah da bu işıqlı dünyaya göz açdığın torpaq-ocaqdan uzaq olanda ... Görünür, bu da bəndənin Tanrısına dönüş məqamına yaxınlıq nişanəsidir. Bu müqəddəs duyğular Tanrının hökmüylə canımıza- qanımıza hopan  “qayıdış“  işartısıdır.
İlahi kəlamın cazibəsinə düşürəm: ”Torpaqdan yaratdı Adəmi Allah. Sonra “Ol»-dedi ona, torpaqdan var oldu o ”. (Qurani -Kərim, Əl-i İmran surəsi, ayə 59)

Nəfsinə qul olan insan,
Dünyadan nə aparırsan?
Bir düşün,torpaqdır sonun,
Ömürdə nə qazanırsan? –

sualına şair başqa bir şeirində özü də cavab verir: “omrün qazancı”nı “rəhmət”, və “lənət”də görür. “Rəhmət”- savab əməllər,  xeyir işlər, halallıq; “lənət”- rəzil əməllər,  şər işlər, günahdan qaynaqlanır .
“Rəhmət”-cənnət xoşbəxtliyi ilə müjdədirsə, “lənət”-cəhənnəm əzabının xəbərdarlığıdır.

Ikicə kəlmədir ömrün qazancı-
Birisi “rəhmət”dir, birisi “lənət”.
Biri şirindirsə, birisə acı,
Hər kəsin əməli özünə qismət.

“Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.” (Qurani-Kərim, Bəqərə surəsi, ayə 81-82)
 Araşdırmalar göstərir ki, Tapdıq Əlibəylinin Qurani-Kərimdən qaynaqlanan şeiriyyəti, poetik örnəkləri onun yaradıcılığında xüsusi yer tutmaqlla, Qurani -Kərimin cazibəsində mənəviyyat, ruhaniyyət məqamındadır.
T.Əlibəyli irfani düşüncəsiylə bütün təriqətlərin fövqündədir.

Inanc yeri məscid, kilsə,
Fərq eyləməz, Tanrı bilsə ...
Minbərlərdə duaların
Gücü çatmır bir iblisə ?...

Tapdıq Əlibəylinin irfan poeziyasına “büründükcə” dilimizin şəhdinə-şəkərinə bir daha qaynayıb-qarışırıq:

Səmam qara buludlu,
Səpələyir hey dolu...
Selləndikcə el yolu,
Sinəm dönər körpüyə.

Tapdıq Əlibəyli insan duyğularının min bir “rəngini” ustalıqla ecazkar sözə köçürür-şeiriyyətə çevirir. Nəzər yetirək:

Tənhalıqla kədər əkiz,
Üz qoynunda –xəyal dəniz .
Həzinliyi məhrəm, əziz...
Duyğuların qürub çağı.

Kədərimlə bir böyüdüm,
Göynədikə göyüm-göyüm.
Qübarlandı yerim-göyüm,
Duyğuların qürub çağı.

Qətrə-qətrə döndüm suya,
Ağrıları duya-duya.
Biləmmədim gerçək, roya...
Duyğuların qürub çağı.

Tapdıq Əlibəyli irfan poeziyası ilə haqqa gedən yolun yolçusudur. Qəlbində haqq bitirmiş şairin sözünün qatı, özünün zatı halallıq fəxarətindədir.

Haqqa pənah gətirmişəm,
Əyri yolu itirmişəm.
Qəlbimdə haqq bitirmişəm .
Şərəfimdə halallıq var.

Türk sözünün qatı dərin,
Dayaz olmaz zatı dərin,
Nizamında xeyrin-şərin,
Tərəfimdə halallıq var.

   Səyadulla Kərimli
       yazıçı-publisist

SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий