Поиск по этому сайту

пятница, 22 апреля 2022 г.

Şuşa dünya azərbaycanlılarını Vətən naminə birləşdirəcək

 



Dünya Azərbaycanlıları Qurultayının türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilməsinin həm simvolik, həm də siyasi hədəfləri var. Qurultay dünya azərbaycanlılarının, diaspor təşkilatlarının Şuşa mənəviyyatının ətrafında sıx birləşməsinə müsbət təsir edəcək. Şuşanın əzəməti diaspor təşkilatlarının vətən sevgisini daha da alovlandıracaq.

 

Diaspor təşkilatları faktiki olaraq dövlət və xalq maraqlarını təmsil və təmin edən ən effektli vasitədir. Hətta deyərdim ki, dövlət büdcəsindən maliyyələşən səfirlik, konsulluqlardan da daha səmərəli fəaliyyət göstərə bilər. Ukrayna müharibəsində başsız qalan azərbaycanlıların taleyini səfirlik, konsulluq yox diaspor təşkilatları nümunəvi şəkildə həyata keçirtdi. Diaspor təşkilatları var ki, dünya düzəninə təsir etmə imkanına malikdir. Yəhudi, çin, yunan diasporları və sair diaspor təşkilatları öz dövlət, xalq maraqlarını dövlətlərinin xarici işlər nazirliklərindən, səfirliklərindən, konsulluqlarından da çox yüksək səviyyədə qoruyurlar və hətta yerli hakimiyyət diaspor təşkilatları ilə fəaliyyətini koordinasiya edirlər.

 

Diaspor təşkilatları ilə bağlı problemlər də mövcuddur. Xaricdəki bir çox diaspor təşkilatlarının rəhbərlərinin çoxu təsadüfi şəxslərdir. Azərbaycanlıların diaspor təşkilatlarının pərakəndə şəkildə fəaliyyətləri, bir təşkilat altında fəaliyyət göstərmək istəyinin olmamasının müxtəlif səbəbləri olsa da, həmin səbəblərdən ən əsası diaspor təşkilat rəhbərlərinin şəxsi maraqlarıdır. Birincisi diaspor təşkilatlarının əksər rəhbərləri təşkilatı qurmaqla azərbaycanlılar içərisində öz fərqliliyin göstərmək, lider olmaq hissləri və azərbaycanlılar adından mövqe əldə etmək istəyən şəxslərdir. Bəzi diaspor təşkilatları və rəhbərləri əksər hallarda həmin dövlətin xüsusi orqanlarının təsiri altında olurlar. Etiraf etmək lazımdır ki, diaspor təşkilatlarının çoxları həmin təşkilat rəhbərlərinin de-fakto kommersiya təşkilatı funksiyasını yetirməklə bir gəlir mənbəyinə çevrilib. Məhz göstərdiyim səbəblərdən də müxtəlif ölkələr daxilində yaşayan azərbaycanlıların diaspor təşkilatları bir təşkilat daxilində birləşməyə meylli deyillər. Təkcə Rusiyadakı diaspor təşkilatlarımızın nümunəsi ümumi mənzərəni ortaya çıxarır. Yeri gəlmişkən, jurnalist Fuad Abbasovun həbsi, deportasiyası ilə bağlı hadisələrin diaspor təşkilatları arasında mübarizənin nəticəsi idi.

 

 V.Dadaşov hesab edir ki, məhz belə neqativlərin aradan qaldırılması və xaricdə fəaliyyət göstərən bütün təşkilatların kordinasiya olunaraq fəaliyyət göstərməsi baxımından Şuşaya toplaşan dünya azərbaycanlıları öz müsbət təklif və töhfələrini verəcək. O, hesab edir ki, Şuşa növbəti dəfə Dünya Azərbaycanlılarını vətən naminə birləşdirəcək.

Vüqar Dadaşov

19.04.2022

Комментариев нет:

Отправить комментарий