Ermənistanda etirazlar davam
edir. Etirazlara və ümumiyyətlə Ermənistanda baş verən proseslərə düzgün qiymət
vermək üçün ilk öncə unutmamalıyıq ki, Azərbaycanın möhtəşəm qələbəsindən sonra
faktiki kapitulyasiya aktına imza atmış Ermənistan Baş naziri Nikol Paşinyanın
növbədənkənar keçirilmiş seçkidə qələbəsi faktı özü onu sübut edir ki, erməni
cəmiyyəti bütövlükdə Qarabağ yükündən azad olmaq niyyətindədir və Nikol
Paşinyana dəstək verib. Maştabına görə Ermənistanda həmin dövrlərdə keçirilən
etiraz aksiyaları nisbət etibarı ilə daha böyük idi. Ancaq bu halda da Paşinyan
hakimiyyətini qoruya bildi. Həmin dövrlərdə etiraz aksiyalarına erməni
cəmiyyəti əsasən öz istəyi ilə çıxmışdı.
Ancaq indi vəziyyət daha
fərqlidir, etirazlar kənardan daha doğrusu Rusiya tərəfindən idarə olunur.
Əvvəla qeyd edim ki, Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə son
6 aprel 2022-ci il tarixli Brüssel görüşündən sonra ənənəvi olaraq Rusiyanın
proseslərə müdaxiləsi gözlənilən idi. Brüssel görüşündən dərhal sonra Nikol
Paşinyan və İlham Əliyev arasında əldə edilmiş razılıq sözsüz ki, Moskvanı
narahat etməyə bilməzdi və buna görə də Kreml hakimiyyəti Paşinyanı Moskvaya
təcilli çağıraraq tələsik, aprelin 19-da Rusiya Prezidenti Vladimir Putinlə
Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təşkil edildi. Putin əmin
olmaq istəyirdi ki, Ermənistan, Azərbaycan, Xankəndi bağlı Rusiyanın istəkləri
Paşinyan tərəfindən yerinə yetiriləcəkdir. Paşinyan - Putin görüşü öncəsi
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Paşinyana telefon zəngi
vəziyyətin mürəkkəbliyini əyani göstərir. Sözsüz ki, Şarl Mişel də Nikol
Paşinyanla Brüsseldə əldə edilmiş razılaşmanın Putin tərəfindən pozulacağı
ehtimalı ilə onunla bir daha danışmaq məcburiyyətində qalıb.
Əminliklə demək olar ki, Putin
Paşinyandan 19 aprel Moskva görüşündən istədiyini ala bilməyib, yaxud Putin
artıq Paşinyanın ona verdiyi vədlərinə əməl etməyəcəyinə əmindir. Məhz bundan
sonra Rusiya Paşinyanı devirmək üçün proseslərə əlavə güc qatıb. Moskva
görüşündən dərhal sonra Ermənistan sərhədçilərinin Azərbaycana Zəngilan
istiqamətində təxribatı sözsüz ki, Moskvanın sifarişidir. Ermənistanın
sərhədlərinin qorunması və nəzarəti Rusiyanın əlində olması faktı da
təxminimizin əsalı olduğuna inamı artırır. Paşinyanın Moskva səfərindən sonra
etirazların güclənməsinə səbəb olan Qarabağımızla bağlı açıqlamaları Moskva ilə
mühüm razılaşmanın əldə edilməməsini göstərən mənzərədir. Aksioma formasında
özünü sübut edən fakt budur ki, Rusiya heç bir halda Azərbaycan - Ermənistanı
münasibətlərinin normallaşmasında maraqlı ola bilməz. Rusiyanın regionda
mövcudluğu yerlərdə konfliktlərin mövcydluğundan keçir. Deməli, Paşinyan
hakimiyyəti bu mövcudluğa təhlükə yaradır. Ona görə də, Paşinyanın devrilməsi
Rusiyanın maraqlarının təmin edilməsi deməkdir.
Hal-hazırda İrəvanda keçirilən
etiraz aksiyasının liderləri açıq-aşkar Rusiya yönümlü fiqurlardır.
Köçaryan-Sarkisyan tandemi ümumən oynanılmış kartlardır və ermənilərin bu
cütlüyə münasibəti nifrətə bərabərdir olduğu kimi də, imkanları və dəstəkçiləri
də yox səviyyəsindədir. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq
direktoru Artur Vanetsyan artıq özü etiraf etdiyi kimi siyasətçi deyil və
təsirli gücə malik ətrafı yoxdur. Rusiya Ermənistanda sarsılmış dayağının
bərpası ümidi ilə hər kəslə razılaşmaq məcburiyyətindədir. Ermənistan Milli
Məclisi spikerinin müavini, Daşnaksutyun partiyasından olan üzvü İşxan
Saqatelyan nə qədər gizlətsə də Rusiyanın sifarişini həyata keçirir. İsxan
Saqatelyan yeni siyasi fiqur kimi müəyyən tərəfdarlar əldə edə bilib, ancaq
etirazların növbəti günlərində səngiməsi ehtimalı da var. Paşinyanın siyasi
iradəsi, dözümü və qətiyyəti olmalıdır ki, bu təzyiqə davam gətirsin. Maraqlı
məqamlardan biri də budur ki, Rusiyanın Ukraynada məğlubiyyəti həm də Paşinyan
hakimiyyətinin işinə yararlıdır və çox güman ki, Paşinyan da bu amilə diqqət
yetirir.
Hər-bir halda kimin Ermənistanda
hakimiyyətdə olmasından asılı olmayaraq Azərbaycan öz siyasi hədəflərini
realaşdıracaq. Ancaq erməni cəmiyyəti də anlamalıdır ki, revanşist ideyaları
ilə Azərbaycana meydan oxumaq 44 günlük müharibənin artıq Ermənistan ərazisində
görmək arzusuna bərabərdir. Paşinyan isə bu ssenarini dayandıra biləcək yeganə
şəxsdir və çox güman ki, son anda erməni revanşistlər bunu dərk edəcəklər.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
27.04.2022
Комментариев нет:
Отправить комментарий