Поиск по этому сайту

пятница, 23 августа 2019 г.

Qazaxda Səfəvilər dövrünə aid tarixi abidələr məhv edilir! Tural İrfanın araşdırması

Tarixi abidələrimizə qayğı və diqqət ən vacib məsələlərdən olmalıdır. Son zamanlar bu diqqət hiss olunsa da bəzən ayrı-seçkiliyin şahidi oluruq. Bu ya bəzi yeri məmurların yeyintisi nəticəsində, ya da anti-milli xəyanətkar güvvələrin tariximizi silmək niyyəti sayəsində baş verir. Belə ki, Qazax rayonunda alban kilsələri təmir olunsa da qədim Dəmirçilər məscidinin təmirinə imkan verilmir. 

Bu silisləyə Qazaxda Şəkərin Qalası deyilən qədim abidəni, Kəsəməndə İsrafil Ağanın evini, tarixin izi olan Kəsəmən Qalasını, Dədəban qalasını və digər məhvə məhkum edilən onlarla, yüzlərlə abidəni əlavə etmək olar. Hətta məlumata görə Qazaxın mərkəzindəki alban kilsəsi təmir olunarkən onun divarındakı, alban abidəsi olmasını əks etdirən yazılar da qəsdən silinmişdir. Təmir adı altında tariximizi silənlər Dəmirçilər məscidinin ümumiyyətlə məhv olaraq itməsinə şərait yaradırlar. 


Kəndin ən qədim tarixi abidələrindən olan bu məscidin əsası Səfəvilər dövründə, Mərənd-Ərdəbil-Vedibasar-Göyçə-Qazax marşrutu ilə gələrək məskunlaşmış Qızılbaş Temirçi-Dəmirçi tayfaları tərəfindən 15 ci əsrdə kəndin binasını qoymuş Dəmirçi Alı tərəfindən qoyulmuşdur. Kəndin ən hündür yerlərindən birində tikilən bu məscid elə bir məkanda qərar tutub ki, oradan baxarkən Göyçə mahalının bir hissəsi, Şəmşəddil mahalının çox hissəsi, Qazax mahalının da önəmli hissələrini görmək mümkündür. 

Kəndin tarixi göstərir ki, məscid savaşlar və tarixi hadisələr nəticəsində dağılaraq 4 ədəd uca minarəsi də pozulmuşdur. İkinci dəfə məscidi 1735 ci ildə Hacı Heydər, Məşədi Baba, Qaraca Hüseyn, Şeyx Alı oğlu Abdu və İmamalı yenidən ucaldaraq iki minarəsini əvvəlkinə nisbətən qısa şəkildə qismən bərpa etmişlər. Kənddə dini etiqadlı və savadlı adamlar, mollalar həddən artıq çox olduğundan bu məscid regionun dini mərkəzi yerləşən nöqtəyə çevrilərək mədrəsə fəaliyyəti də göstərmişdir.

Ermənilərin tarix boyu hücumlarına məruz qalan bölgə əhalisi və Dəmirçilər camaatı 1906 cı ildə yenidən mənfur düşmənin qətliamına tuş gəldi. 22 yanvar 1906 cı ildə Qurban Bayramı günü ermənilər hücum edərək yuxarı kəndləri (indiki ermənistan adlandırılan ərazilərə yaxın torpaqlar) yandırıb camaatı nizələrə taxmağa başladılar. 

Həmin ərəfədə dini və milli mərkəz olan, ziyalıların, bəylərin - ağaların toplanış yeri sayılan Dəmirçilər məscidində bayram tədbiri idi və bölgənin bütün böyükləri ora toplaşmışdılar. Bu tarixi olayı Məmməd Səid Ordubadi (1872 - 1950) "Qanlı illər" kitabında belə nəql edir :" 22 yanvar 1906 ci ilə uyğun gələn Qurban bayramı günü Qızıl Hacılı camaatı bayram namazını qılıb qurbanlarını kəsməyə məşğul olarkən kəndlərə hücum edən erməni birləşmələri müsəlmanları qətl etdilər. Yaxın kəndləri yandırdılar, hətta bir şikəst qocayla iki həddi buluğa çatmamış qızı anaları ilə birgə əsir apararaq obaları yağmalayıb atəşə qərq etdilər. 

Müsəlmanlar bayramı unudaraq digər kəndlərə qaçışdılar. O sırada Dəmirçilər kəndində olan İsrafil bəy güllə səslərini duyaraq Nuru bəylə birlikdə, qırılan camaatın yardımına yetişərək erməniləri, dustaqları buraxaraq, yarısı yandırılıb yıxılmış kəndlərdən qaçmaq məcburiyyətində qoydular."

Digər qaynaqlara və yerli əhalinin istinadına görə o zaman Dəmirçilərdə bayram zamanı toplaşan igid Dəmirçilər camaatı silahlanaraq yuxarı kəndlərə hücum edən erməniləri darmadağın edib geri oturdublar. Dəmirçilərin əli silahlı kişilərinin yuxarı kəndlərə yürüdüyünü və kəndin mühafizəsinin olmadığını görən digər erməni dəstələri Lələ kənd deyilən kənd tərəfdən Cəfərli istiqaməti ilə əhalini qıra-qıra Dəmirçilər məscidinə yetişib orada yalnız qadın-uşaqların qaldığını görərək onları məscid qarışıq yandırıb məscidi viran ediblər. Bu zaman yuxarı kəndlərin xilasına üz tutan Nuru bəylə, İsrafil bəy olayı duyaraq yenidən geri üz tutublar. Artıq onların gəlişini hiss edən ermənilər talanı və qətliamı yarımçıq qoyaraq gəldikləri istiqamətlə geri qaçıblar.
Məscid 2 il dağılmış vəziyyətdə qalıb. Sonra kənd əhalisi toplaşaraq məscidi təmir etməyə çalışıblar. 

Kənddən Kərbəlayi Mansır, İmamalı oğlu Kərbəlayi Xəlil, Məşədi Molla Alı və digər nüfuzlu şəxslər həmin məscidi əvvəlki təmtəraqlı formada olmasa da minarəsiz və sadə halda, köhnə təməllər üzərindən təmir-bərpa ediblər. Hazırda qapının kənarında da təmir tarixi hicri qəməri təqvimi ilə qeyd edilib. Bu məscid yenidən fəaliyyətini bərpa edib, böyük alim, Məşhədi Molla Alı bölgə qazısı olaraq bu məsciddə oturub. Onun məsciddən bir qədər aralıda öz Hüseyniyyəsi ( namazgah ) də olub ki, son zamanlara qədər qalırdı. Kənddən Məşədi Baba, Kərbəlayi Mansır, Kərbəlayi Xəlil, Seyid Murtuz və digərlərinin sayəsində 180 nəfərə yaxın insan o dövrdə Məşhəd, Kərbəla və Məkkə ziyarətinə gedib. Hazırda Tiflis arxivində Məşhədi Molla Alının qazı olması və Dəmirçilər məscidində qərargahlanması təsdiq edilir digər mühüm məlumatlarla bahəm.

Məlum Sovet hakimiyyəti qurulduqda isə represiyalar nəticəsində din adamları fəaliyyətini zəiflədib, kitablar müəyyən yerlərdə və məscidin müəyyən əhatəsində dəfn edilib, məscid isə anbar kimi istifadəyə verilib, müəyyən qədər də təmir olunub. Sovet hökuməti çökəndən sonra isə məscidə heç bir qayğı-diqqət olmayıb. 

Uzun illər Qazaxda bölgə qazısı işləyən bir şəxsin məzhəbçi və nifaqçı fəaliyyəti nəticəsində bu məsciddə dini icmanın yaranmasına da imkan verilmədi. Hətta sakinlər ərizə ilə Qafqaz Müsəlmanlar İdarəsinə və digər qurumlara da müraciət etdilər, xeyri olmadı. Bunu görən yerli imkanlı şəxslər özləri öz şəxsi hesablarına bu tarixi abidəni təmir etmək istədilər, qaranlıq əllər buna da imkan verməyərək həmin imkanlı şəxsləri tora salmaq istədilər.

Hal hazırda o abidəni nə din ocağı-məscid kimi, nə də tarixi abidə kimi təmir etməyə, heç kənarına mühafizə olunması üçün maneə çəkməyə də imkan vermirlər. 

Ermənilərlə sərhəddə yaxın bir kəndin Səfəvilər dövrünə aid ən qədim abidəsini qaranlıq əllər bax beləcə məhv edirlər. Məscidə kim yaxın gedirsə dərhal ya həbs edirlər, ya da həbslə hədələyib qaçırdırlar.
Abidənin içində isə vəhşi heyvanlar, at-eşşək, mal-qoyun arxaclanır. Dəfələrlə məscidin içində gün isti olan zamanlarda yatıb gövşəyən inəklər, anqıran eşşəklər görmüşəm. Yadıma Şuşa məscidi düşüb. 

Şuşada anoloji olayı ermənilər edir, bəs Qazaxda bunu kim edir? Şuşada bu olayı milləti erməni olanlar edir, burada isə xisləti erməni olanlar edir. Çünki Səfəvilər dövrünə aid olan bu abidəni məvh etmək kəndin tarixini ermənilərin istəyinə uyğun olaraq cavanlaşdırmaqdan başqa bir şeyə xidmət etmir. 

Məscidin qapıları, pəncərələri də yoxdur. 

Üstü torpaqla örtüldüyündən 111 illik ağac millər, sütunlar artıq yağış sularına tab gətirmək əzmində deyil. İki qapısı olan bu tarixi abidənin əhatəsində hətta arxeoloji qazıntılar aparılsa daha faydalı məlumatlar əldə etmək olar.

İlk təməlini qoyanlardan biri mənim ulu babamdır. Hər dəfə ürək ağrısı ilə o mənzərəni görəndə, məsciddəki mal-qaranı çıxara-çıxara sanki babamın ruhunun məni danladığını, gileyləndiyini eşidirdim ki, "bala niyə səsini çıxarmırsan???"

Bu yazını ona görə yazıram ki, qurumlar bir-birinin üstə ataraq nəticədə erməniyə xidmət edib belə bir abidəni məhv edirlər onsuz da. Abidə məhv olur və olacaq da. Ancaq heç olmasa yox olandan sonra onun haqqındakı məlumat qoy tarixdə qalsın. 

Necə ki, Ordubadinin yazdığını mən burada sitat gətirdim, qoy gələcəkdə də onun davamı olaraq mənim yazdığımı sitat gətirsinlər. Ancaq bir fərqlə: Ordubadinin nəql etdiyi dövrdə o məscidi ermənilər dağıtmışdı, amma indi öz ermənilərimiz dağıdır və ya nə bərpa edir, nə də təmirinə imkan vermirlər...

Tural İrfan
İlahiyyatçı-jurnalist
AYB, AJB - nin üzvü

Комментариев нет:

Отправить комментарий