Yüksək gərginlikli elektrik xətlərinin, neft və qaz kəmərlərinin
mühafizə zonasında tikilən evlərin sökülməsi ilə bağlı və o cümlədən tikilinin
sökülməsinə görə kompensasiyanın ödənilməsinin mümkünlüyü haqqında narahatedici vəziyyət və qeyri müəyyənlik
var. Həmin mühafizə zonalarında tikililərin daşınmaz əmlak kimi qeydiyyatı və
kommunal xidmətlərlə təchizatında da həllini gözləyən problemlər də mövcuddur.
Hazırda da bəzi sakinlər həmin mühafizə zonalarında tikilən evlərin sökülməsi təhlükəsi
ilə üz-üzə qalıb. Müvafiq təşkilatların həmin bir çox sakinlərə qarşı evlərinin
sökülməsi ilə bağlı iddia tələbləri məhkəmələrdə icraatdadır və bu məsələdə
Dövlət Neft Şirkəti (SOCAR) xüsusən fəallıq göstərir.
Vəziyyəti düzgün qiymətləndirmək üçün qeyd etmək lazımdır ki,
həmin mühafizə zonaları təşkilatlar tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müvafiq qərarları ilə müəyyən edilir. Məsələn, yüksək gərginlikli elektrik xətlərinin
mühafizə zonası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il
10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara görə xəttin
gücündən asılı olaraq 10 metrdən 30 metrədək məsafə,
ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonaları Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci 4 aprel il tarixli 129 nömrəli qərarı
ilə hər tərəfə 201 metr məsafə müəyyən edilmişdir.
Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri
Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 21 iyun 1999-cu il N-103 saylı qərarı ilə müəyyən edilmiş normalara
görə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə 50 metr, kənd
təsərrüfatı torpaqlarında xətt boyunca isə 25 metr mühafizə zonası,
çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar
kəmərlərin orta oxundan hər tərəfə 50 metr torpaq sahəsi mühafizə zonası müəyyən
edilib.
Əhalinin bilməli olduğu əsas məqam isə ondan ibarətdir ki, mühafizə zonalarına
səlahiyyət, sərəncam hüququ yerli icra hakimiyyət orqanlarına aid deyil, bu səlahiyyət
müvafiq təşkilatların və o cümlədən Dövlət Neft Şirkətinin və Azərbaycan Respublikası
Energetika Nazirliyinin səlahiyyətlərinə aiddir. Qısası, həmin mühafizə
zonalarında evlərin tikintisinə icazəni yerli icra hakimiyyəti verə bilməz. Belə
halla üzləşənlər isə bilməlidir ki, belə bir icazəni (həm şifahi və həm də
yazılı) icra hakimiyyəti qanunsuz vermişdir.
Yeri gəlmişkən, fərdi yaşayış evlərinin tikilməsi üçün icazə
tələb olunmur. Evlərin tikilməsi üçün 2015-ci
il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə
əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon
və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli
icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır.
Söhbət üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən torpaq sahəsindən
gedir.
O ki, qaldı həmin mühafizə zonalarında tikilən evlərin sökülməsi
məsələsinə qeyd edim ki, məsələ əhalinin yaşayış yeri ilə bağlı olduğu üçün
sözü gedən məsələnin həlli üçün yüksək səviyyədə qərar verilməlidir, çünki bu məsələ
təkcə hüquqla bağlı deyil. Sözsüz ki, göz qabağında olan qanun pozuntuları var
və həmin qanun pozuntularına görə sakinlərin həyatı da real təhlükə altındadır.
Məsələnin həlli əslində texniki zonaların, təhlükəsizlik zolaqlarının
boşaldılmasından keçir və təbii ki, bunun üçün də maraqlı qurumlar həmin ərazilərdə
qanunsuz tikilmiş evlərin sökülməsi üçün məhkəməyə müraciət etməlidir. Həmin təhlükəsizlik
zonasında qanunsuz tikililərin məhkəmə qərarı ilə sökülməsi üçün qanunla
kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. Ancaq bəllidir ki, həmin mühafizə
zonalarında fərdi evlərin tikilməsinə icazə verən ya da tikintiyə göz yuman vəzifəli
şəxs olub. Belə bir vəziyyətdə mühafizə zonasında tikilən həmin evin
sahibini təkcə günahlandırmaq düz deyil
və mövcud vəziyyətdən çıxış ancaq dövlətin müdaxiləsi ilə mümkündür.
Yaranmış vəziyyətdə dalana dirənmiş sakinin evinin sökülməsinə
görə kompensasiya məsələsinin həlli cinayət işi çərçivəsində “zərərçəkmiş” və
“mülki iddiaçı” qismində mülki qaydada
mümkündür. Təbii ki, şikayətçi tikintiyə icazə vermiş və ya tikintiyə şərait
yaratmış vəzifəli şəxsdən hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etməlidir.
Ancaq cinayət işinin açılması o halda mümkündür ki, mühafizə zonalarında
tikintiyə icazə vermiş və ya o tikintiyə göz yumuş vəzifəli şəxsin əməlində
cinayət faktı aşkar edilsin. Cinayət işi çərçivəsində vətəndaş “zərərçəkmiş” və
“mülki iddiaçı” kimi tanınır və bundan
sonra mülki iddiaçı kimi dəymiş ziyanın (kompensasiyanın) ödənilməsi cinayət məsuliyyətinə
cəlb edilmiş həmin o vəzifəli şəxsdən tələb edə bilər. Kompensasiyanın tələbi
inzibati məsuliyyətə cəlb edilmiş həmin o vəzifəli şəxsə qarşı da qaldırıla bilər.
Hər bir halda, müəyyən vasitələrlə mühafizə zonalarında fərdi
yaşayış evləri tikmiş sakinlərin mülkiyyətindən tam məhrum olma ehtimalı çox
yüksəkdir və praktika göstərir ki, böyük əksəriyyətdə də həmin sakinlərə
kompensasiyanın ödənilməsi təmin edilmir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
28.01.2022
Комментариев нет:
Отправить комментарий