Поиск по этому сайту

вторник, 2 ноября 2021 г.

Çingiz Abdullayev nə demək istəyir?

 


Azərbaycan müasir ədəbiyyatının parlaq simalarından olan Çingiz Abdullayev ən öndə gedənlərdən biridir. Sözsüz ki, dünya miqyasında, beynəlxalq arenada Çingiz Abdullayev öz mövqeyini bir isdedadlı azərbaycanlı yazar kimi təsdiqləyib.

Çingiz Abdullayevin 1-ci Qarabağ müharibəsinə dair çıxışı ilə bağlı narazılıqları görəndən sonra həmin çıxışa bir neçə dəfə baxdım, dinlədim və Çingiz Abdullayevi anlamağa, onun çıxışının mahiyyətinə varmağa çalışdım. Gəldiyim qənaətin doğruluğu üçün Çingiz Abdullayevin 1-ci Qarabağ müharibəsinə dair, erməni işğalına dair keçmiş çıxışlarını da izlədim.
Həqiqətən Çingiz Abdullayev torpaqlarımızın işğal dövründə və şanlı Qələbəmizlə başa çatan 44 günlük müharibənin gedişi zamanı Azərbaycanın haqq səsini dünyaya çatdıranlardan olub. Təkcə elə Rusiyada informasiya müharibəsində zəhməti, fəallığı çox yüksəkdir və Azərbaycan xalqı bunu unudan deyil.
Ancaq, fəqət Çingiz Abdullayevin 1-ci Qarabağ müharibəsinə aid dedikləri tam yanlış və heç bir əsası olmayan, göz qabağındakı tariximizi təkzib edən fikirdir.
-Əgər 1-ci Qarabağ müharibəsi olmayıbsa onda "Dağlıq Qarabağ" və ətraf 7 rayonumuz nə üçün işğalda idi?
-Əgər 1-ci Qarabağ müharibəsi olmayıbsa onda 1000000 qaçqın və məcburi köçkünlər hardan çıxmışdı?
-Əgər 1-ci Qarabağ müharibəsi olmayıbsa onda 10 minə yaxın şəhid, 100 minlərlə veteran və qazi hardandır?
-Əgər 1-ci Qarabağ müharibəsi olmayıbsa Şəhidlər Xiyabanda, Fəxri Xiyabanda dəfn olunanlar kimlərdir?
-Əgər 1-ci Qarabağ müharibəsi olmayıbsa onda Milli Qəhrəman adına layiq görünənlər kimlərdir?
İnanmaq istəyirəm ki, Çingiz Abdulayev belə demək istəməyib və inanmaq istəyirəm ki, Çingiz Abdullayev demək istəyib ki, o dövrdə gənc dövlət kimi ordumuzu yenicə qururduq və demək istəyib ki, biz erməni ilə yox professional rus ordusu ilə vuruşurduq.
Özümü inandırmağa məcbur edir və ümid edirəm ki, Çingiz Abdullayev tezliklə yayılmış sözlərinə aydınlıq gətirəcək.
Birdə ki, axı Çingiz Abdullayev "rus dilli" əhali kateqoriyasına aiddir, doğma dilini zəif bilir, bəlkə buna görə fikrini Azərbaycan dilində tam izah edə bilməyib.
Çingiz müəllim, biz sizin izahınızı gözləyirik...

Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi

Комментариев нет:

Отправить комментарий