44 günlük Vətən
müharibəsi iştirakçılarına, qazilərə qanunla
müəyyən edilmiş statusların və eləcə də “Müharibə veteranı” statusunun verilməsi gecikir. Bunun həm obyektiv həmdə
subyektiv səbəbləri var. Əvvəla qeyd
edim ki, döyüş əməliyyatlarında yarananlarla və döyüşdə iştirak edənlərə verilməli
olan statuslar bir-birindən tam fərqli statuslardır. Bilməliyik ki, “Müharibə veteranı” statusu hüquqi, yaralılara və əlillərə
verilən status isə sosial statusdur.
“Müharibə
veteranı” statusu Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Komissiyanın, əlilliklə
bağlı statusun verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir.
“Veteranlar
haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər
“Müharibə veteranı” sayılırlar. Ancaq Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin
siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının
iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı Nazirlər
Kabineti tərəfindən təsdiq edilir. Bu isə o deməkdir ki, Nazirlər Kabineti əgər
döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrləri təsdiq etmirsə həmin ərazilərdə
döyüş əməliyyatının keçirilməsindən asılı olmayaraq iştirakçılara müharibə
veteranı statusu verilmir. Məsələn 4 günlük Aprel döyüşləri, Naxçıvanda Günnük əməliyyatı
və sair kimi hərbi əməliyyatlar da Nazirlər Kabinetinin təsdiqindən sonra döyüş
gedən ərazilər hesab edilir.
“Müharibə
veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin
hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya
buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı
olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat
Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları
müvafiq komissiyaların rəyinə əsasən verilir.
O ki, qaldı “Müharibə veteranı” statusunun verilməsi
prosesinə və görülməkdə olan işlərə, qeyd edim ki, ləng görünsə də işlər
aparılır, hüquqi baza yaradılır, qüvvədə olan qanunvericiliyə dəyişikliklər
edilir, təkminləşdirilir.
2021-ci il
yanvarın 30-da Baş nazir Əli Əsədov Vətən müharibəsi iştirakçılarına “Müharibə
veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə
qərar imzalayıb. Komissiyanın sədri Baş nazirinin birinci müavini Yaqub Eyyubov
təyin edilib. 2021-ci
il aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Veteranlar
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qərar
verib.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron
informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada
aparır. Bu bazaya həm 1-ci Qarabağ və Vətən müharibəsində iştirak etmiş şəxslər
haqqında məlumatlar toplanır. Say etibarı ilə bu rəqəm çox böyükdür. Təkcə 1-ci
Qarabağ müharibəsində 10 min şəhid vermişik, iştirakçıların sayı isə 200 minə
yaxındır. Vətən müharibəsində isə təkcə təltif edilənlərin sayı 70 minə
yaxındır. Əlbəttə ki, bu işlər qısa zaman işi deyildir.
Parlamentin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət
Əsgərov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu,
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam
komissiyasının birgə iclasında gələn 2022-ci il dövlət büdcəsi zərfinə daxil
olan sənədlərin müzakirəsi zamanı “Hərbi qulluqçuların statusu haqqında” qanun
qəbul olunacağını deyib. Göründüyü kimi, Vətən müharibəsi iştirakçılarına
müvafiq statusların eləcə də veteran statusunun verilməsinə dair işlər hüquqi
bazanın təkmilləşdirilməsi, dəyişikliklərin edilməsi, informasiya bazasının yardılması
obyektiv səbəb kimi gecikmələrə səbəb olub.
Prosesin
gecikməsinə səbəb olan digər amillərin olduğu da ehtimal edilir. Bir sıra
ekspertlər qeyd edirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maliyyə
məsələlərinə görə veteran statuslarının verilməsinin gecikdirilməsində maraqlıdır.
Müharibə əlillərinə dərəcələrin verilməsində aşkar problemlərin mövcudluğu ,
artıq təyin olunmuş əlillik dərəcələrinin isə ləğv edilməsi həqiqətən də ƏƏSMN-nin Vətən müharibəsi iştirakçılarına
veteran statusunun verilməsinin gecikməsində
maraqlı olması ehtimalını gücləndirir. Sual oluna bilər ki, “Müharibə veteranı”
statusun verilməsi ƏƏSMN-nin səlahiyyətinə
aid deyil axı? Məsələ ondadır ki,
2021-ci il
yanvarın 30-da Baş nazir Əli Əsədov Vətən müharibəsi iştirakçılarına “Müharibə
veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə
qərar imzalayıb və həmin Komissiyada bütün güc strukturları, xüsusi xidmət
orqanları ilə yanaşı ƏƏSMN-də təmsil olunur.
Veteranların, hərbiçilərin təqaüdlərinin,
məvaciblərinin artırılması məsələsinə gəldikdə , əvvəla qeyd edim ki, qüvvədə olan
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən
Azərbaycan dövləti müharibə veteranlarına əmək haqqının minimum səviyyəsindən
az olmayan dolanacağa təminat verir. Ölkəmizdə minimum əmək haqqı 250 manat
olduğu halda veteran təqaüdünün məbləği 80 manatdır. Sözsüz ki, bu uyğunsuzluq
aradan qaldırılmalıdır.
Bildiyimiz
kimi, 16.10.2021-ci Prezident İlham Əliyev “Əhalinin
sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam
imzalayıb və həmin sərəncama əsasən, Nazirlər Kabineti əmək haqlarının, əmək
pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin
məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan
Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks
etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etməlidir. Qısası 2022-ci ildən qeyd edilmiş kateqoriyalarla yanaşı “Müharibə
veteranı” təqüdünün də məbləğinin artırılması gözlənilir.
Hərbi
qulluqçuların da maaşlarının artırılması nəzərdə tutulub. Bunu Maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə,
İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin
və İntizam komissiyasının birgə iclasında gələn 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin
müzakirəsi zamanı deyib.
Yeri gəlmişkən,
hal-hazırda təklif olunan 2022-ci il dövlət büdcəsi son dövrün ən böyük büdcəsidir. 2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci
ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974
milyon manat məbləğində proqnozlaşdırılmışdır. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi
və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi
ilə müqayisədə 10,5 faizlik artım planlaşdırılır. Dövlət büdcəsi xərclərinin
funksional təsnifat üzrə strukturunda müdafiə və milli təhlükəsizlik 15,5 %,
sosial müdafiə və sosial təminatı isə
12,4 % xərclər nəzərdə tutulur.
Odur ki, cənab
Prezidentin tapşırıqları və müvafiq Sərəncamına əsasən müharibə
iştirakçılarının, hərbçilərin sosial
problemlərinin həllində əsaslı addımların atılacağı gözlənilir.
Vüqar
Dadaşov
MCP SŞ-nın
üzvü, hüquqşünas, Qarabağ qazisi