İran və 4+1 ölkələri Vyana müzakirələrində ümumi razılığa gəlib. Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib.
O bildirib ki, sazişin mətni hazırdır, digər məsələ ABŞ-ın cavabından asılıdır.
"ABŞ-ın qərarı Vyanada sazişin rahatlıqla imzalanmasına gətirib çıxara bilər. Vyana müzakirələrinin koordinatoru Enrike Moranın Tehrana səfəri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Avropa İttifaqının Xarici Əlaqәlәr vә Tәhlükәsizlik Siyasәti üzrә Ali Nümayәndәsi Cozef Borrel ilə telefon danışığından sonra baş tutub. Tehranda nümayəndələrin görüşüb müzakirə aparması zərurəti var idi", - deyə XİN sözçüsü qeyd edib.
Sazişin mətninə ABŞ - ın cavabı necə ola bilər?
Politoloq Vüqar Dadaşov“Xalq Cəbhəsi”nə verdiyi açıqlamasında deyib ki, İran və 4+1 ölkələri arasında Vyana görqşündə razılığın əldə olunacağı gözlənilən idi. Ümumən dünyada baş verən siyasi proseslər bunu şərtləndirir. Müsbət nəticənin əldə olunmasına İran da, Qərb də maraqlı durumdadır: “Sözsüz ki, ABŞ da İranla razılaşmanın maraqlı tərəfidir hərçənd ki, müəyyən monipulyasiv siyasi gedişlər etməklə daha çox xeyir əldə etmək istəyir. İlkin vəziyyətdə, İranın Qərblə razılaşmada maraqları bəllidir, ancaq Rusiya-Ukrayna, daha doğrusu, Rusiya-Qərb müharibəsindən sonra İran Qərbin hədəfinə tuş gəlmək istəmir. İran nə qədər aqressiv danışsa da Rusiya nümunəsi onu çox düşündürür və narahat edir. Belə ki, hərbi baxımdan Rusiyadan qat-qat zəif İran Qərbin müasir hərbi gücü qarşısında zəlil vəzyyətdə olduğunu Rusiya timsalından yaxşı anlayıb və ABŞ-ın tələblərinə boyun əyəcəyi özünün həyatı xilası kimi görünür. Yenə də qeyd edim, İranın arabir aqressiv, militarist çıxışlarının heç bir ağırlığı yoxdur və təbii refleks şəklində adi haldır. Bu birinci məqam. Bəllidir ki, Rusiya İran ilə strateji əməkdaşlıq münasibətindədir və beynəlxalq məsələlərdə adətən eyni mövqedən çıxış edirlər. Hazırda Qərbin, ABŞ-ın hədəfində Rusiya olduğu üçün və son dərəcə iqtisadi, hərbi təzyiqlər qarşısında Rusiyanın slxışdırıldığı bir vaxtda onun ümid yerlərindən biri kimi tanınan İranın Rusiyadan uzaqlaçdırılması vacib şərtdir”.
V.Dadaşov digər olduqca vacib məsələnin isə Avropanın enerji təhlükəsizliyi məsələsi olduğunu deyib. Hansı ki, Avropa Rusiya enerji daşıyıcılarından asılı vəziyyətdədir və Rusiya-Ukrayna (Qərb) müharibəsi fonunda Rusiya neft və qazından imtina məqsəd olaraq qarşıya qoyulub: “İran isə Xəzəryanı dövlətlərlə birlikdə bu məsələdə Avropanın qaz və neftlə təminatında mühüm rol oynaya bilər. Bəllidir ki, Avropanın Rusiya enerji daşıyıcılarından və əsasən də qazdan imtina etməsi ideyası ABŞ-a məxsusdur. Deməli, Avropanın alternativ enerji təhcizatı da ABŞ-ın məsuliyyət dairəsinə aiddir. Bu baxımdan, İranın Avropanın alternativ enerji təchizatında iştirakına müvəqqəti olsa da ehtiyac yaranıb. Nəzərə alsaq ki, mövcud Rusiya ilə Avropa arasında enerji təminat infrastrukturun qısa zamanda dəyişməsi elə də asan məsələ deyil və Qərbin qoyduğu məqsədə isə ən qısa yol və tez çatdırma Xəzəryanı dövlətlərdən və Azərbaycanın sahib olduğu beynəlxalq enerji xətləri ilə İranın da bu məsələdə aktiv iştirakı mümkün variantlardan biridir. Odur ki, İndiki mərhələdə ABŞ İranla razılaşmanın əldə olunmasına və müvafiq sazişin imzalanmasına yaşıl işıq yandıra bilər”.
Комментариев нет:
Отправить комментарий