Поиск по этому сайту

вторник, 17 августа 2021 г.

Taliban-ın açdığı ikinci cəbhə... Türkiyənin və Azərbaycanın böyük tarixi şansı

 


Taliban-ın bütün Əfqanıstanı nəzarətə götürməsi və onun Əfqanıstanda hakimiyyətə yiyələnməsi əslində Əfqanıstanda ikitirəli hakimiyyət dövrünün sonu, bütöv Əfqanıstanın vahid hakimiyyət tərəfindən idarə olunmasının bərpası deməkdir. Zatən, Taliban təzə hakimiyyətə gəlməyib, Taliban ABŞ və NATO işğalından sonra faktiki olaraq iki hissəyə bölünmüş Əfqanıstanın müəyyən əraziləri üzərində bu günə kimi nəzarətini və hakimiyyətini qoruya saxlaya bilmişdi. Taliban Əfqanıstanda hakimiyyətdən getməmişdi, ABŞ və onun müttəfiqləri tərəfindən işğal olunmuş ölkənin yarısına nəzarəti itirmişdi. Odur ki, Taliban bütün Əfqanıstan üzərində vahid hakimiyyətini bərpa edib.

Təbii ki, Taliban kimi radikal dini təşkilatın Əfqanıstanda hakimiyyətə bu asanlıqla yiyələnməsi böyük siyasi oyunun tərkib hissəsi kimi, əldə etdiyi hakimiyyəti müqabilində götürdüyü öhdəliyi, onun üçün müəyyən edilmiş hədəf və məqsədləri həyata keçirməli və reallaşdırmalıdır.   Taliban-ın hakimiyyətə gətirilməsi ABŞ, Böyük Britaniya və Türkiyə arasında  razılaşdırılmış  planı üzrə həyata keçirilib. Proseslərin analizi və Taliban-ın ilkin açıqlamaları  onun  bu üç ölkəyə müəyyən dövr üçün müttəfiq kimi davranacağını  göstərir. Dünya nizamını dəyişə biləcək Əfqanıstanda  gedən proseslər Rusiya və İran üçün  ən xoşa gəlməz və təhlükəli nəticələr vəd edir. Rusiyanın Talibanla bağlı qarışıq açıqlamaları, Rusiya Təhlükəsizlik Şurasının  təcili iclasları və Talibanın rəsmisinin Rusiya haqqında söylədikləri göstərir ki, Talibanın regionda əldə etdiyi tam hakimiyyəti müqabilində əsas öhdəliyi Rusiya üçün cəhənnəm yaratmaqdan ibarətdir.  

O ki, qaldı Taliban və Pakistan münasibətlərinə, əvvəla qeyd etmək lazımdır ki, ümumiyyətlə Taliban hərəkatının yaradılması, Əfqanıstanda hakimiyyətə gətirilməsi, ABŞ və NATO-nun Əfqanıstanı işğal etdikdən sonra Talibanın Əfqanıstanın müəyyən ərazilərində indiyə qədər dura bilməsi bilavasitə Pakistanla bağlı olan prosesdir. Hətta Talibanı ikinci Pakistan belə adlandırırlar. Pakistan isə Azərbaycan və Türkiyənin ən etibarlı müttəfiqidir. Azərbaycanın qələbə ilə başa vurduğu 44 günlük müharibədə Türkiyə və Pakistan öz müttəfiqliyinin ən yüksək səviyyəsini göstərdi. Pakistan hətta bu günə kimi Azərbaycana ərazi iddiası ilə çıxış edən Ermənistanı dövlət kimi  tanımayıb. Talibanın Əfqanıstanda tam hakimiyyətə yiyələnməsində təbii ki, ABŞ-ın ən etibarlı müttəfiqi kimi Pakistanın xidməti çox böyükdür. Pakistanın isə Azərbaycan və Türk sevgisi tarixə bağlı xalqın daxili hissidir və ruhən həmişə türk etnosunun yanında olub və dövlət kimi də siyasətini məhz bu sevgi üzərində qurub. Odur ki, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi Azərbaycan və Türkiyə üçün ikinci Pakistan qazanmaq deməkdir.          

Tarixin elə bir dönəmində yaşayırıq ki, Azərbaycan üçün, Türk dünyası üçün yeni, çox əlverişli siyasi dövr başlayıb. Tarixi şansımızdan tam istifadə etməklə publik səsləndirilməsi məqbul sayılmayan hədəflərimizi tam reallaşdıra bilərik. Onsuzda dünyanın bölünməsi baş tutub və bu bölünmədə Türk dünyası, ingilislər, yəhudilər bir tərəfin ön sırasında olanlardır.
Türk qanına susamış İranın aqibəti Rusiyadan da daha acınacaqlı olacaq. İstər-istəməz Talibanla üzə-üzə gələcək İran ətrafında halqa daha da daralacaq və İranın indiki sərhədləri daxilidə mövcudluğuna böyük təhlükələr daimi hərəkətdə olacaq.                            

 Talibanla diplomatik, siyasi əlaqələrimiz qurulmalı  hərçənd ki, qeyri rəsmi olsa da Türkiyə artıq bu prosesləri idarə edir. Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa bəyanatı bu qənaətimizə əsas verir çünki, həmin Bəyanata əsasən Türkiyə və Azərbaycanın Təhlükəsizlik Şurasının əlaqəli fəaliyyət göstərir. Bu baxımdan Türkiyə və Azərbaycan arasında Taliban barəsində ümumi qərarın olduğu şübhəsizdir. Təbii ki, Talibanın yaradığı vəziyyət Rusiya və İran üçün real üzücü, süründürücü hərbi qarşıdurma şəraiti yaradır. Faktiki olaraq Taliban Rusiya və İran qarşı ikinci cəbhə açmaqla bu dövlətlərin hərbi və iqtisadi gücünü parçalamış olur. Yaxın Şərqdə və eləcədə Asiyada konfliktlərə və hərbi qarşıdurmaya cəlb edilən Rusiya və İranın siyasi manevr imkanları da məhdudlaşır.  Əfqanıstanda Talibanın tam hakimiyyətə yiyələnməsindən sonra Rusiyanın patronajında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan müsəlman ölkələrində vəziyyət Rusiyanı daimi “foksda” olmağa məcbur edəcək. Əks təqdirdə Rusiya Orta Asiya dövlətlərində hərbi mövcudluğunu itirə və onsuz da formal KTMK-nı daha əhəmiyyətsiz hala salmış olar. Nəticədə Rusiya özü üçün keçmiş SSRİ respublikalarından yaratdığı “bufer” zonasından məhrum olar və bir başa öz sərhədlərində təhlükə ilə üz-üzə qalar. Odur ki, Rusiyaya qarşı açılmış ikinci cənub cəbhəsi ən real və qorxulu ssenaridir və buna görə də Rusiya bütün hərbi və iqtisadi gücü bu istiqamətə sərf etmək məcburiyyətindədir. Yaranmış şərait  Türkiyə və Azərbaycan üçün olduqca əlverişli şərait və imkanlar yaradır hansı ki, daha böyük hədəflərimizi reallaşdıra bilərik.

Vüqar Dadaşov


Комментариев нет:

Отправить комментарий