Поиск по этому сайту

пятница, 10 сентября 2021 г.

Rusiyanın Azərbaycana qarşı Kosobokov gedişi



Azərbaycanda, Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının statusu və mandatı ilə bağlı bir-birinə təzadlı fikirlərin səsləndirilməsi və proseslərin gedişi onu göstərir ki, rus sülhməramlıların mandatı və statusu ilə bağlı Rusiya və Azərbaycan arasında kəskin fikir ayrılığı var. Rusiya üçün sülhməramlıların statusunun rəsmiləşməsi onun Azərbaycana qarşı siyasətində müəyyən edici istiqamətdir. Bu baxımdan, indiki vəziyyət Rusiyanın Azərbaycana qarşı post müharibə dövrü üçün siyasi kursunda qeyri müəyyənlik yaradır. (Ümumən isə bəllidir ki, Rusiya Azərbaycana qarşı ənənəvi işğalçılıq, imperialist siyasətindən əl çəkən deyil).
Rusiya bütün mümkün vasitələrdən istifadə etməklə Azərbaycana qarşı şantaj, hədə-qorxu, psixoloji, siyasi-diplomatik və hətta hərbi təzyiqlərdən istifadə edir ki, rus ordusunun Azərbaycan ərazisində uzunmüddətli mövcudluğunu təmin edə bilsin. Tolstoy, Zatulin, Jirinovski və sair bu kimi adamların Azərbaycana qarşı təhdid dolu çıxışları Kremlin öz istəyi ilə baş verir. 05.09.2021-ci il tarixdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə "müəyyən müzakirələr hələ davam edir". Hikmət Hacıyevin "müəyyən müzakirələr hələ davam edir" kəlməsi onu göstərir ki, Rusiya və Azərbaycan arasında rus sülhməramlıların statusu ilə bağlı danışıqlar aparılmır sadəcə müəyyən müzakirələr var və özü də intensiv xarakterli deyil. Rusiya Azərbaycan ilə rus sülhməramlıların statusu ilə bağlı məzmunlu danışıqların başlanmasına belə nail ola bilməyib. Rus sülhməramlılarının Azərbaycanda, məsuliyyət zonasında hərbi təlimləri kimi təzyiqləri də neytrallaşdırılır. Azərbaycan-Türkiyə ordularının Laçın rayonunda birgə təlimlərə rus sülhməramlıların keçirdiyi hərbi təlimlərdən bir gün sonra başlaması sözsüz ki, ruslara və ermənilərə açıq mesajdır. Qarabağda atəşkəsin requliyar pozulmasında da rus sülhməramlılarının özünün iştirakı barədə inandırıcı fikir və rəylər var. Azərbaycanda rus sülhməramlıların məsuliyyət zonasında və eləcə də Ermənistan-Azərbaycan sərhədində Azərbaycan ordusu avtomobil yollarının müəyyən vaxta bağlamaqla ərazidə kimin söz sahibi olduğunu göstərir.
Sözsüz ki, Rusiya yaranmış vəziyyətdən çox qıcıqlanır və narahatdır. Azərbaycanda Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlıların sabiq komandanı general Rüstəm Muradovun general Mixail Kosbokov ilə əvəz edilməsi indiki halda Rusiyanın Azərbaycana qarşı ən yüksək hərbi xarakterli siyasi-diplomatik və psixi təzyiqidir. Belə ki, rus generalı Mixail Kosabokov ənənəvi rus işğalçı siyasətinin mahir icraçısıdır və post sovet məkanında özünəməxsus imicə malikdir. Ukrayna Şərqinin Rusiya tərəfindən işğalında, separatçıların dəstəklənməsində xüsusi xidməti var və hansı ki, Ukrayna hüquq-mühafizə orqanları tərəfindən barəsində cinayət işi də açılıb. Bu Mixail Kosobokov həmin Kosobokovdur ki, Rusiya tərəfindən işğal olunmuş Gürcüstanın Abxaziyasında rus hərbi bazasının komandanı olub. Görünən odur ki, Rusiya açıqcasına Azərbaycana mesaj verir ki, Abxaziya ssenarisi Azərbaycanın da başına gələ bilər.
Qeyd edək ki, general Rüstəm Muradovun general Aleksey Avdeyevlə əvəz olunacağı gözlənilirdi və hətta general Avdeyevin Azərbaycanda müvəqqəti yerləşmiş rus sülhməramlılarının komandanı vəzifəsinə təyin olunacağı barədə məlumatı rus mətbuatı da yayımlamışdı. Rusiyanın general Avdeyebdən imtina etməsi və Kosobokovun bu vəzifəyə təyin edilməsinin, Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 general təyin edilməsi fonunda artıq Rusiya Azərbaycan arasında gərginliyin yeni səhifəyə keçidinin göstəricisidir. Kosobikov şəxsinin bu vəzifəyə təyin edilməsi sözsüz ki, Azərbaycana qarşı bir başa şantaj, təzyiq və psixoloji hücumdur və hansı ki, gücündən əsər-əlamət qalmayan post sovet respublikalarına qarşı daima eyni ssenari ilə çıxış edən Rusiyasının ehtiyat işğalçılıq planın mövcudluğuna işarədir.
Məlumdur ki, Rusiya hər vasitə ilə Azərbaycanda rus sülhməramlılarının bölgədə uzunmüddətli qalmasını təmin etməyə çalışır. Abxaziya ssenarisinin Azərbaycan üçün keçərli olacağına Rusiya özü də inanmır və bilir ki, Azərbaycan Moldova, Ukraynaya və Gürcüstan kimi praktik tək deyil, onun Türkiyə kimi, Pakistan kimi, Böyük Britaniya kimi real müttəfiqi və dəstəyi var. Ən əsası isə Rusiyaya bəllidir ki, Azərbaycanın güclü dövləti, Qalib Ordusu, Avropa xalqları içində ən yüksək döyüşmək əzmi və ruhu olan xalqı var. Rusiya onu da bilir ki, Azərbaycan 44 günlük müharibədə erməni sifəti ilə rus ordusunu, rus texnikasını, rus hərbi nüfuzunu məhv edib.
Odur ki, Rusiyanın ordusunun hər hansı bir adla Azərbaycan ərazisində üzün müddətə qalacağı qeyri realdır və onu da qeyd etmək lazımdır ki, Azərbaycan rus ordusunun öz ərazisindən çıxarmaq üçün 1992-ci, 2013-cü illər təcrübəsinə malikdir.
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi

Комментариев нет:

Отправить комментарий