Azərbaycan Respublikasının Prezidenti İ.H. Əliyev, Ermənistan Respublikasının baş naziri N.V. Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V. Putinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları Azərbaycan Respublikasının Ermənistan Respublikası üzərində qələbəsini fiksasiya edən Bəyanat 9 bəndən ibarətdir. Həmin Bəyanatın
3-cü
bəndində “Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya
Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli
texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti
yerləşdirilir.” göstərilmişdir. Göründüyü kimi, həmin bəyanatda Rusiya
sülhməramlıları Qarabağda ağır hərbi texnikadan məsələn, tankdan, qraddan və
hərbi aviasiyadan istifadə edə biləcəyi qeyd edilməmişdir. Buna baxmayaraq,
Rusiya sülhməramlıları Qarabağda tankdan və hərbi aviasiyadan istifadə edir.
Bu, həmin Bəyanatın şərtlərinin pozulmasıdır, ya yox?
Qarabağda
sülhməramlılar missiyasında Türkiyənin də iştirakının mümkünlüyü barədə Rusiya
Prezidentinin sözçüsü Peskovun və Türkiyə müdafiə naziri Akarın verdiyi
açıqlama, dünən Rusiya və Türkiyə arasında imzalanmış razılaşma, bu gün Rusiya
nümayəndə heyətinin Ankaraya səfəri və Qarabağda bu dövlətlərin hərbiçilərin fəaliyyət
planının müzakirəsi onu deməyə əsas verir ki, məlum 10.11.2020-ci tarixli
Bəyanatdan əlavə razılaşmalar mövcuddur. Ölkə Prezidenti Cənab İlham Əliyevin
və Türkiyə Prezidenti Ərdoğanın Qarabağla bağlı açıqlamaları onu göstərir ki,
Cənubi Qafqazda ümumi siyasi vəziyyətə görə məzmunu tam açıqlanmayan, ancaq
ölkəmizin maraqlarına uyğun razılaşmalar var. Düşünürəm ki, Azərbaycan etibarlı
tərəfdaş kimi, qarşılıqlı olaraq Rusiyanın Cənubi Qafqaz maraqlarını nəzərə
alıb, həmin Bəyanatda bəzi halların məsələn Türkiyənin sülhməramlılar
missiyasında iştirakının qeyd edilməməsinə israr etməmişdir. Əgər belə bir
razılaşma Bəyanatda qeyd edilsəydi, Rusiyanın Ermənistanda yerləşdirdiyi hərbi
bazanın aqibəti necə olardı? Yaxud bundan sonra Ermənistan Rusiyanın orbitində
qalacaqdımı?
Başqa
bir məqamı da qeyd edim ki, Türkiyə-Rusiya əməkdaşlığını qısqanclıqla qəbul
edən və əsasız olaraq Türkiyəni ermənilərə qarsı 1915-ci ildə hadisələrinə görə
günahlandıran bəzi qərb dövlətləri, ermənilərə qarşı duran Türk ordusuna necə
qiymət verərdilər? Yaxud, bu halda belə bir Bəyanatı beynəlxalq təşkilatlar
dəstəkləyərdilərmi?
Fikrimcə,
ona görə də Bəyanatda bu və ya digər sualları doğura bilən hallar qeyd
edilməmişdir.
Sözsüz
ki, Azərbaycanın Ermənistan işğalçı qüvvələri üzərindəki qələbəsindən Rusiya
artıqlaması ilə faydalanıb. Ancaq, Rusiya siyasi və hərbi rəhbərliyinin
canfəşanlığı onu göstərir ki, Rusiyanın daha böyük iştahası var və Azərbaycana
da Moldovaya, Gürcüstana, Ukraynaya yeritdiyi sülhməralıların fəaliyyət
dairəsindən baxır.
Ümumiyyətlə,
Bəyanatda qeyd edilməmiş məsələlərin həllində çətinlik, Rusiyaya edilən
etibarımıza göstərəcəyi münasibətindən asılıdır, hər-bir halda məsələlərin
həlli hər mənada gücümüz daxilindədir və biz bunu artıq əminliklə deyə bilərik.
Bəli, Rusiya keçmiş SSRİ ərazisindəki ölkələri 90-cı illərin arşını ilə
ölçməkdə davam edir. Ancaq, meydan həmin meydan olsa da, artıq oyunçularda,
zamanda başqadır.
Biz
Qalib Xalqıq və Qalib Xalq kimi qələbəmizi diplomatik qaydada da davam
etdirəcəyik.
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi