Gündəmi zəbt etmiş əksər tanınmış şəxslərin, siyasətçilərin, həkimlərin əsas tövsiyyələrlə yəni, qoruyucu maskalardan istifadə, sosial məsafə, özünü təcrid və gigiyenik qaydalara əməl edilməsinə dair çağırışlarına əhalinin laqeyd münasibətini aradan qaldırmaq üçün, tətbiq edilən inzibati üsullar lazımı effekti verə bilməz. Sözsüz ki, bu kimi tələblərə əməl olunmalıdır. Ancaq, məsələni inzibati yolla həll etmək mümkün deyil, məsələnin kökündə Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyətsizliyinin nəticəsi kimi mövcud “inamsızlıq” yaranıb və durur.
Fikrimcə ilk növbədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə TƏBİB arasında liderlik uğrunda mübarizəyə və ikitirəliyə son verilməlidi və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Səhiyyə Nazirliyi ölkə üzərində bir başa əhalinin sağlamlığına cavabdeh icra edici hakimiyyət orqanı kimi, yaranmış vəziyyətə məsuliyyətlidir və başqa təşkilatlar kimi, TƏBİB-də Səhiyyə Nazirliyinin tabeliyində və nəzarətində fəaliyyət göstərməlidir. Əsl həqiqətdə də TƏBİB-ə əhalinin sağlamlığının təhlükəli bir dövründə və ümumiyyətlə belə bir məsuliyyətli funksiyanı həvalə etmək yanlışlıqdır. Əhalinin çağırışlara inamsızlığının əsas səbəbini məhz bunda görürəm.
İkinci bir məqamda odur ki, özünü tədric və sosial məsafə məsələsinin uğursuz tətbiqinin əsas səbəbləri, əhalinin daimi gəlir yerinin daha doğrusu, işsiz şəxslərin saylarının çox olması müqabilində əhalinin dolanışığının təmin edilməməsidir. Kim istəməz ki, evdə otursun, ailəsi ilə xoş günlər keçirsin-sözsüz ki, əgər müəyyən dərəcədə karantin rejiminə uyğun olaraq ailələrin minimum səviyyədə dolanışığı təmin edilərsə. Etiraf edək ki, bu karantin dövründə əhalinin gəliri nəzərə çarpacaq dərəcədə azaldığından işsizlərin küçələrə axını ancaq, çörək üçün qazanc dalınca çıxanlardı. Odur ki, həqiqətən əgər, bu COVİD-19-la effektli mübarizə aparmaq istəyiriksə heç olmasa az təminatlı ailələrin və rəsmi gəlirləri ehtiyac meyarından aşağı olanların minimum dolanışığı təmin edilməlidir ki, əhalinin karantin rejimini pozmağa əsası və o cümlədən bəhanəsi olmasın.
Üçüncü bir məqamda odur ki, dəfələrlə bu haqda deyilsə də, yazılsa da, tibbi qoruyucu maska və digər gigiyenik vasitələrinin bahalığıdır. Pandemiya dövrünə qədər ölkəmizdə qoruyucu maskaların qiyməti 8-10 qəpik arasında idi və demək olar ki, bu vasitə ilə təchizat xarici ölkələrin hesabına təmin edilirdi. Cənab Prezidentimiz İlham Əliyevin bir baha tapşırığı ilə Sumqayıt şəhərində tibbi qoruyucu maskaların istehsalına başlanılıb. Ancaq ki, işbazlar ən ucuz maskanı 30 qəpikdən aşağı satmırlar.
Qısa və konkret olaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığına faktiki məsuliyyətli icra edici orqan olaraq fəaliyyət göstərməli, Qərargahdan işbazlar, səriştəsizlər uzaqlaşdırılmalıdır, əhalinin karantin rejiminə riayət etməyi üçün onların minimum maddi və ərzaq təminatı aparılmalı, gigiyenik vasitələrlə təmin edilməlidir. Bu halda istənilən nəticəni əldə etmək mümkündür.
TƏBİB isə, ümumi və gündəlik statistikanın reqresiv olmasına baxmayaraq nə işində dönüş yarada bilmir nədə, bacarıqsızlığını etiraf edərək mahiyyət dəyişikliyinə getmir... Görünən odur ki, TƏBİB inadından yapışıb bacarıqsızlığını boynuna almır ki, efektsiz və xeyirsiz bir qurum kimi, ölkə üzrə ümumi fəaliyyətinə son verilər və ləğv edilər. Ancaq, bu TƏBİB-in "inadı" xalqımızın və dövlətimizin milli təhlükəsizliyinə təhdid yaradır, TƏBİB bunu görmürmü və ya görmək istəmir?! Sadəcə, TƏBİB yaranmış vəziyyətə bir "dahada varlanmaq" şansı kimi baxır və yaxşı gəlirdən könüllü imtina etməyəcək. Əhalinin sağlamlığının risk altına alaraq TƏBİB bu yarıtmaz fəaliyyətini davam etdirəcək?! TƏBİB, nə istəyirsən bizdən?! Bəs deyilmi?! Yetmədimi?!
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ Qazisi, Azərbaycan Jurnalistlər Birliyinin, Respublika Ziyalılar Klubunun İH-nin üzvü, publisist.
SNN NEWS-Haber